ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

 

“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının

hazırlanması və qəbul edilməsi qaydası haqqında

Əsasnamə”nin təsdiq edilməsi barədə

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Normayaratma fəaliyyətinin aşkarlığının təmin edilməsi və normativ hüquqi aktların layihələrinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları hazırladıqları normativ hüquqi aktların layihələrinin razılaşdırılmaya göndərildiyi andan “elektron hökumət” portalında yerləşdirilməsini təmin etsinlər.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş normativ hüquqi aktların layihələrinin “elektron hökumət” portalında yerləşdirilməsi işinin təşkilini təmin etsin və bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

3.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 01 avqust 2011-ci il

№ 27-IV FR

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin 2011-ci il

01 avqust tarixli 27-IV FR nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

 

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının

hazırlanması və qəbul edilməsi qaydası haqqında

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra-dövlət orqanları) normativ hüquqi aktlarının “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa (bundan sonra-Qanun) uyğun olaraq hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edir.

1.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Qanunun 2-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

2. Normativ hüquqi aktların hazırlanması

2.1. Normativ hüquqi akt layihəsinin hazırlanmasının və normayaratma orqanına təqdim edilməsinin ümumi qaydası Qanunun 40-43-cü maddələri ilə müəyyən edilir.

2.2. Normativ hüquqi aktın layihəsi onu qəbul edən dövlət orqanının struktur bölmələri tərəfindən həmin dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır. Sahələrarası məsələlərə aid normativ hüquqi aktın layihəsi hazırlanarkən həmin sahələrə aid olan struktur bölmələri ilə razılaşdırılmalıdır.

2.3. Ayrı-ayrı sahələr üzrə hazırlanan normativ hüquqi aktın layihəsi müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırılmalıdır. İnzibati ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı normativ hüquqi aktın layihəsi hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar.

2.4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmaya göndərildiyi andan “elektron hökumət” portalında yerləşdirilməlidir. Portalda yerləşdirilmiş normativ hüquqi aktların layihələrinə dair verilən təkliflər məqsədəuyğun hesab edildikdə nəzərə alınır, məqsədəuyğun hesab edilmədikdə təklifi verən şəxsə bu barədə əsaslandırılmış cavab təqdim olunur.

2.5. Yuxarı dövlət orqanı tərəfindən müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanına normativ hüquqi aktın layihəsinin hazırlanması tapşırıldıqda, tapşırıqda icra müddəti mütləq qeyd edilməklə, müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanı əsas icraçı kimi müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan dövlət orqanları göstərilməlidir.

2.6. Normativ hüquqi aktın layihəsi iri həcmli olduqda, layihənin üçdən artıq dövlət orqanı ilə razılaşdırılması və ya dəvət olunmuş müstəqil ekspertlərin layihə ilə bağlı əlavə ekspertizalar keçirməsi zərurəti yarandıqda, layihəni hazırlayan dövlət orqanının əsaslandırılmış təqdimatına əsasən, onun hazırlanması üçün müəyyən edilmiş müddət tapşırığı verən müvafiq dövlət orqanı tərəfindən uzadılır.

2.7. Bu Əsasnamənin 2.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, Qanunun 41.4-cü maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin və ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanının müvafiq layihəyə dair razılıq verməsi və ya verməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.

2.8. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin və ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktlarında normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, razılaşdırılmaq üçün müvafiq dövlət orqanına daxil olmuş layihəyə 10 gün müddətində münasibət bildirilməlidir.

2.9. Razılaşdırılma haqqında məlumat bu Əsasnamənin 2.7-ci və ya 2.8-ci bəndləri ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur və normayaratma orqanına təqdim edilən layihəyə razılaşdırılma haqqında məlumatı vaxtında təqdim etməyən dövlət orqanına göndərilən müvafiq müşayiət məktubu əlavə olunur.

2.10. Qanunun 43.2-43.5-ci maddələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinə təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:

2.10.1. müşayiət məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;

2.10.2. layihənin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;

2.10.3. layihəyə dair məcburi hüquqi ekspertizanın, o cümlədən layihənin sui-istifadəyə məruz qalmasına dair və digər ekspertizaların rəyləri;

2.10.4. hər bir dövlət orqanı göstərilməklə, layihəni hazırlamış şəxslərin siyahısı;

2.10.5. qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl;

2.10.6. layihəyə aid digər sənədlər (öz qərarına əsasən).

2.11. Qanunun 43.7-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktın layihəsi Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinə kağız daşıyıcıda və eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında yaradılmış xüsusi elektron poçt ünvanına elektron fayl formasında göndərilir.

2.12. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin tapşırığı ilə normativ hüquqi aktın layihəsinin hazırlandığı və ya layihənin birbaşa Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinə təqdim edilməsinin zərurəti əsaslandırıldığı hallar istisna edilməklə, hər hansı bir dövlət orqanı və ya qurumunun hazırladığı normativ hüquqi aktın layihəsi Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilməlidir. Belə zərurət əsaslandırılmadıqda və ya bu cür əsaslandırma qaneedici olmadıqda, normativ hüquqi aktın layihəsi münasibət bildirməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə göndərilir. Bu halda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qaldırılan məsələni:

2.12.1. məqsədəuyğun hesab etdikdə, normativ hüquqi aktın layihəsini hazırlayaraq bu Əsasnamənin 2.10-cu bəndində müəyyən edilmiş qaydada;

2.12.2. məqsədəuyğun hesab etmədikdə, bu barədə əsaslandırılmış cavab məktubunu Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinə təqdim edir.

2.13. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun layihəsində dəyişikliklərin edilməsinə dair digər icra hakimiyyəti orqanlarının təklifləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə (deputatlara, komitələrə) təqdim oluna bilməz.

3. Normativ hüquqi aktların qəbul edilməsi

3.1. Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsinin ümumi qaydası Qanunun XI fəsli ilə müəyyən edilir.

3.2. Dövlət orqanının əsasnaməsində nəzərdə tutulmuş hallarda normativ hüquqi akt dövlət orqanının rəhbəri və ya kollegiyası tərəfindən qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə dövlət orqanının kollegiya qərarını bu orqanın rəhbəri imzalayır.

3.3. Qanunun 73.2-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktı qəbul etmiş dövlət orqanı onu Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 01  avqust  2011-ci il

№ 27-IV FR