ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Şərur rayonundakı Cəlilkənd orta məktəbinin

120 illik yubleyinin keçirilməsi haqqında

 

Əsası 1885-ci il sentyabr ayının 20-də qoyulan Şərur rayonundakı Cəlilkənd orta məktəbi Azərbaycanda xalq təhsilinin inkişafına, gənc nəsilin yetişməsinə böyük töhfələr vermiş, şərəfli inkişaf yolu keçmişdir.

XIX əsrin sonlarında Naxçıvanda özünün yüksəliş dövrünü yaşayan maarifçilik hərəkatının yadigarlarından olan Cəlilkənd məktəbi fəaliyyət göstərdiyi bütün dövrlərdə qabaqcıl pedaqoji ənənələri qoruyub saxlamış və inkişaf etdirmişdir. Əhalisinin əksəriyyəti Azərbycanlılardan ibarət olan keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında ikisinifli zemstvo məktəbi kimi fəaliyyətə başlayan Cəlilkənd məktəbi qabaqcıl təhsil ocaqlarından biri kimi məşhurlaşmış, buraya nəinki Cəlilkənd, eyni zamanda ətraf və digər kəndlərdən də gələrək təhsil almışlar. Cəlilkənd məktəbinin təhsili sahəsində nailiyyələri barədə həmin dövrdə çap olunan “Obzor Erivanskoy qubernii”, “Pamyatnaya kniqa Erivanskoy qubernii” və “Kavkazskiy kalendar” kimi nəşrlərdə ətraflı məlumatlar verilmişdir.

Cəlilkənd məktəbinin ilk nəzarətçi müdiri dövrünün tanınmış ziyalısı, Qori Müəllimlər Seminariyasının məzunu Əliməmməd Xəlilov olmuşdur. Müxtəlif vaxtlarda bu məktəbdə Əbülqasım Sultanov, Məmməd bəy Qazıyev, Fərzəli bəy Fərzəlibəyov, Tağı bəy Səfiyev kimi ömrünü xalq təhsilinə həsr etmiş müəllimlər çalışmışlar. Görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 1887-ci ildə bu məktəbdə çalışması məktəbin həyatında silinməz izlər qoymuşdur. Öz növbəsində buradakı müəllimlik fəaliyyəti də Cəlil Məmmədquluzadəyə təsir göstərmiş, böyük ədib bədii yaradıcılığa bu kənddə başlamış və 1889-cu ildə ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik dramını yazmışdır.

Ötən əsrin əvvəllərində Cəlilkənd məktəbi beşsinifli rus-tatar məktəbinə, 1920-ci ildə yeddisinifli natamam orta tədris ocağına çevrilmiş, 1944-cü ildə isə orta məktəb kimi fəaliyyətə başlamışdır. 1957-ci il mart ayının 4-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Muxtar Respublikada teatr sənətinin inkişafında da Cəlilkənd məktəbinin mühüm rolu olmuş, 1889-cu ildən etibarən bu məktəbdə müəllim və şagirdlərin təşəbbüsü ilə teatr tamaşaları təşkil edilmiş, əldə olunan vəsait kasıb şagirdlərə və məktəbin inkişafına sərf olunmuşdur.

Cəlilkənd məktəbi yarandığı ilk gündən onun yanında kitabxana fəaliyyət göstərmiş, 1901-ci ildə məktəbin kitabxanasında 825 adda 1816 kitab və dərslik olmuşdur.

Ölkəmizin qocaman təhsil müəssisələrindən olan Cəlilkənd məktəbində gənc nəslin təlim-tərbiyyəsində mühüm nailiyyətlər qazanılmışdır. Göstərmək kifayətdir ki, məktəbin məzunlarından 50 nəfərə qədəri ömrünü elm sahəsinə həsr etmiş və yüksək elmi dərəcələr almışlar.

Yuxarıda qeyd olunanları əsas götürərək q ə r a r a a l ı r a m:

1.2006-ci ilin sentyabr ayında Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yubileyi keçirilsin.

2.”Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin planı” təsdiq olunsun.

3.Şərur Rayonu İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

4.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 10 iyul 2006-cı il

№ 39-03/S