NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
40 illik yubileyinin keçirilməsi haqqında
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 40 illiyi tamam olur.
Azərbaycanın Naxçıvan diyarında rəssamlıq sənətinə böyük maraq olmuş, XII əsrdə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılan Naxçıvan memarlıq məktəbinin təsiri altında memarlar, rəssamlar, heykəltaraşlar, xəttatlar, nəqqaşlar və digər dekorativ tətbiqi sənət ustaları yetişmişlər.
Ötən əsrin əvvəllərində Naxçıvan Azərbaycan təsviri sənətinə milli-realist boyakarlıq janrının banisi Bəhruz Kəngərli kimi böyük rəssam bəxş etmişdir. Bəhruz Kəngərli tərəfindən əsası qoyulan Naxçıvan realist rəssamlıq məktəbi rəssamların bütöv bir nəslinin formalaşmasına öz təsirini göstərmişdir. Ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır.
Bu gün öz ətrafında 30-dan çox üzvü birləşdirən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında özünəməxsus rola malikdir. Birlik üzvlərinin əsərləri təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrinin sərgi salonlarında da nümayiş etdirilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən rəssamların əməyi yüksək qiymətləndirilmiş, onlardan 1 nəfəri Azərbaycan Respublikasının Xalq rəssamı, 6 nəfəri Azərbaycan Respublikasının Əməkdar rəssamı, 4 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 7 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adları ilə təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin muxtar respublikanın mədəni həyatındakı rolunu nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 40 illik yubileyi qeyd edilsin.
2. “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 23 iyul 2011-ci il
№ 36-04/S
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi Sədrinin 2011-ci il 23 iyul tarixli
36-04/S nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin yaradılmasının 40 illik
yubileyinin keçirilməsi ilə əlaqədar
TƏDBİRLƏR PLANI
S/s |
Tədbirin adı |
İcra müddəti |
İcraya məsul təşkilatlar |
|
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illiyi ilə əlaqədar yubiley tədbirlərinin təşkili |
İyul, 2011-ci il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi |
|
“Naxçıvanda rəssamlığın inkişafı” mövzusunda elmi-praktiki konfransın keçirilməsi |
İyul, 2011-ci il |
AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi |
|
Muxtar respublika rəssamlarının yaradıcılığının təhlil edilməsi, onların əsərlərindən ibarət sərgilərin təşkil olunması |
2011-ci il |
Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi |
|
Rəssam Mircəlil Seyidovun əsərlərindən ibarət albomun nəşr edilməsi |
2011-ci il |
Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi |
|
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin keçdiyi yola həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, yubileylə əlaqədar tədbirlərin işıqlandırılması |
2011-ci il |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |