ÇapE-poçt

 

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

S ə r ə n c a m ı

Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil etmiş, bölgənin inkişafında, müdafiə qabiliyyətinin gücləndirilməsində, sərhədlərin qorunub saxlanmasında və inzibati idarəçiliyin formalaşmasında vacib tarixi missiyanı yerinə yetirmişdir. İnzibati ərazi baxımından 2 dairədən və 9 mahaldan ibarət olan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlayaraq Araz çayı vadisinə qədər 9429 kvadratkilometr ərazini əhatə edirdi.

Öz ərazisi, qoşunu, dövlət rəmzləri−bayrağı və gerbi olan Naxçıvan xanlığında bitkin idarəçilik mexanizmləri formalaşmış, iqtisadiyyatın əsas sahələri inkişaf etmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır. Bu xanlıqda Heydərqulu xan, Nəzərəli xan, Kərim xan, Ehsan xan kimi nüfuzlu dövlət və hərb xadimləri yetişmiş, 30 il Naxçıvan xanlığının rəhbəri olan Kalbalı xan mahir dövlət xadimi və diplomat kimi tarixə düşmüşdür.

80 ildən artıq bir dövr ərzində fəaliyyət göstərən Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə silinməz izlər qoymuşdur. Naxçıvan xanlığının siyasi tariximizdə oynadığı mühüm rolu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycanın xanlıqlara bölünən dövründə... Naxçıvan xanlığı yaranıbdır. Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar”.

Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyini nəzərə alaraq qərara alıram:

1. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 23 oktyabr 2010-cu il