Normativ hüquqi aktlar haqqında

ÇapE-poçt

 

II fəsil

NORMATİV HÜQUQİ AKTLARIN KOLLİZİYASI

Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları

10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Qanunun 2-ci maddəsinin tələbləri nəzərə alınır.

10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.

10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.

10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.

10.7. Dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyildirlər.

Maddə 11. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması qaydalarının tətbiqinin ardıcıllığı

11.0. Normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır:

11.0.1. birinci növbədə ardıcıl olaraq bu Qanunun 2.3-2.6-cı maddələrinin normaları tətbiq edilir;

11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci növbədə ardıcıl olaraq bu Qanunun 10.2-10.5-ci maddələrinin normaları tətbiq edilir.

Maddə 12. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları

12.1. Normativ hüquqi aktların kolliziyası aşağıdakı üsullarla aradan qaldırılır:

12.1.1. normativ hüquqi aktın ləğv edilməsi;

12.1.2. normativ hüquqi aktda dəyişikliklər edilməsi.

12.2. Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir.

12.3. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə bu Qanunun 12.1.1-ci və 12.1.2-ci maddələrində göstərilən tədbirlər görülməlidir.

III fəsil

QANUNVERİCİLİKDƏ BOŞLUQLAR

Maddə 13. Hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunması qaydası

13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.

13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13.3. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman qanunvericilikdə təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

Maddə 14. Qanunvericilikdə boşluqların aşkar edilməsi

14.0. Qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

14.0.1. faktiki hal hüquqi tənzimləmə dairəsinə aid olmalıdır;

14.0.2. konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır;

14.0.3. faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir).

Maddə 15. Hüququn analogiyasından və ya qanunun analo­giyasından istifadə olunması haqqında qərar

15.1. Qanunvericilikdə boşluqları aşkar edən və bu Qanunun 14-cü maddəsini tətbiq edən subyekt konkret ictimai münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi normayaratma orqanına bu barədə məlumat verməlidir.

15.2. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 16. Hüququn analogiyasından və ya qanunun analo­giyasından istifadə olunmasını istisna edən hallar

16.0. Aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz:

16.0.1. qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;

16.0.2. normativ tənzimləmə zərurəti olmadıqda;

16.0.3. normativ tənzimləmə qanunla qadağan olunduqda;

16.0.4. normativ tənzimləmə mövcud olduqda.

IV fəsil

NORMATİV HÜQUQİ AKTLARIN NÖVLƏRİ

Maddə 17. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin normativ hüquqi aktları

17.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir.

17.2. Tənzimlənməsi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsi və 25-ci maddəsinin II hissəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir.

17.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

Maddə 18. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin normativ hüquqi aktları

18.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin V hissəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin normativ hüquqi aktları fərman formasında qəbul edilir.

18.2. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərmanları Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.

18.3. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərmanları ilə təsdiq edilir.

18.4. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

Maddə 19. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları

19.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 40-cı maddəsinin I hissəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin aktları əsasında və onların icrası məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin aktları ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir.

19.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir.

19.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar qəbul edir.

19.4. Normativ hüquqi akt Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının maddəsi və ya Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

Maddə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları

20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

20.2. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir.

20.3. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.

20.4. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

V fəsil

NORMATİV HÜQUQİ AKTA DAİR ÜMUMİ TƏLƏBLƏR

Maddə 21. Normativ hüquqi aktın tərtib edilməsi üslubu

21.1. Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.

21.2. Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir.

21.3. Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir.

21.4. Normativ hüquqi aktın normaları yığcam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir.

21.5. Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır.

Maddə 22. Normativ hüquqi aktda normaların yerləşdirilməsinin ardıcıllığı

Normativ hüquqi aktın mətnində əvvəl ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.

Maddə 23. Normativ hüquqi aktların layihələrinin dövlət orqanları tərəfindən hazırlanmasının tənzimlənməsi

23.1. Normativ hüquqi aktların müxtəlif növlərinin layihələrinin hazırlanması qaydasının xüsusiyyətləri, onlar üçün texniki-hüquqi tələblər, habelə bu Qanunla tənzimlənməmiş digər məsələlər müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilir.

23.2. Normativ hüquqi aktların layihələrinin hazırlanması qaydası normayaratma fəaliyyətinin subyektlərinin və normayaratma orqanlarının hüquqlarını məhdudlaşdıra bilməz.

VI fəsil

NORMATİV HÜQUQİ AKTIN STRUKTURU

Maddə 24. Normativ hüquqi aktların rekvizitləri

24.0. Normativ hüquqi aktların məcburi rekvizitləri aşağıdakılardır:

24.0.1. aktın növü (Naxçıvan Muxtar Respublikasının Qanunu, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərmanı, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı və sair);

24.0.2. hüquqi tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (sərlövhəsi);

24.0.3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;

24.0.4. müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və imzası.

Maddə 25. Normativ hüquqi aktın adı

25.1. Hər bir normativ hüquqi akt onun hüquqi tənzimləmə predmetini və əsas mahiyyətini əks etdirən ada malik olmalıdır.

25.2. Bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə həmin dəyişiklikləri nəzərdə tutan aktın adında dəyişikliklər edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.

Maddə 26. Normativ hüquqi aktın struktur elementləri

26.1. Normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir.

26.2. Normativ hüquqi aktın mətni onun növündən asılı olaraq, bölmədə birləşən fəsillərə, fəsildə birləşən maddələrə, maddədə birləşən hissələrə, hissədə birləşən bəndlərə, bənddə birləşən yarımbəndlərə və yarımbənddə birləşən abzaslara bölünə bilər. Qanun, o cümlədən dəyişiklikləri nəzərdə tutan qanun, qanunla təsdiq edilən əsasnamə, nizamnamə, qayda və norma nəzərdə tutan digər akt maddələrə, digər normativ hüquqi aktlar hissələrə bölünür. İri həcmli digər normativ hüquqi aktlarda mündəricat verilə bilər.

26.3. Normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən giriş hissəsidir. Preambulaya normativ göstərişlərin daxil edilməsinə yol verilmir.

26.4. Normativ hüquqi aktın bölməsi fəsilləri özündə birləşdirən struktur elementidir. Bölmə rum rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.

26.5. Normativ hüquqi aktın fəsli maddələri özündə birləşdirən struktur elementidir. Fəsil ərəb rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.

26.6. Normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Maddə ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Maddə, o cümlədən qanunla təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın və norma nəzərdə tutan digər aktın maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə yazılan ada malik olmalıdır. Dəyişiklikləri nəzərdə tutan qanunun və hər hansı əsasnaməni, nizamnaməni, qaydanı və norma nəzərdə tutan digər aktı təsdiq edən qanunun maddəsinin adı olmur.

26.7. Maddə olmayan normativ hüquqi aktda hissə bəndləri özündə birləşdirə bilən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Hissə (maddədə hissənin nömrəsinin birinci rəqəmi maddənin nömrəsini təkrarlamaqla) ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Hissənin mətni sətri hərflərlə yazılır və nöqtə ilə tamamlanır. Normativ hüquqi aktla (qanun istisna olmaqla) təsdiq edilən əsasnamədə, nizamnamədə, qaydada və norma nəzərdə tutan digər aktda, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktında hissənin mahiyyətini əks etdirən, sətri hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən adı olmalıdır.

26.8. Normativ hüquqi aktın bəndi yarımbəndləri özündə birləşdirə bilən, hissənin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Bəndin mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.

26.9. Normativ hüquqi aktın yarımbəndi abzasları özündə birləşdirə bilən, bəndin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Yarımbəndin mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.

26.10. Normativ hüquqi aktın abzası yarımbəndin tərkib hissəsi olan, ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Abzasın mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.

26.11. Struktur elementləri ardıcıl və bütün normativ hüquqi akt üçün eyni qaydada nömrələnməlidir. Sətrin ortasında yerləşdirilməli olan struktur elementləri istisna olmaqla, struktur elementləri mətnin birinci sətrinin əvvəlində (abzas yarımbəndin mətninin birinci sətrinə münasibətdə) boş yer buraxılmaqla yerləşdirilir. Normativ hüquqi aktda maddənin hissəsinə, bəndinə və ya yarımbəndinə istinad edilərkən, onlar maddə adlandırılır.

26.12. Normativ hüquqi aktlarda bu maddədə göstərilən struktur elementlərindən onlara xas olmayan rəqəm və ya digər işarələrlə istifadə edilməsinə müstəsna hallarda və normativ hüquqi aktlarda xüsusi qeyd-şərtlər olduqda yol verilir.

Maddə 27. Normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinin texniki parametrləri

27.1. Normativ hüquqi aktın struktur elementi (bölməsi, fəsli, maddəsi, hissəsi və sair) qüvvədən düşmüş hesab edildikdə və ya ləğv edildikdə, o qüvvədə olan aktdan çıxarılır, lakin onun nömrəsi saxlanılır və normativ hüquqi aktın struktur elementlərinin (bölmələrin, fəsillərin, maddələrin, hissələrin və sair) nömrələri dəyişmir.

27.2. Normativ hüquqi akta yeni struktur element (bölmə, fəsil, maddə, hissə və sair) əlavə edildikdə, o, aktın struktur elementlərinin nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir.

27.3. Bir neçə struktur elementlərindən ibarət struktur elementə edilən dəyişikliyin onu təşkil edən digər struktur elementlərə (hissənin bəndlərinə, bəndin yarımbəndlərinə və yarımbəndin abzaslarına) şamil edilmədiyi mötərizədə göstərilməklə müəyyənləşdirilir və bu cür mötərizənin olmaması müvafiq dəyişikliyin bütövlükdə struktur elementi əhatə etdiyini bildirir.

Maddə 28. Normativ hüquqi aktlarda başqa aktlara istinad edil­məsi və başqa aktların müddəalarının təkrarlanması

Zəruri hallarda normativ hüquqi aktda digər bərabər və ya daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların struktur elementlərinə istinadlara, habelə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara istinad etməklə, belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına yol verilir. Bu cür təkrarlanmada müvafiq normaya istinad olmalı, həmin norma dürüst ifadə edilməli və daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın normasının mənası dəyişdirilməməlidir.

Maddə 29. Normativ hüquqi aktların struktur elementlərində başqa struktur elementlərə istinad edilməsi

Hüquq normaları arasında qarşılıqlı əlaqəni pozmamaq və ya təkrarlara yol verməmək zərurəti olduğu hallarda normativ hüquqi aktın struktur elementlərində həmin aktın başqa struktur elementlərinə istinad edilə bilər.

Maddə 30. Sətiraltı qeydlər və əlavələr

30.1. Normativ hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.

30.2. Normativ hüquqi aktda cədvəllər, qrafiklər, xəritələr, sxemlər, siyahılar, illüstrasiyalar və sair göstərildikdə onlar əlavə formasında rəsmiləşdirilməli, normativ hüquqi aktın müvafiq struktur elementlərində isə həmin əlavələrə dair istinadlar olmalıdır.

Maddə 31. Normativ hüquqi aktda məsuliyyət tədbirlərinin nəzərdə tutulması

Dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların muxtar respublika qurumlarının, ictimai birliklərin, digər hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin, habelə fiziki şəxslərin vəzifələrini nəzərdə tutan aktlarda həmin vəzifələrin pozulmasına görə qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri göstərilməlidir.