ÇapE-poçt

 

VII fəsil

NORMAYARATMA PROSESİ

Maddə 32. Hüquq sisteminin sabitliyi

Qanunlarla və ya fərmanlarla digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi aktın hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə ekspertizasının rəyi əsasında yol verilir.

Maddə 33. Qanunvericilik təşəbbüsü hüququnun subyektləri

Qanunvericilik təşəbbüsü hüququ Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsi ilə müəyyən edilmiş subyektlərə mənsubdur.

Maddə 34. Normayaratma təşəbbüsünün subyektləri

34.1. Normayaratma təşəbbüsünün subyektləri onlara verilmiş səlahiyyətlərə uyğun olaraq normativ hüquqi aktın layihəsinin və ya onun hər hansı struktur elementinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi zərurəti haqqında təklifi bu Qanunun 43-cü maddəsinə uyğun olaraq normayaratma orqanına təqdim etmək hüququ olan subyektlərdir.

34.2. Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları və vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər. Bu halda bu Qanunun 43-cü maddəsinə riayət olunmaya bilər.

Maddə 35. Normayaratma prosesinin mərhələləri

35.0. Normayaratma prosesi aşağıdakı mərhələlərdə, müəyyən olunmuş prosedura əməl etməklə həyata keçirilir:

35.0.1. normayaratma fəaliyyətinin planlaşdırılması;

35.0.2. normayaratma təşəbbüsü (normativ hüquqi aktın layihəsinin hazırlanması);

35.0.3. normativ hüquqi aktın qəbul edilməsi;

35.0.4. normativ hüquqi aktın Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;

35.0.5. normativ hüquqi aktın dərc edilməsi.

Maddə 36. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması

36.1. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlı əsasda həyata keçirilir.

36.2. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir:

36.2.1. normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları;

36.2.2. qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər planları.

Maddə 37. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının tərtib edilməsi qaydası

37.1. Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanun layihələrinin hazırlanmasının illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər.

37.2. Normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər.

37.3. Normativ hüquqi aktların layihələrinin hazırlanması planları tərtib edilərkən normayaratma fəaliyyətinin subyektlərinin, digər maraqlı orqanların, elmi təşkilatların, habelə digər fiziki və hüquqi şəxslərin təklifləri nəzərə alına bilər.

Maddə 38. Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə nəzarət

Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə onları təsdiq etmiş normayaratma orqanları nəzarət edirlər.

Maddə 39. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması üzrə fəaliyyətdə aşkarlığın təmin edilməsi

39.1. Dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir.

39.2. Təsdiq edilmiş dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları məlumat üçün əlaqədar dövlət orqanlarına göndərilir.

Maddə 40. Normativ hüquqi aktın layihəsinin hazırlanması qaydası

40.1. Normativ hüquqi aktın layihəsinin hazırlanmasına aşağıdakılar daxil edilə bilər:

40.1.1. normayaratma təşəbbüsünə baxılması və layihənin hazırlanması üzrə qərarın qəbul edilməsi;

40.1.2. layihənin hazırlanmasının təşkilati-texniki və maliyyə təminatı;

40.1.3. zəruri materialların və məlumatların toplanması;

40.1.4. layihənin konsepsiyasının hazırlanması;

40.1.5. layihənin mətninin tərtib edilməsi;

40.1.6. layihənin razılaşdırılması;

40.1.7. hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizaların keçirilməsi.

40.2. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinin hazırlanmasını müstəqil surətdə həyata keçirə və ya normayaratma təşəbbüsünün digər subyektinin səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin subyektə tapşıra bilər, habelə layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilər.

40.3. Normativ hüquqi aktın layihəsi müvafiq dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.

Maddə 41. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması

41.1. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda, habelə normativ hüquqi aktda qanunvericiliklə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl əlaqədar dövlət orqanları ilə razılaşdırılmalıdır.

41.2. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması aşağıdakı vasitələrlə həyata keçirilir:

41.2.1. dövlət orqanı tərəfindən mövcud irad və təkliflər əsaslandırılmaqla və ya təklif edilən normativ göstərişlərlə razılaşmadıqda, normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementi normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq layihəyə dair yazılı formada razılığın verilməsi və verilməməsi;

41.2.2. dövlət orqanının rəhbəri tərəfindən normativ hüquqi aktın layihəsinin vizalanması (ona dair irad və təkliflər olduqda onları əsaslandırmaqla və normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementinin təklif edilən redaksiyası normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə edilməklə).

41.3. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı hüquqi cəhətdən əsaslandırılmamış irad və təkliflərə baxılmır.

41.4. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin və ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanı tərəfindən müvafiq layihəyə dair razılıq verilməsi və ya verilməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.

41.5. Razılaşdırılma haqqında məlumat bu Qanunun 41.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur.

41.6. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilmiş qanun layihəsi bütün əlaqədar dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.

41.7. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktının layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

Maddə 42. Normativ hüquqi aktın layihəsinin ekspertizası

Bu Qanunla ekspertizanın məcburi qaydada keçirilməsi nəzərdə tutulan hallar istisna olmaqla, normayaratma orqanının və ya Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə səlahiyyətlər verilmiş digər dövlət orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi başqa ekspertizadan (maliyyə, iqtisadi, ekoloji və sair) keçirilə bilər.

Maddə 43. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi

43.1. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası bu Qanun, digər qanunvericilik aktları və müvafiq normayaratma orqanının aktları ilə müəyyən edilir.

43.2. Normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:

43.2.1. müşayiət məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;

43.2.2. normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;

43.2.3. normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;

43.2.4. normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;

43.2.5. normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən).

43.3. Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:

43.3.1. normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti;

43.3.2. qanunvericiliyin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;

43.3.3. normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;

43.3.4. normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı.

43.4. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilən qanun layihəsinə layihənin redaksiyasına dair ekspert rəyləri əlavə olunur. Bu zaman layihədə texniki xarakter daşıyan dəyişikliklər edildikdə layihə təkrar ekspert rəylərinin alınması üçün göndərilmir.

43.5. Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl əlavə olunur.

43.6. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və bu Qanunun 43.3-cü və 43.4-cü maddələrində göstərilən sənədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında saxlanılır.

43.7. Normativ hüquqi aktın layihəsi normayaratma orqanına kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir.

VIII fəsil

NORMATİV HÜQUQİ AKTIN LAYİHƏSİNİN, QANUNUN

MƏCBURİ HÜQUQİ EKSPERTİZASI

Maddə 44. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizasının keçirilməsi qaydası

44.1. Normativ hüquqi aktın layihəsi və Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə imzalanmaq üçün təqdim edilən qanun məcburi hüquqi ekspertizadan keçirilməlidir.

44.2. Məcburi hüquqi ekspertiza, normativ hüquqi aktın növündən asılı olaraq, aşağıdakı qaydada keçirilir:

44.2.1. qanun layihələri – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;

44.2.2. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təqdim edilən normativ hüquqi aktların layihələri və imzalanmaq üçün təqdim edilən qanunlar – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının səlahiyyətli struktur bölməsi tərəfindən;

44.2.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar layihələri – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;

44.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri – həmin orqanların hüquq xidmətləri tərəfindən.

Maddə 45. Normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər

45.0. Normativ hüquqi aktın layihəsinə dair ümumi tələblər aşağıdakılardır:

45.0.1. bu Qanunun 8-ci maddəsində müəyyən edilən prinsiplərə uyğunluğu;

45.0.2. normativ hüquqi aktın normalarının normativ hüquqi aktın məqsəd və vəzifələrinə uyğunluğu;

45.0.3. normativ tənzimləmə predmetinə uyğunluğu;

45.0.4. normativ hüquqi aktın formasının və mahiyyətinin uyğunluğu;

45.0.5. daxili strukturun məntiqliliyi;

45.0.6. daxil edilməsi nəzərdə tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi;

45.0.7. bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi;

45.0.8. normativ hüquqi aktın müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi;

45.0.9. normativ hüquqi aktın qanunvericiliklə müəyyən edilmiş qaydada və formada qəbul edilməsi;

45.0.10. normayaratma texnikasına uyğunluğu;

45.0.11. bu Qanunun 32-ci maddəsinin tələblərinə riayət olunması.

Maddə 46.  Məcburi hüquqi ekspertizanın rəyi

46.1. Məcburi hüquqi ekspertizanın rəyi bu Qanuna əlavə olunmuş       1 nömrəli Əlavəyə uyğun tərtib edilir.

46.2. Normativ hüquqi aktın layihəsinə dair məcburi hüquqi ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:

46.2.1. normativ hüquqi aktın layihəsi rədd edilir;

46.2.2. normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;

46.2.3. normativ hüquqi aktın layihəsi dəstəklənir.

46.3. Qanuna dair məcburi hüquqi ekspertizanın rəyində, onun Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi tərəfindən imzalanması və ya imzalanmadan öz etirazları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə qaytarılması təklif edilir.

Maddə 47. Məcburi hüquqi ekspertizanın keçirilməsinin ardıcıllığı

Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir.

IX fəsil

NORMATİV HÜQUQİ AKTIN LAYİHƏSİNİN
MƏCBURİ LİNQVİSTİK EKSPERTİZASI

Maddə 48. Normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər

Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir.

Maddə 49. Normativ hüquqi aktın terminologiyası

49.1. Normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır.

49.2. Normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır.

49.3. Normativ hüquqi aktda istifadə edilən terminlərin və onların tərifinin dəqiqləşdirilməsi zərurəti olduqda həmin aktda onların mənasını izah edən maddə (hissə, bənd) yerləşdirilir.

Maddə 50. Xüsusi nişanlanmalardan istifadə olunması

50.1. Normativ hüquqi aktda xüsusi nişanlanmalardan yalnız müvafiq xüsusi sahədə işlədilən mənada istifadə olunur.

50.2. Zərurət olduqda, xüsusi nişanlanmalar normativ hüquqi aktda izah edilir.

Maddə 51. Normativ hüquqi aktın mətninə dair üslub tələbləri

51.0. Normativ hüquqi aktın mətnində aşağıdakıların ifadə edilməsinə yol verilmir:

51.0.1. loru dil, Azərbaycan dilinin dialektləri və danışıq nitqinin ekspressiv formaları;

51.0.2. eyni mənada müxtəlif anlayışlar (terminlər);

51.0.3. Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən alınma sözlər;

51.0.4. anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii müqayisələr, epitetlər, metaforalar;

51.0.5. abreviaturalar.

Maddə 52. Normativ hüquqi aktlarda ifadə edilən ixtisarlar və ümumiləşdirilmiş anlayışlar

52.1. Dövlət orqanlarının normativ hüquqi aktlarda ifadə edilən adları onların əsasnamələrinə (nizamnamələrinə), yaradılması, adlandırılması və adlarının dəyişdirilməsi haqqında aktlara tam uyğun olaraq göstərilir.

52.2. Dövlət orqanlarının ixtisar edilmiş adlarının ifadə olunmasına onların ixtisar edilmiş adları rəsmi olduqda və yalnız texniki normativ hüquqi aktlarda, qeyri-normativ hüquqi aktlarda, habelə stenoqramlarda, protokollarda, xidməti məktublarda, arayış xarakterli sənədlərdə, hüquqi aktlara dair mətndən kənar əlavələrdə yol verilir.

52.3. Dövlət orqanlarını ifadə edən ümumiləşdirilmiş anlayışlardan (sözlərdən, söz birləşmələrindən) normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız müvafiq ümumiləşdirilmiş anlayışın istənilən dövlət orqanına şamil olunduğu nəzərdə tutulan hallarda yol verilir. Normativ hüquqi aktın mətnində dövlət orqanının adının dəfələrlə göstərilməsi tələb olunduqda və ya sözlər qrupu ilə ifadə olunan bu və ya digər anlayış dəfələrlə işlədildikdə bu dövlət orqanının və ya anlayışın adı ilk dəfə istifadə edilən müddəada tam verilir və bu zaman mötərizədə növbəti müddəalarda göstəriləcək ixtisar (şərti nişanlanma) qeyd olunur.

52.4. Tam adın göstərilməsi məqsədəuyğun olmadıqda dəfələrlə istinadlar edilən normativ hüquqi aktın adına da bu qayda tətbiq edilir.

Maddə 53.  Normativ hüquqi aktlarda istinadların tətbiq edilməsi

Normativ hüquqi aktda həmin normativ hüquqi akta və ya onun struktur elementinə istinad yalnız “bu” sözündən istifadə etməklə edilir.

Maddə 54. Normativ hüquqi aktların layihələrinin məcburi linqvistik ekspertizasının rəyi

54.0. Normativ hüquqi aktın layihəsinə dair məcburi linqvistik ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:

54.0.1. normativ hüquqi aktın layihəsi rədd edilir;

54.0.2. normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;

54.0.3. normativ hüquqi aktın layihəsi dəstəklənir.

Maddə 55. Normativ hüquqi aktların layihələrinin məcburi linqvistik ekspertizasının forması

Məcburi linqvistik ekspertizanın rəyi normativ hüquqi aktın layihəsinin mətnində aparılan düzəlişlər formasında tərtib edilir.

X fəsil

NORMATİV HÜQUQİ AKTLARIN (ONLARIN LAYİHƏLƏRİNİN) SUİ-İSTİFADƏYƏ MƏRUZ QALMASINA DAİR EKSPERTİZASININ KEÇİRİLMƏSİ

Maddə 56. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsinin məqsədi

Məcburi hüquqi ekspertizadan keçirilən normativ hüquqi aktların layihələrində və Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə imzalanmaq üçün təqdim edilən qanunlarda (bu fəslin məqsədləri üçün bundan sonra – normativ hüquqi aktlar (onların layihələri)) sui-istifadə təzahürləri üçün şərait yaranmasına kömək edən müddəaların əmələ gəlməsinin qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq məqsədi ilə normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası keçirilir.

Maddə 57. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amilləri

57.1. Bu Qanunun məqsədləri üçün sui-istifadə amilləri dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin təzahürünə səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası olan, yaxud sui-istifadə əməllərinə legitim şərait yaradan, sui-istifadə əməllərinə yol verən və ya onlara təhrik edən normativ hüquqi aktların müddəaları (o cümlədən, normanın və hüquqi düsturların qüsurları) nəzərdə tutulur.

57.2. Özündə sui-istifadə amillərini ehtiva edən normalar (normativ hüquqi aktlar, onların layihələri) sui-istifadəyə məruz qalmış normalar (normativ hüquqi aktlar, onların layihələri) hesab edilir.

57.3. Tipik sui-istifadə amillərinə əsasən, tənzimləmə predmetindən asılı olmayaraq normativ hüquqi aktlarda (onların layihələrində) daha tez-tez rast gəlinən və şübhəsiz və ya böyük ehtimalla sui-istifadə təzahürlərinə səbəb olan sui-istifadə amilləri aid edilir.

57.4. Normativ hüquqi aktların layihələrinin hazırlanması və təkmilləşdirilməsi zamanı onlara bu Qanunda qeyd edilən tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, habelə sui-istifadəyə şərait yaranmasına səbəb olacaq digər müddəaların daxil edilməsinə yol verilmir.

Maddə 58. Sui-istifadə amillərinin növləri

58.0. Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası aparılarkən aşağıdakı tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri aşkar edilməli və aradan qaldırılmalıdır:

58.0.1. dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri;

58.0.2. hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri;

58.0.3. sistem xarakterli tipik sui-istifadə amilləri;

58.0.4. sui-istifadəyə məruz qalmanın tipik təzahürləri.

Maddə 59. Dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri

59.1. Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:

59.1.1. diskresion səlahiyyətlərin geniş olması;

59.1.2. səlahiyyətin dispozitiv imkan kimi müəyyənləşdirilməsi;

59.1.3. şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olduğundan daha yüksək tələblərin irəli sürülməsi;

59.1.4. fiziki və hüquqi şəxslərin hüquqlarından dövlət orqanı (vəzifəli şəxs) tərəfindən sui-istifadə edilməsi imkanı;

59.1.5. hüquqların həcminin əsassız dəyişdirilməsi;

59.1.6. qanundan irəli gələn normayaratmanın həddindən artıq sərbəst xarakter daşıması;

59.1.7. hüquqi-linqvistik sui-istifadəyə məruz qalma;

59.1.8. icra hakimiyyəti orqanının səlahiyyətindən kənar normativ hüquqi aktın qəbul edilməsi;

59.1.9. qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması.

59.2. Vəzifəli şəxsə qərar qəbul edilməsi zamanı öz mülahizələrinə görə hərəkət etmək imkanı verən normativ hüquqi aktdakı diskresion səlahiyyətlər özbaşına həyata keçirilə bilməz.

59.3. Normativ hüquqi aktda diskresion səlahiyyətlərin geniş olması nəticəsində qərar qəbul etmə müddətlərinin müəyyən edilməməsinə və ya bu müddətin qeyri-müəyyənliyinə, bu və ya digər qərarın qəbul edilməsi şərtlərinin və əsaslarının qeyri-müəyyənliyinə, müxtəlif dövlət orqanlarının səlahiyyətlərinin bir-birini təkrarlamasına yol verilmir.

59.4. Dövlət orqanı üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və bu səbəbdən normativ hüquqi aktda həmin orqanın hüququ, konkret icraçının mülahizəsindən asılı olan bu və ya digər hərəkətlərin edilməsi dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.

59.5. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan tələblər (şərtlər) ağır və (və ya) çətin yerinə yetirilən tələblər (şərtlər) ola bilməz.

59.6. Normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir.

59.7. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin hüquqlarının dəqiq (dürüst) nizamlanmaması yolu ilə vəzifəli şəxslər üçün diskresion səlahiyyətlərin və dispozitiv imkanların yaradılmasına yol verilmir. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərə başlanmış inzibati prosedur çərçivəsində hərəkətlərin edilməsi üçün üsul və müddətlərin sərbəst seçimi əvəzinə yalnız hüquqların alternativ seçilməsi imkanının nəzərdə tutulmasına yol verilmir.

59.8. Normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz.

59.9. Qanunda normaların həddindən artıq detallaşdırılması Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.

59.10. Vəzifəli şəxsin diskresion səlahiyyətlərinin genişləndirilməsi üçün ikimənalı və təcrübədə az yerini tapan terminlərdən, məfhumlardan (anlayışlardan) və xülasələrdən, qiymətləndirmə xassəli kateqoriyalardan istifadə edilə bilməz.

59.11. İcra hakimiyyəti orqanı normativ hüquqi aktları yalnız öz səlahiyyətləri daxilində qəbul etməlidir və digər icra hakimiyyəti orqanının fəaliyyət dairəsinə müdaxilə edə bilməz.

59.12. Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.

Maddə 60. Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri

60.1. Hüquqi boşluqlar bu və ya digər məsələnin hüquqi tənzimlənməməsi nəticəsində, normativ hüquqi aktın tənzimləmə üçün istifadə edilmədiyi halda, habelə normativ hüquqi aktın mətninə hüquq pozuntularına görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutan və onların fəaliyyətinə nəzarəti tənzimləyən sui-istifadə əleyhinə preventiv normalar daxil edilmədikdə yaranır.

60.2. Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:

60.2.1. hüquqi tənzimləmədə boşluqların mövcudluğu;

60.2.2. inzibati prosedurların olmaması;

60.2.3. müsabiqə (hərrac) prosedurlarının olmaması;

60.2.4. konkret fəaliyyət sahəsində vəzifəli şəxslər üçün qadağa və məhdudiyyətlərin olmaması;

60.2.5. hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi;

60.2.6. dövlət orqanlarına, vəzifəli şəxslərə nəzarətin, o cümlədən ictimai nəzarətin müəyyənləşdirilməməsi;

60.2.7. informasiyanın şəffaflığı rejiminin pozulması.

60.3. Hüquqi tənzimləmədə boşluqların mövcudluğu hüququn tətbiqi zamanı boşluğun dövlət orqanının (vəzifəli şəxsin) mülahizəsinə görə doldurulmasına imkan verməməlidir. Bu və ya digər fəaliyyət növü üzrə dövlət orqanına həvalə edilmiş funksiyaların həyata keçirilməsi tənzimlənməlidir.

60.4. İnzibati akt həm vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir.

60.5. İmtiyaz verən konkret hüququn verilməsi (hüquqi vəziyyətin yaradılması) üçün namizədin seçilməsi ilə bağlı hərəkətlər müsabiqə (hərrac) prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret hüququn inzibati qaydada verilməsinə (hüquqi vəziyyətin inzibati qaydada yaradılmasına), habelə müsabiqələrin (hərracların) keçirilməsi zamanı diskresion səlahiyyətlərin geniş olmasına yol verilmir.

60.6. Normativ hüquqi aktda vəzifəli şəxslərin hüquq pozuntularına görə hüquqi məsuliyyətə dair aktlara uyğun gələn məsuliyyəti haqqında, habelə vəzifəli şəxslərin hərəkətindən (hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyü ilə bağlı normalar əks olunmalıdır.

60.7. Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxslərin) daha çox əhəmiyyətli fəaliyyət istiqamətlərinə nəzarətin, o cümlədən ictimai nəzarətin mümkünlüyünü təmin edən normalar əks olunmalıdır.

60.8. Normativ hüquqi aktda dövlət orqanlarının informasiya açıqlığını təmin edən normalar əks olunmalıdır. Konkret məsələ üzrə qərar qəbul edilməsində əhəmiyyət kəsb edən informasiyanın fiziki və hüquqi şəxslər üçün qapalı informasiya kimi müəyyən edilməsinə, habelə normativ hüquqi aktda belə informasiyanın əldə olunmasının mümkünlüyünün və qaydasının müəyyən edilməməsinə yol verilmir.

Maddə 61. Sistem xarakterli tipik sui-istifadə amilləri

61.1. Sistem xarakterli tipik sui-istifadə amilləri normativ hüquqi aktın ayrı-ayrı normalarını deyil, onun bütün mətninin sistemli təhlili nəticəsində aşkar edilə bilən tipik sui-istifadə amillərini özündə ehtiva edir.

61.2. Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:

61.2.1. yanlış məqsəd və prioritetlər;

61.2.2. kolliziyalar;

61.2.3. məcbur edilmiş sui-istifadəyə məruz qalma.

61.3. Normativ hüquqi aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə uyğun gələn aydın məqsədləri və prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi üçün obyektiv məqsədəuyğunluğun olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə, normativ hüquqi aktın normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə ziddiyyət təşkil etməsinə yol verilmir.

61.4. Digər normativ hüquqi aktla tam və ya qismən ziddiyyət təşkil edən normativ hüquqi aktda vəzifəli şəxslər üçün konkret halda tətbiq edilməli olan aktı sərbəst seçmək imkanının yaradılmasına, həmin kolliziyanın həlli mümkünlüyünün vəzifəli şəxsin iradəsindən asılı olmasına yol verilmir.

61.5. Daha üstün hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın sui-istifadəyə məruz qalmış normaları digər normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış normaların əks etdirilməsinə səbəb ola bilməz.

Maddə 62. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri

62.1. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri müəyyən şəraitdə artıq baş vermiş sui-istifadə faktları (sui-istifadə indikatorları) barədə xəbər verən və (və ya) sui-istifadə amillərinin yaranmasına (sui-istifadə qabağı amillər) şərait yaradan müddəaların birləşməsidir.

62.2. Sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə aşağıdakılar aiddir:

62.2.1. normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət olunmaması;

62.2.2. normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi;

62.2.3. mənafelər balansının pozulması (yalnız bir qrup subyektlər üçün imtiyazların nəzərdə tutulması).

62.3. Formal-texniki xassəli tələblərin yerinə yetirilməməsinə, normativ hüquqi aktların hüquqi ekspertizası zamanı aşkar edilən pozuntuların aradan qaldırılmamasına, o cümlədən normativ hüquqi aktın qəbul edilməsi qaydasının və (və ya) formasının pozulmasına yol verilmir.

62.4. Normativ hüquqi aktın qəbul edilməsi müddətlərinin müəyyənləşdirilməməsinə, qəbul edilməsi nəzərdə tutulan normativ hüquqi aktın qəbul edilməsi əvəzinə məcburi davranış qaydalarının sərbəst inzibati mülahizə əsasında fərdi hüquq tətbiq etmə aktları ilə əvəzlənməsinə yol verilmir.

62.5. Mənafelər balansının pozulması nəticəsində bir subyektlər qrupunun zərərinə olaraq digər subyektlər qrupuna güzəştlərin və imtiyazların xüsusi norma müəyyən edilməsi yolu ilə verilməsinə yol verilmir.

Maddə 63. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertiza keçirilməsinin əsas qaydaları

63.1. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının səmərəliliyi onun sistemliliyi, etibarlılığı və nəticələrinin yoxlanılmasının mümkünlüyü ilə müəyyənləşdirilir.

63.2. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının sistemliliyinin, etibarlılığının və nəticələrinin yoxlanılmasının təmin edilməsi üçün aşağıdakı qaydalara riayət olunmalıdır:

63.2.1. normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası və onun nəticələrinin ifadə olunması eyniliklə – normativ hüquqi aktda (onun layihəsində) tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri cədvəlində (bu Qanuna 2 nömrəli Əlavə) göstərilən tərkib və ardıcıllıq üzrə aparılmalıdır;

63.2.2. hər bir tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi aktın (onun layihəsinin) hər bir normasında mövcud olub-olmamasına dair yoxlanılmalıdır;

63.2.3. tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi akta (onun layihəsinə) qəsdən və ya bilmədən daxil edilib-edilməməsindən asılı olmayaraq, bu səbəblərə qiymət vermədən aşkar edilir və göstərilir;

63.2.4. ekspertiza nəticəsində aşkar olunmuş istənilən tipik sui-istifadə amili və sui-istifadəyə məruz qalmanın təzahürü normativ hüquqi aktdan (onun layihəsindən) çıxarılmalıdır;

63.2.5. normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə iş sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələri üzrə rəylər əsasında müvafiq normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi üçün müəyyən edilmiş qaydada aparılır;

63.2.6. təhlil nəticəsində aşkar edilmiş sui-istifadəyə şərait yaradan qeyri-tipik müddəalar normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə rəydə göstərilir və tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri üçün müəyyən edilmiş qaydada çıxarılmalıdır.

63.3. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin mövcud olmamasına dair bu Qanunun tələbləri normativ hüquqi aktı (onun layihəsini) bilavasitə hazırlayan mütəxəssislər tərəfindən yerinə yetirilir.

Maddə 64. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələrinin rəsmiləşdirilməsi

64.1. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların mövcud olub-olmamasına dair nəticə aşağıdakı qaydada rəsmiləşdirilir:

64.1.1. normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyin tərkibində;

64.1.2. normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyinə əlavə olunan izahedici arayışda.

64.2. Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən müddəalar aşkar edildikdə həmin müddəalar bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulan sənəddə bu Qanunla müəyyənləşdirilmiş ardıcıllıqla tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri onların aşkar edildiyi struktur elementlər (bölmə, fəsil, maddə, hissə və sair) göstərilməklə izah edilir.

64.3. Bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulan sənəddə, habelə digər tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalmanın digər təzahürlərinin, sui-istifadənin təzahürlərinə kömək edən digər müddəaların aşkar edilmədiyi göstərilir.

64.4. Normativ hüquqi aktda (onun layihəsində) aşkar edilmiş tipik sui- istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri ekspertizanın nəticələri üzrə hazırlanmış sənəddə bu Qanuna əlavə edilmiş 2 nömrəli cədvəl şəklində göstərilir.

64.5. Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürlərinə kömək edən müddəaların aşkar edilmədiyi hallar istisna olmaqla, təhlil edilən normativ hüquqi aktın (onun layihəsinin) sui-istifadəyə məruz qalma dərəcəsi bütövlükdə sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələrini əks etdirən sənəddə müəyyənləşdirilir.

64.6. Sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələrini əks etdirən sənəddə sui-istifadənin təzahürlərinə şərait yaranmasına kömək edən müddəaların aşkar edildiyi normativ hüquqi aktın layihəsinin göstərilən iradlar nəzərə alınmaqla yenidən işlənməsi (normativ hüquqi aktda dəyişikliklər edilməsi) ilə bağlı tövsiyələr nəzərdə tutulmalıdır.