Naxçıvanda 28 May – Müstəqillik Günü qeyd edilib

Mayın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etmiş, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilmişdir. Qeyd olunmuşdur ki, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görmüş, tarixi-mədəni irsə və milli soykökə qayıdışın əsasını qoymuş, milli kadr hazırlığına başlanılmış, iqtisadi potensial formalaşdırılmışdır. Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər isə dövlət müstəqilliyi üçün konkret tədbirlərin görüldüyü, mühüm tarixi qərarların qəbul edildiyi dövrdür. Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə – ölkədə müstəqillik elan olunmamışdan bir il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüşdür. Bunun ardınca Sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, ilk milli sərhəd dəstəsi və ordu qurumu yaradılmış, kommunist partiyasının fəaliyyəti dayandırılmış, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin təminatı olan Yeni Azərbaycan Partiyası təsis olunmuş, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulmuş, ən əsası isə Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar  1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməmişdi.

Ümummilli liderimiz deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Bildirilmişdir ki, ulu öndər Naxçıvanda bu tədbirləri həyata keçirərkən ölkəmizdə bunun əksinə olaraq ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr hökm sürür, torpaqlarımız işğal olunurdu. Belə bir dövrdə  – 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycanı Milli Qurtuluşa qovuşdurmuş, ölkə işğaldan, müstəqilliyimiz isə itirilmək təhlükəsindən xilas edilmişdir. 2003-cü ildən etibarən ölkə Prezidenti ulu öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabit­liyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi müstəqillik tariximizin ən möhtəşəm nailiyyəti, ümummilli lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 69, kənd təsərrüfatı məhsulları 15, sənaye istehsalının həcmi 117 dəfə artmış, 100 minə yaxın yeni iş yerləri açılmış, yaşayış məntəqələri böyümüş, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranmışdır. Tikinti-quruculuq işləri geniş vüsət almış, 233 elm və təhsil ocağı, 364 mədəniyyət, 252 səhiyyə, 29 idman obyekti, 353 inzibati bina, 1346 istehsal və xidmət sahəsi tikilmiş, 1112 müxtəlif təyinatlı obyekt yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilmişdir. İsmayıl Hacıyev çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bu gün Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ulu öndərin siyasi xəttindən keçir” fikirləri ilə tamamlamışdır.

Sonra Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin konserti başlamışdır.

Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovun dirijorluğu ilə keçirilən konsertdə görkəmli bəstəkarlardan Üzeyir Hacı­bəyovun, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun, Ramiz Mirişlinin, Asəf Zeynallının, Eldar Mansurovun və digərlərinin əsərləri, eləcə də xalq mahnıları ifa olunmuşdur. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın və Mübariz Əsgərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynovanın və Azər Cəfərovun, tələbələrdən İsrafil Qibləliyevin çıxışları, eləcə də konservatoriyanın yallı qrupunun ifasında “Köçəri” yallısı alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin üzvləri ilə görüşmüş, onlara uğurlu konsert proqramına görə təşəkkür etmiş, Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq demişdir: Simfonik orkestrin üzvləri müstəqillik dövrünün yetirmələridir. Konsert 1995-2000-ci illəri xatırlatdı. Naxçıvanda həmin dövrdə musiqi məktəblərinin fəaliyyəti və musiqi tədrisi tələb olunan səviyyədə deyildi. Ona görə də bu sahədə işlərə başlanıldı. Naxçıvan Dövlət Universitetində konservatoriya yaradıldı, musiqi təhsili sahəsində mühüm işlər görüldü. Nəticədə, Naxçıvan Dövlət Universitetinin və tabeliyinə verilən Musiqi Kollecinin birgə simfonik orkestri yarandı.

“Mədəniyyət hər bir ölkənin inkişafının göstəricisidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, musiqi kollektivləri də mədəniyyətin daşıyıcıları olaraq ölkəmizi musiqi və mədəniyyət sahəsində təmsil edir, tanıdırlar. Ona görə simfonik orkestrin bugünkü çıxışı onu deməyə əsas verir ki, kollektiv qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəkdir.

Ali Məclisin Sədri bütün bunların yaradılan şəraitdən səmərəli istifadə nəticəsində mümkün olduğunu bildirmiş, kollektivə uğurlar arzulamışdır.

Miniatür Kitab Muzeyi və Naxçıvan Dövlət Rəsm Qalereyası yenidən qurulub

Həmin gün Ali Məclisin Sədri Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına baxmışdır.

Bildirilmişdir ki, Miniatür Kitab Muzeyində 1025 miniatür kitab, foto və diplomlar nümayiş etdirilir. Muzeydə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətlərini əks etdirən, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində mühüm tarixi hadisələr haqqında kitablar yer alır.

Ali Məclisin Sədri miniatür kitabların çapı barədə tapşırıqlar vermişdir.

Ali Məclisin Sədri Naxçıvan Dövlət Rəsm Qalereyasındakı əsərlərə də baxmışdır.

Məlumat verilmişdir ki, qalereyada yerli və xarici rəssamların 59 rəsm əsəri sərgilənir. Ekspozisiya zalında natürmort, portret, peyzaj, qrafika, abstrakt və digər janrlarda çəkilmiş əsərlər  nümayiş olunur. Xalq rəssamlarından Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Hüseyn Əliyevin,  Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun və digərlərinin əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini əks etdirir.

Ali Məclisin Sədri qalereyanın yeni əsərlərlə zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti