Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında

ÇapE-poçt

 

ÜÇÜNCÜ  FƏSİL

DEPUTATIN SEÇİCİLƏRLƏ İŞ APARMASI

Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.

Deputat seçiciləri qəbul etmək üçün Naxçıvan Muxtar Respublikasının hər şəhərində və rayon mərkəzində (Naxçıvan şəhərində isə hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

 

Maddə 19. Seçicilərin hüquqlarının, azadlıqlarının və mənafelərinin təmin edilməsi üçün deputatın fəaliyyəti

Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər.

Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.

 

Maddə 20. Deputatın icra və məhkəmə hakimiyyəti  orqanla­rı­na, prokurorluq  orqanlarına, yerli özünüidarə orqanlarına müraciətləri

Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərtilə), prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər.

Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

 

DÖRDÜNCÜ   FƏSİL

DEPUTATLIQ   FƏALİYYƏTİNİN

TƏMİNATLARI

Maddə 21.  Deputatın maddi təminatları

Deputat deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.

Deputatların  pul təminatının məbləği hər il üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə müəyyənləşdirilir.

Maddə 22. Deputatın hərbi çağırışdan və hərbi toplanışdan azad olunması

Deputat səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.

Maddə 23. Deputatın təhlükəsizliyi

Deputatın təhlükəsizliyinə dövlət təminat verir.

Maddə 24. Deputatın nəqliyyatdan istifadə etmək hüququ

Deputat Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət mülkiyyətində olan dəmiryolu, hava, avtomobil, şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş-gəliş sənədlərinin növbədənkənar əldə etmək hüququndan istifadə edir.

Deputatlıq fəaliyyəti ilə bağlı Naxçıvan şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsilə təmin edilir.

Maddə 25. Deputatın mənzil təminatı və daimi yaşadığı yerin

rabitə vasitələri ilə təchiz olunması

Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Maddə 26. Deputatın xidməti pasportu

Deputata xidməti pasport verilir.

Maddə 27. Deputatın iş stajının hesablanması

Deputatın səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

Maddə 28. Deputatın müalicə olunması üçün pul təminatı

Deputatın müalicə olunması üçün zəruri hallarda ona Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən pul təminatı verilir.

Maddə 29. Deputatın səlahiyyət müddətləri qurtardıqdan sonra təminatları

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin   fəaliyyətdə olan deputatının  orta  aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı səlahiyyəti müddətində vəfat etdikdə onun ailə üzvləri – dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları həmin deputatın orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alırlar.

Pensiyaya çıxmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı vəfat etdikdə onun ailə üzvləri – dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları onun pensiyasını alırlar.

Bu maddədə nəzərdə tutulan pensiyanın məbləği deputatın ailə üzvləri arasında bərabər bölünür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının orta aylıq əmək haqqı onun son on iki ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

 

BEŞİNCİ   FƏSİL

DEPUTATIN STATUSUNUN POZULMASINA

GÖRƏ MƏSULİYYƏT

Maddə 30. Deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə

maneçilik törətməyə görə məsuliyyət

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri və başqa işçiləri, vətəndaşlar deputat səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törədərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Həmin orqanlar və şəxslər deputata bilərəkdən yalan məlumatlar verərlərsə, bu məlumatların yalan olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.

Maddə 31. Deputata qeyri-qanuni təsir göstərilməsinə görə məsuliyyət

Deputata qeyri-qanuni təsir göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 32. Deputatın səlahiyyətlərinin, toxunulmazlığının və təhlükəsizliyinin pozulmasına görə məsuliyyət

Deputatın səlahiyyətlərini, toxunulmazlığını və təhlükəsizliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

 

ALTINCI FƏSİL

DEPUTATIN HƏYAT VƏ  SAĞLAMLIĞININ

DÖVLƏT İCBARİ SIĞORTASI

 

Maddə 33. Deputatın həyat və sağlamlığının dövlət icbari

sığortası haqqında qanunvericilik və sığortalılar

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası bu Qanunla, «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bu Qanuna uyğun olaraq deputat sığortalı hesab edilir.

Maddə 34. Deputatın sığortaçısı

Deputatın sığortaçısı  dövlət sığorta orqanıdır.

Maddə 35. Sığorta məbləği və sığorta haqqı

Bu Qanuna uyğun olaraq hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

Sığorta haqqı, sığorta işinin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.

Maddə 36. Sığorta hadisəsi və sığorta ödənişi

Sığortalının fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi  (əlil olması və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.

Sığorta hadisəsi baş verdikdə sığortalıya sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:

1) həlak olduqda - 100%

2) aldığı xəsarət nəticəsində əlillik qrupu təyin olunduqda:

- I  qrup -  80%;

- II qrup -  60%;

- III qrup -  40%;

3) əlillik qrupu təyin olunmadan ağır xəsarət aldıqda -20%;

4) yüngül xəsarət aldıqda –5%.

Deputat olarkən  aldığı xəsarət nəticəsində sığortalı  deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində  3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci  hissəsinə uyğun sığorta ödənişi verilir.

Maddə 37. Deputatın sığortasının təşkili qaydası

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası sığorta etdirən (Naxçıvan Muxtar Respublikasının Ali Məclisi) üçün hər il dövlət büdcəsində bundan ötrü nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Sığorta etdirən, deputatların həyat və sağlamlığının dövlət icbari sığortasını təmin etmək üçün deputatların siyahısını sığortaçıya təqdim etməklə, dövlət büdcəsindən  bu məqsəd üçün ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyir.

Sığortaçı hər rüb sığorta etdirənə əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Sığortaçı sığortalıya və ya onun  vərəsələrinə bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən  7 təqvim günü ərzində verir.

Sığorta ödənişi verilmiş bir sığorta hadisəsinin nəticəsi olan əlillik qrupu daha ağır əlillik qrupu ilə əvəz olunduqda və ya ölüm baş verdikdə, sığorta ödənişi verilərkən əvvəl ödənilmiş məbləğ çıxılır.

Maddə 38. Sığortaçının və sığortalının hüquq və vəzifələri

Sığortaçının  və sığortalının qarşılıqlı hüquq və vəzifələri sığorta qanunvericiliyinə uyğun olaraq müqavilədə müəyyənləşdirilir.

Sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta haqlarının məbləğini aldığı gündən bu Qanuna və müqaviləyə uyğun olaraq sığortalıya sığorta ödənişini vermək öhdəliyini götürür.

Sığorta hadisəsi baş verdikdə sığortalı və ya onun vərəsəsi bu barədə  sığortaçını xəbərdar etməlidir.

Sığortalının və ya onun vərəsələrinin sığorta ödənişini alması üçün sığorta hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığortaçıya  və ya sığorta etdirənə müraciət etmək hüququ vardır.

Maddə 39. Sığorta ödənişini almaq üçün tələb olunan sənədlər

Sığorta ödənişini almaq üçün sığortalı və ya onun vərəsələri müəyyənləşdirilmiş formada ərizə, şəxsiyyətini təsdiq edən  sənəd və sığortalının  deputat olması  barədə arayışla birlikdə  sığortaçıya aşağıdakı sənədləri təqdim edir:

1)      həlak olma halında:

- sığortalının ölümü haqqında şəhadətnamənin surəti;

-vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

- deputat olarkən aldığı xəsarət nəticəsində sığortalı deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra 3 il müddətində vəfat etmişdirsə, yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;

2) əlillik halında:

- əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin olunması tarixi göstərilməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiqlənmiş surəti;

3) xəsarət alma halında:

- ağır və ya yüngül xəsarətin alınması barədə  tibbi arayış.

Maddə 40. Sığorta ödənişinin verilməsindən imtina

Sığortalıya və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

- sığorta hadisəsi sığortalının  alkoqollu, narkotik və ya toksiki maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

- sığortalı özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda;

- sığortalının sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda.

Maddə 41. Sığorta ehtiyatları

Sığortaçı daxil olmuş sığorta haqlarının 10 faizini sığorta işlərinin aparılması xərclərinə ayırmaqla qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sığorta ehtiyatları yaradır.

Maddə 42. Deputatın icbari sığortasının aparılmasına nəzarət  və deputatın icbari sığortası qaydalarının  pozulmasına görə məsuliyyət

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortasının vaxtında və düzgün aparılmasına sığorta etdirən və dövlət sığorta orqanı nəzarət edirlər.

Bu Qanunun müddəalarının pozulmasına görə sığorta etdirənin, dövlət sığorta orqanının rəhbərləri və digər vəzifəli şəxsləri qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Maddə  43. Deputatın icbari sığortası ilə əlaqədar  mübahisələrə baxılması qaydası

Deputatın həyat və sağlamlığının  dövlət icbari sığortası ilə bağlı mübahisələrə məhkəmə qaydasında baxılır.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 11 mart 1997-ci il