Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib

İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.

1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin  icrasının təsdiq edilməsi

3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin etmişdir. Hazırda Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250, Çeşməbasar, Güznüt kəndləri ərazisində isə 240 hektar sahədə qapalı suvarma və kollektor drenaj şəbəkəsinin tikintisi davam etdirilir. Bu işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisinə başlanılmışdır. Muxtar respublikada süni mayalanma işi diqqətdə saxlanılmış, cari ilin ötən dövründə 5897 baş ana mal və camış mayalandırılmış, 7938 baş cins bala alınmış, fərdi baytarlıq xidmətinə keçid təmin edilmişdir. Arıçılığın inkişafı ilə bağlı işlər də görülmüş, arı ailələrinin sayı 100 mindən artıq olmuşdur. “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin 6 saylı Tingçilik kompleksi və “İqlim otağı”nda bu ilin ötən dövründə 9 min meyvə, 8 min həmişəyaşıl ting, 5 min meşə ağacı, 12 min bəzək və gül kolları yetişdirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari ilin birinci yarısında 93 texnika və texnoloji avadanlıq alınmış, 99 texnika və texnoloji avadanlıq lizinq yolu ilə mülkiyyətçilərə verilərək 200 min manat dövlət tərəfindən güzəşt tətbiq olunmuşdur. Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 33 min 466 hektar sahədə taxıl əkini aparılmışdır. Hazırda muxtar respublikada 31 min 649 hektar sahənin taxılı biçilərək 102 min 742 ton məhsul toplanmışdır. 2022-ci ildə muxtar respublikada 24 min 244 hektar sahədə isə yazlıq əkin keçirilmiş, kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və kredit təşkilatları tərəfindən 8 milyon 861 min manat kredit verilmiş, məhsul istehsalçıları 13 min tondan artıq mineral gübrə ilə təmin olunmuşdur. 2022-ci ilin ötən dövründə diri çəkidə 13 min 978 ton ət, 51 min 907 ton süd, 881 ton yun, 64 milyon 439 min yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9 faiz, süd istehsalı 1,5 faiz, yun istehsalı 1,2 faiz, yumurta istehsalı 2,3 faiz artmışdır. 2022-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 152 milyon 756 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi 2022-ci ilin birinci yarım ilində də davam etdirilmişdir. Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılmış, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanmışdır. Yaradılacaq yeni Duz İstehsalı Müəssisəsi isə geniş istehsal imkanları ilə “Sənaye ili”nə mühüm töhfə olacaqdır. Bu ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına sənaye yönümlü 15 layihəyə 4 milyon 903 min manat kredit verilmişdir. Hazırda 3 istehsal korpusundan ibarət olan Şərur Sənaye Məhəlləsində ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü layihələrə 1 milyon 36 min manat güzəştli kredit verilmişdir. Bununla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 766 min manat dövlət maliyyə dəstəyi də göstərilmişdir. Muxtar respublikada sahibkarlığın inkişafını daha da sürətləndirmək və onların fəaliyyətinə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilmişdir.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, son illərdə əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərin miqyası genişlənmişdir. Bu ilin ötən dövründə muxtar respublikada 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, bunlardan da 215-ni əmək yarmarkalarında işə göndərilənlər təşkil etmişdir. Özünüməşğulluq proqramının tətbiqinə başlanılmasından bu günədək 5126 nəfər ailə üzvü olan 1107 ailənin özünüməşğulluğu təmin edilmişdir.  Cari ildə isə 862 nəfər ailə üzvü olan 182 ailə proqrama cəlb edilmişdir. Həmçinin son dövrdə bu prosesə muxtar respublikada fəaliyyət göstərən digər sahibkarlıq subyektləri də qoşularaq 20 ailənin özünüməşğulluğunun təmin edilməsində sosial tərəfdaş qismində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2021-ci il sentyabrın 23-də Sərəncam imzalamış, 1 milyon manat vəsait ayrılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” yaradılmışdır. Ötən dövrdə ölkə Prezidentinin Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaiti hesabına 15-i 2022-ci ilin birinci yarısında olmaqla, 43 şəhid ailəsi və sağlamlıq imkanı məhdud müharibə iştirakçısı mənzillə, 16-sı 2022-ci ilin birinci yarısında olmaqla, 44 müharibə iştirakçısı avtomobillə təmin olunmuş, 4-ü 2022-ci ilin birinci yarısında olmaqla, 21 şəhid ailəsi və müharibə iştirakçısının kredit borcu bağlanmış, 10-u 2022-ci ilin birinci yarısında olmaqla, 42 şəhid ailəsi və müharibə iştirakçısının mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Həmçinin bu günədək fondun vəsaitləri hesabına müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilmiş, 1 nəfərin təhsil haqqı xərci ödənilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2021-ci ildə 128 milyon 400 min manat plana qarşı 145 milyon 38 min manat icra edilmiş, büdcəyə 16 milyon 638 min manat artıq vəsait mədaxil edilmişdir. Gəlirlərin 72 faizi və ya 104 milyon 354 min manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 21,6 faizi və ya 31 milyon 405 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılmış, 5,3 faizi və ya 7 milyon 669 min manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1 faizi və ya 1 milyon 610 min manatı isə digər mənbələr hesabına daxil olmuşdur. 2021-ci il dövlət büdcəsi xərclərinin 90,5 faizi və ya 469 milyon 983 min 204 manatı cari xərclərə, 9,5 faizi və ya 49 milyon 419 min manatı isə əsaslı xərclərə yönəldilmişdir. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq və abadlaşdırma işlərinin aparılmasına, yerli idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisinə, şəhər və kənddaxili avtomobil yollarının yenidən qurulmasına, eyni zamanda infra­strukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunmuşdur.

Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində 28 milyon 480 min manat məbləğində artım proqnozlaşdırıldığından Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsində dəyişikliklər edilməlidir.

Büdcəyə edilən dəyişikliklər barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev məlumat vermiş, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun səsə qoyularaq qəbul olunmuşdur.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı Ali Məclisin Sədri bildirmişdir ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək deputatların sığorta olunması ilə bağlı bir sıra anlayışlar dürüstləşdirilmiş, deputatın icbari şəxsi sığortasının əsas prinsipləri müəyyən olunmuş, sığortanın aparılması, hesablanması, ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri, sığorta vəsait­lərinin mənbələri və istifadə olunması istiqamətləri yenilənmişdir. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi üçün Qanun layihəsi hazırlanmış və komitə iclasında müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsinin müzakirəsi barədə məlumat vermişdir.

Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu  haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul edilmişdir.

Ali Məclisin Sədri sessiyanın gündəliyində duran beşinci məsələnin müzakirəsi zamanı qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsinə əsasən Müvəkkilin səlahiyyət müddəti 7 ildir və eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Hazırkı Müvəkkil iki dəfə – 2006-cı və 2013-cü ildə bu vəzifəyə seçildiyindən səlahiyyət müddəti başa çatmışdır.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın muxtar respublikada müvəkkil institutunun inkişafında, o cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətini səmərəli hesab etmiş və ona təşəkkürünü bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, etibarlı müdafiəsi, bu sahədə yeni mexanizmlərin formalaşdırılması daim Ali Məclis Sədrinin diqqət mərkəzində olub. Naxçıvan Muxtar Respublikasının ilk Müvəkkili kimi fəaliyyətimə başlayarkən qarşıya qoyulan vəzifələr, verilən tapşırıq və tövsiyələr, göstərilən yol ötən 16 il ərzində fəaliyyət proqramımız olub. İstər təsisatın fəaliyyətinin davamlı təkmilləşdirilməsi, istərsə də təsisatın əməkdaşlarının, Müvəkkilin əməyinin yüksək qiymətləndirilərək təltif edilməsi dövlət qayğısının bariz nümunəsidir. Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikanın inkişafı və tərəqqisi, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi, əhalinin müxtəlif sosial qruplarının rifah halının və sosial müdafiəsinin gücləndirilməsinə, bununla da konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə yönəlib. Bu gün muxtar respublikada insan hüquqlarının qorunmasını təmin edən bir çox səmərəli müdafiə mexanizmləri, hüquq institutları yaradılmış və onların fəaliyyətləri təmin edilmişdir. Ülkər Bayramova göstərilən yüksək etimada, diqqət və qayğıya görə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında müvəkkil (ombudsman) institutunun inkişafı sahəsindəki səmərəli fəaliyyətinə görə Ülkər Bayramovaya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim etmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verməlidir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi Rzayeva Günay Tapdıq qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilmək üçün təqdim olunmuşdur.

Səsvermə keçirilmiş və Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içmiş və minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri Günay Rzayevanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi münasibəti ilə təbrik etmiş və ona qarşıdakı fəaliyyətində uğurlar arzulamışdır.

Ali Məclisin Sədri 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası öz işini başa çatdırmışdır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun

M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir.

2022-ci ilin birinci yarısında muxtar respublikada ümumi daxili məhsulun həcmi 1 milyard 363 milyon manatdan artıq olmuşdur ki, bunun da 86 faizi özəl bölmənin payına düşmüşdür.

Ötən dövrdə muxtar respublikada sahibkar­lıq fəaliyyətinin təşviqi məqsədilə 24 milyon manatdan artıq kredit verilmiş, dövlət dəstəyi hesabına 68 layihə üzrə yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Tikinti-quruculuq işləri də geniş vüsət almış, 113 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 197 obyektin tikintisi və yenidən qurulması davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar 2022-ci ilin ikinci yarısında da davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır.

T A P Ş I R I Q L A R

Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına və büdcə vəsaitlərindən qənaətlə istifadəyə nəzarəti gücləndirməli, təhlillər aparılmalı, növbəti ilin büdcə proqnozları hazır­lanmalıdır.

Muxtar respublikada tələbatın yerli istehsal hesabına ödənilməsi iqtisadi islahatların əsas hədəfidir. İqtisadiyyat Nazirliyi əsas tələbat malları üzrə yerli istehsalı təşviq etməli, yeni sahibkarlıq müəssisələrinin yaradılması dəstəklənməli, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə kredit təşkilatları tərəfindən sahibkarlıq müəssisələrinin kreditləşdirilməsinə və həmin kreditlərdən təyinatı üzrə səmərəli istifadəyə nəzarət olunmalıdır.

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində işləri davam etdirməli, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyalar düzgün təhlil olunmalıdır. Həmçinin Dövlət Gömrük Komitəsi gömrük keçid məntəqələrində xidməti davranışın düzgün qurulmasını və nizam-intizamın möhkəmləndirilməsini diqqətdə saxlamalıdır.

Dövlət Vergi Xidməti vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında və tam yığılmasını təmin etməli, nağdsız ödəniş təşviq olunmalıdır.

Muxtar respublikada sənayeləşmə prosesinin daha da sürətləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının dəstəklənməsi məqsədilə 2022-ci il “Sənaye ili” elan edilmişdir. İqtisadiyyat Nazirliyi sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsini və yeni sənaye müəssisələrinin yaradılmasını davam etdirməli, rentabelli sahələrə investisiyaların cəlbi istiqamətində iş aparılmalıdır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında məhsulların və xidmətlərin keyfiyyətinə, bütövlükdə qida təhlükəsizliyi tədbirlərinə dövlət nəzarətini gücləndirməli, İqtisadiyyat Nazirliyi ilə birlikdə ailə təsərrüfatları məhsullarının emalı, qablaşdırılması və ixracına dəstək verilməlidir.

Kənd təsərrüfatı olmadan ərzaq təhlükəsizliyini təmin etmək, emal müəssisələrinin xammala olan tələbatını ödəmək mümkün deyil. Bu səbəbdən də muxtar respublikada aqrar sahə kompleks inkişaf etdirilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Lakin aparılan yoxlamalar zamanı məlum olur ki, əkinəyararlı torpaqlar tam şəkildə əkilmir. Kənd Təsərrüfatı Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri əkin strukturuna daxil olan torpaqların əkilməsini diqqətdə saxlamalı, bununla bağlı müvafiq tədbirlər görməli, eyni zamanda dəmyə torpaqlarda taxıl əkini təşviq olunmalıdır.

Muxtar respublikada yaşayış məntəqələri üzrə torpaqlardan təyinatdankənar istifadə və zəbt halları hələ də qalmaqdadır. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və rayon icra hakimiyyətləri torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı, əhali məlumatlandırılmalı, xəbərdarlıqlardan nəticə çıxarmayanlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir.

Muxtar respublikada mütərəqqi suvarma metodlarının tətbiqi, meliorativ tədbirlərin görülməsi və hidrotexniki qurğuların istifadəyə verilməsi su təminatını yaxşılaşdırmışdır. Lakin buna baxmayaraq yerlərdə suyun bölgüsü ilə bağlı problemlər qalmaqdadır. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti müvafiq icra hakimiyyətləri ilə birlikdə suvarma suyundan düzgün istifadə və mövsüm ərzində suvarma tədbirlərinin səmərəli təşkilini diqqətdə saxlamalı, əkin sahələrinin su təminatı aqrotexniki qaydalar çərçivəsində həyata keçirilməlidir.

Ekoloji tarazlığın qorunması tədbirləri sırasında ətraf mühitdən və təbii sərvətlərdən səmərəli istifadə xüsusi yer tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikada təbii sərvətlərdən və ətraf mühitdən istifadə ilə bağlı münasibətləri qanunvericiliyə uyğun tənzimləməli, rüsumlar və ekoloji ödənişlər müvafiq qaydada ödənilməli, heyvandarlıqla məşğul olanlar yaylaqlardan istifadə qaydaları barədə məlumatlandırılmalı, düzgün bölgü aparılmalıdır.

Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən islahatlar bütün yaşayış məntəqələrini əhatə etmiş, şəhər, qəsəbə və kəndlərdə müasir infrastruktur yaradılmışdır. Şəhər və rayon icra hakimiyyətləri qurulanları qoruyub saxlamalı, abadlıq-təmizlik işlərinə nəzarət olunmalı, reyd komissiyalarının müəyyənləşdirdiyi nöqsanlar aradan qaldırılmalı, vətəndaşlarla iş gücləndirilməlidir.

Yaradılan şərait muxtar respublikada yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin fəaliyyəti üçün də geniş imkanlar açmışdır. Bu səbəbdən də yerli icra orqanları və bələdiyyələr arasında sıx əməkdaşlıq qurulmalı, illik fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqlar icarəyə verilməli, ərazilərin təmizliyi diqqətdə saxlanılmalıdır.

Bu gün muxtar respublikada baytarlıq təbabəti sahəsində görülən işlərin nəticəsidir ki, epizootik vəziyyət sabitdir. Dövlət Baytarlıq Xidməti bundan sonra da epizootik vəziyyəti nəzarətdə saxlamalı, dezinfeksiya işləri qrafik əsasında davam etdirilməli, fərdi baytarlıq xidmətinin əhatə dairəsi genişləndirilməli, mütəxəssis hazırlığına və baytarlıq-sanitariya nəzarətinə diqqət artırılmalıdır.

Təhsil Nazirliyi yeni tədris ilinə hazırlıq görməli, muxtar respublikanın ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində tədrisin və təlim-tərbiyənin təşkili nəzarətdə saxlanılmalı, STEAM kabinələrin və STEAM Təlim-Tədris Mərkəzinin qurulması başa çatdırılmalıdır.

Mədəniyyət müəssisələrində kadr işi, konsert və musiqi təhsili müəssisələrində fəaliyyət qənaətbəxş deyil, rayon mədəniyyət saraylarının imkanlarından səmərəli istifadə olunmur. Mədəniyyət Nazirliyi qeyd olunan nöqsanları aradan qaldırmalı, kadr siyasətinə diqqəti artırmalı, iş və əmək intizamı gücləndirilməli, rayon mədəniyyət saraylarında illik qrafik əsasında konsertlər təşkil olunmalı, tamaşalar nümayiş etdirilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin məşğulluğu və sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı Dövlət proqramlarından irəli gələn vəzifələri diqqətdə saxlamalı, özünüməşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilməlidir.

Səhiyyə Nazirliyi tibb xidmətinin keyfiyyətini, eləcə də həkim və tibb işçilərinin peşəkarlığını artırmalı, tibbi avadanlıqlardan səmərəli istifadə edilməli və qorunmalıdır. Həmçinin nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə sağlamlıq imkanları məhdud şəxslərin müraciətlərini obyektiv araşdırmalı, qanunvericiliyə uyğun pensiya təyinatı aparılmalıdır.

Gigiyena və Epidemiologiya Mərkəzi muxtar respublikada epidemioloji vəziyyətlə bağlı tədbirləri davam etdirməli, sanitariya-gigiyena normalarına əməl olunmalıdır.

Gənclər və İdman Nazirliyi gənclərin idmana marağının artırılması üçün layihələr hazırlamalı, ölkə və beynəlxalq səviyyəli idman yarışlarında muxtar respublikadan olan idmançıların iştirakını təmin etməli, idman federasiyaları ilə qarşılıqlı fəaliyyət artırılmalıdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti fermer və torpaq mülkiyyətçilərini tələbata uyğun kənd təsərrüfatı texnikaları, avadanlıqlar və gübrələrlə təmin etməli, lizinq xidmətinin əhatə dairəsi genişləndirilməlidir.

Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının düzgün hesablanması və təyinatı ilə bağlı işləri davam etdirməli, qanunsuz pensiya ödənişlərinin qarşısı alınmalı, fondun fəaliyyətini əhatə edəcək yeni elektron sistemlərin qurulması başa çatdırılmalıdır.

Gənc ailələrin mənzil təminatı həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsidir. Lakin buna baxmayaraq “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətində ciddi dönüş yaratmalı, nöqsanlar qısa zamanda aradan qaldırılmalı, fəaliyyət yeni tələb və qaydalar əsasında qurulmalıdır.

Muxtar respublikanın malik olduğu geniş turizm potensialından istifadə və bu sahədə təbliğat işi qənaətbəxş deyil. Ona görə də Turizm Departamenti muxtar respublikanın mövcud turizm potensialı və turizm xidməti infrastrukturları haqqında məlumatlarını yeniləməli, kənd yaşayış məntəqələri üzrə turizm potensialı dəyərləndirilərək yeni marşrutlar müəyyənləşdirilməlidir.

Dövlət İmtahan Mərkəzi mövcud qanunvericiliyə uyğun olaraq dövlət orqanlarında işə qəbul, attestasiya və sertifikasiya ilə bağlı imtahanları davam etdirməli, kadr hazırlığı üzrə kursların təşkili və test bazasının zənginləşdirilməsi diqqətdə saxlanılmalıdır.

Dövlət Arxiv İdarəsi Dövlət proqramında nəzərdə tutulan vəzifələrin icrasını təmin etməli, aid dövlət orqanları ilə əlaqəli işləməli, dövlət arxiv idarələrinin fəaliyyəti təkmilləşdirilməlidir.

Dövlət Sığorta Xidməti sığorta fəaliyyəti sahəsində innovativ xidmətləri və könüllü sığortanın əhatə dairəsini genişləndirməli, aqrar sığortaya marağın artırılması ilə bağlı tədbirlər görülməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyi səhiyyə müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməli, tibbi sığortanın tətbiqini və icbari tibbi sığorta haqlarının toplanmasını diqqətdə saxlamalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti-quruculuq işləri aparılarkən mühəndis-texniki tələblərə əməl etməli, keyfiyyətə və təhlükəsizlik tədbirlərinə nəzarət artırılmalıdır.

Muxtar respublikada müasir yol infra­strukturu qurulur, nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir. Dövlət Nəqliyyat Xidməti yaradılan şəraitdən istifadə edərək sərnişin və yükdaşıma sahəsində xidmətin səviyyəsini daha da yüksəltməli, Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisi işlərini davam etdirməklə keyfiyyətə diqqəti artırmalıdır.

Muxtar respublikada elektrik enerjisi istehsalı, xüsusilə də alternativ və bərpa olunan enerjidən geniş istifadə, yaşayış məntəqələrinin tamamilə qazlaşdırılması enerji təhlükəsizliyini təmin edib. Dövlət Energetika Xidməti elektroenergetika infrastrukturunun müasirləşdirilməsinə diqqəti artırmalı, Qaz İstismar Xidməti təbii qaz təminatında texniki qaydalara əməl etməli,  keyfiyyətə üstünlük verilməlidir. Hər iki qurum elektrik və qaz sayğaclarına müdaxilə və qanunsuz istifadə hallarının qarşısını almalı, itki minimuma endirilməlidir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi yüksəkixtisaslı kadr hazırlığını diqqətdə saxlamalı, əhaliyə keyfiyyətli rabitə və internet xidməti göstərilməli, yerlərdə mütəmadi monitorinqlər aparılmalı, çatışmazlıqlar aradan qaldırılmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  muxtar respublikanın rayonlarının tarixi və Naxçıvan etnoqrafiyası ilə bağlı kitabların nəşrini ilin sonuna qədər başa çatdırmalı, “Elm Festivalına” hazırlıq görülməlidir.

Ali təhsil müəssisələri tərəfindən yeni tədris ilinə hazırlıq görülməli, tələbə qəbulunun nəticələri təhlil olunaraq növbəti ilin qəbul planı barədə təkliflər hazırlanmalıdır.

Sağlam gənclik etibarlı gələcək deməkdir. Gənclər Fondu ali, orta ixtisas və ümumtəhsil məktəbləri ilə əlaqələri daha da gücləndirməli, gənclər düzgün istiqamətləndirilməli, müvafiq layihələr həyata keçirilməli, könüllülük fəaliyyəti təşviq olunmalıdır.

Düzgün statistik təhlillərin aparılması  inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas amildir. Dövlət Statistika Komitəsi dövlət qurumları ilə işə xüsusi diqqət yetirməli, sahələr üzrə statistik məlumatlar toplanaraq təhlil olunmalı, müqayisələr aparılmalı, ümumi inkişafı əks etdirən göstəricilər ictimailəşdirilməlidir.

Hüquq-mühafizə orqanları profilaktika tədbirlərini davam etdirməli, nizam-intizam daha da möhkəmləndirilməli, ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalıdırlar.

Ordu, birləşmə və hərbi hissələr Naxçıvan Qarnizonu üzrə təsdiq edilmiş Uzlaşma Planında nəzərdə tutulan tədbirləri ardıcıl şəkildə icra etməli, şəxsi heyətin döyüş hazır­lığının artırılması və xidmətin təşkili sahəsində tədbirlər görülməlidir.

Daxili İşlər Nazirliyi polis sahə inspektorları ilə işə və yol hərəkətinin təhlükəsizliyinə diqqəti artırmalı, elektron idarəetmə vasitələrindən istifadə artırılmalıdır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Hərbi Prokurorluq aidiyyəti üzrə qanunların tətbiqinə və icrasına nəzarəti gücləndirməlidirlər.

Fövqəladə Hallar Nazirliyi mövsümə uyğun olaraq maarifləndirmə tədbirlərini genişləndirməli, yanğın təhlükəsizliyi sahəsində işlər davam etdirilməlidir.

Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına və bələdiyyələrin fəaliyyətinə nəzarəti gücləndirməli, metodiki köməklik göstərilməlidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışını təşkil etməli, hərbi uçotun dəqiq və düzgün aparılmasına nəzarət olunmalıdır.

Naxçıvan Beynəlxalq Hava Limanı yaradılan şəraitdən, qurulanlardan, alınan maşın-mexanizmlərdən və texnikalardan səmərəli istifadə edərək xidmətin keyfiyyətini və intizamı daha da yüksəltməlidir.

Muxtar respublikanın yaradıcılıq birlikləri fəaliyyətlərini ümumi inkişafa uyğun qurmalı, müxtəlif müsabiqə və tədbirlər keçirilməli, kütləvi informasiya vasitələri ilə əlaqələr genişləndirilməlidir. Kütləvi informasiya vasitələri maddi-texniki bazadan səmərəli istifadə etməli, ədəbi dil normaları qorunmalı, teleradio və qəzet materialları hazırlanarkən keyfiyyətə daha çox diqqət olunmalıdır.

Hörmətli sessiya iştirakçıları!

Ümummilli liderin yoluna sədaqət, qarşıya qoyulan vəzifələr və müəyyənləşdirilən hədəflər ölkəmizdəki inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirəcəkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur”.

Sağ olun!