ÇapE-poçt

 

Maddə 21. Seçki komissiyalarına kütləvi informasiya vasitələrində yer ayrılması

21.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatları seçkilərin hazırlanması və keçirilməsi dövründə hər həftə seçki qanunvericiliyini izah etmək, vacib seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddətləri, habelə seçki kampaniyasının gedişi haqqında məlumat yaymaq, seçicilərin suallarına cavab vermək üçün Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq 15 dəqiqədən, dairə seçki komissiyalarına 10 dəqiqədən az olmayaraq əvəzsiz efir vaxtı verirlər.

21.2. Bu Qanunun 64.1-ci maddəsində göstərilən, həftədə azı bir dəfə nəşr edilən dövri mətbu nəşrlərin redaksiyaları seçkilərin hazırlanması və keçirilməsi dövründə Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq həftəlik nəşr həcminin bir səhifəsindən az olmayan yer ayırırlar.

21.3. Seçki komissiyaları dövri nəşrlərdə ayrılan yerdən seçki qanunvericiliyini izah etmək, seçki hərəkətlərinin qaydası və müddəti, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar (siyasi partiyalar blokları) haqqında, seçki kampaniyasının gedişi haqqında seçicilərin suallarına cavab vermək üçün istifadə edirlər.

Maddə 22. Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası

22.1. Mərkəzi Seçki Komissiyası 7 üzvdən ibarətdir.

22.2. Mərkəzi Seçki Komissiyasının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Mərkəzi Seçki Komissiyasının üzvləri Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin təklifi ilə Ali Məclis tərəfindən 5 il müddətinə seçilirlər.

22.3. Mərkəzi Seçki Komissiyasının sədrini, müavinini və katibini Mərkəzi Seçki Komissiyasının üzvləri komissiyanın birinci iclasında seçirlər.

22.4. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli, aktiv seçki hüququna malik, Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.

22.5. Mərkəzi Seçki Komissiyasının sədri, vəzifəsinə görə Mərkəzi Seçki Komissiyası aparatının rəhbəri hesab olunur.

Maddə 23. Mərkəzi Seçki Komissiyasının vəzifələri

23.1. Mərkəzi Seçki Komissiyası Ali Məclis deputatlarının seçkilərinin hazırlanmasını və keçirilməsini təmin edir.

23.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı vəzifələri həyata keçirir:

23.2.1. seçkilərin hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, seçkilərin maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, bu Qanunun müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir;

23.2.2. bu Qanunun qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;

23.2.3. dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir;

23.2.4. seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır, həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;

23.2.5. seçki bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin dairə seçki komissiyalarına çatdırılmasını təmin edir;

23.2.6. seçkilərin hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlər keçirir, seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;

23.2.7. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə şərait yaradır; qeydə alınmış namizədlər, siyasi  partiyalar və siyasi partiyaların blokları arasında efir vaxtının bölüşdürülməsinin vahid qaydalarını təsdiq edir, səsvermənin nəticələrinin dərc olunma qaydalarını müəyyən edir;

23.2.8. dövlət büdcəsindən seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir;

23.2.9. seçki bülletenlərinin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə  protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edir;

23.2.10. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir;

23.2.11. seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir və hazırlanmasını təmin edir;

23.2.12. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir;

23.2.13. seçiciləri seçici hərəkətlərinin həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin gedişi haqqında məlumatla təmin edir;

23.2.14. seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına nəzarət edir və seçkilərin maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir;

23.2.15. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin siyahısını tərtib edir;

23.2.16. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı  məsələlərə aid məlumatlar alır.

23.2.17. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəçiklər verir;

23.2.18. bu Qanuna uyğun olaraq öz iş qaydasını müəyyən edir;

23.2.19. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki komissiyalarının sədri və katibi haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir;

23.2.20. bu Qanuna uyğun olaraq digər vəzifələri həyata keçirir.

23.3. Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.

23.4. Mərkəzi Seçki Komissiyasının qərarları ən geci 24 saat ərzində rəsmi dərc edilməlidir və onlar dərc edildiyi gündən qüvvəyə minir.

23.5. Mərkəzi Seçki Komissiyasının öz blankı, ştampı və möhürü vardır.

23.6. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qanunun həyata keçirilməsinə dair reqlamentlər, təlimatlar, metodiki vəsaitlər, yaddaşlar, izahlar hazırlayır və onları dərc etdirir.

23.7. Mərkəzi Seçki Komissiyası bu Qanunun həyata keçirilməsi ilə bağlı qəbul edilən təlimatların, metodiki vəsaitlərin, yaddaşların və izahların aşağı seçki komissiyalarına çatdırılmasını təmin etməlidir. Aşağı komissiyalar həmin təlimatları, metodiki vəsaitləri, yaddaşları və izahları Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada onların asan oxunmasını təmin edən məlumat lövhələrində yerləşdirməlidir.

Maddə 24. Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri

24.1. Ali Məclisə seçkilərin keçirilməsi zamanı Mərkəzi Seçki Komissiyası bu Qanunun 23-cü maddəsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

24.1.1. Ali Məclisə seçkilərin bu Qanuna uyğun keçirilməsinə nəzarət edir;

24.1.2. bu Qanunla müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin edir;

24.1.3. seçkiqabağı təşviqat üçün siyasi partiyalar və siyasi partiyaların blokları, qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

24.1.4. deputatlığa namizədlərin (siyasi partiyaların) seçki fondlarına daxil olmuş vəsaitdən istifadə olunmasına nəzarəti təmin edir;

24.1.5. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

24.1.6. seçki dairələri üzrə qeydə alınmış namizədlər arasından seçilmiş deputatları müəyyən edir, onlara müvafiq vəsiqə verir;

24.1.7. Ali Məclisə seçkilərin nəticələrini, dairə seçki komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla, rəsmi dərc edir;

24.1.8. seçilmiş deputatların siyahısını tərtib edir, bu siyahıları və lazımi sənədləri Ali Məclisə təqdim edir;

24.1.9. təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir;

24.1.10. bu Qanunda nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Maddə 25. Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları

25.1. Mərkəzi Seçki Komissiyasının üzvü komissiyada öz səlahiyyəti dövründə dövlət büdcəsi hesabına əmək haqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs təqaüdə çıxdıqda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır.

25.2. Mərkəzi Seçki Komissiyasının üzvü Naxçıvan Muxtar Respublikası prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Naxçıvan Muxtar Respublikası prokuroruna xəbər verməlidir.

25.3. Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər dövründə ölkə ərazisində gediş-gəliş üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.

Maddə 26. Seçki komissiyası üzvünün statusu

26.1. Namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədi irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının üzvü kimi fəaliyyət göstərə bilməzlər. Bu maddədə nəzərdə tutulmuş qohumluqla əlaqədar (yaxın qohumlar istisna olunmaqla) qadağalar seçicilərin sayı 100-dən az, lakin 50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvlərinə şamil edilmir.

26.2. Bir seçki komissiyasının üzvü eyni zamanda digər seçki komissiyasının üzvü ola bilməz.

26.3. Aşağıdakı hallarda seçki komissiyasının üzvü bir ay müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 3 gün müddətində müvafiq seçki komissiyasının qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir:

26.3.1. vəzifəsindən azad edilməsi haqqında yazılı ərizə verdikdə və bu ərizə seçki komissiyasının sədri tərəfindən təsdiqləndikdə;

26.3.2. bu Qanunun 26.1-ci və 26.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda;

26.3.3. siyasi partiyanın üzvü olduqda.

26.4. Seçki komissiyası üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda dərhal xitam verilir:

26.4.1. Azərbaycan Respublikası vətəndaşlığını itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda;

26.4.2. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə;

26.4.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;

26.4.4. öz vəzifələrini müntəzəm icra etməməsi haqqında və ya bu Qanunun 18.5-ci maddəsinin tələblərini pozmaqla icra etməsi haqqında müvafiq seçki komissiyasının qərarı məhkəmə qərarı ilə təsdiq olunduqda;

26.4.5. seçki qanunvericiliyinin tələblərinin pozulması müvafiq məhkəmə qərarı ilə təsdiq olunduqda.

26.5. Bu Qanunun 26.3-cü və 26.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, seçki komissiyasının üzvü onu seçən orqan tərəfindən vəzifəsindən azad edilə bilməz və onun səlahiyyətlərinə xitam verilə bilməz.

26.6. Bu Qanunun 26.3-cü və 26.4-cü maddələrində göstərilən hallarda seçki komissiyasının tərkibindən çıxmış üzvün yerinə, onu əvvəl seçmiş orqan tərəfindən bu Qanunla müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 25 gün müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 5 gün müddətində yeni üzv seçilir.

26.7. Statusundan asılı olmayaraq seçki komissiyalarının üzvləri bu Qanunun tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya İnzibati Xətalar Məcəlləsi ilə vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

26.8. Seçki komissiyasının dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.

26.9. Seçki komissiyasının üzvləri:

26.9.1. müvafiq seçki komissiyasının iclasları, həmin iclasda baxılan məsələlər, onlara aid qərar layihələri və digər sənədlər barədə vaxtında məlumatlandırılırlar;

26.9.2. müvafiq seçki komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə təkliflər verə, seçki komissiyasının iclasında çıxış edə və bu məsələlər üzrə səsvermə keçirilməsini təklif edə bilərlər;

26.9.3. seçki komissiyası iclasının digər iştirakçılarına gündəlikdəki məsələlərə aid suallar verə və mahiyyəti üzrə cavablar ala bilərlər;

26.9.4. hər bir seçki sənədi (o cümlədən seçici siyahıları, seçki bülletenləri) ilə, aşağı seçki komissiyasının seçki sənədləri ilə tanış ola, sənədlərin (seçici siyahıları, imza vərəqələri, seçki bülletenləri istisna olmaqla) surətlərini ala bilər, qanunla dövlət, kommersiya sirri və ya başqa sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə tanış ola bilərlər;

26.9.5. seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) bu Qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.

Maddə 27. Seçki dairələri

27.1. Seçki dairələri üzrə seçkilərin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən 45 seçki dairəsi yaradılır.

27.2. Seçki dairələri aşağıdakı tələblərə riayət edilməklə yaradılır:

27.2.1. seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 45-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində bir qayda olaraq orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə onların ərazisində qeydə alınmış seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır.

27.3. Seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Qanunun 27.2-ci və 27.4-cü maddələrinə cavab verməsinin təmin edilməsidir. Seçki dairələri seçkilərin keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri seçkilər gününə ən azı 58 gün qalmış təsdiq edilməli və seçki gününə azı 57 gün qalmış dərc edilməlidir.

27.4. Seçki dairələrinin yaradılması sxemində aşağıdakılar göstərilməlidir:

27.4.1. hər seçki dairəsinin adı və nömrəsi;

27.4.2. hər seçki dairəsinə daxil olan inzibati ərazi vahidlərinin, yaxud şəhər, rayon üzrə bələdiyyə qurumlarının siyahısı (seçki dairəsinin tərkibinə inzibati ərazi vahidinin, bələdiyyə qurumunun, yaşayış məntəqəsi ərazisinin bir hissəsi daxildirsə, göstərilən sxemdə bu inzibati ərazi vahidinin, bələdiyyə qurumunun və yaşayış məntəqəsinin həmin hissəsinin sərhədləri qeyd edilməlidir. Bir inzibati ərazi vahidində bir seçki dairəsi yaradıldıqda həmin seçki dairəsinə daxil olan bələdiyyə qurumlarının siyahısı seçki dairəsinin yaradılması sxeminə daxil edilmir);

27.4.3. hər seçki dairəsinin mərkəzi;

27.4.4. hər seçki dairəsində qeydə alınmış seçicilərin sayı, inzibati ərazi vahidində birdən çox seçki dairəsi yaradıldıqda, seçki dairəsinin tərkibinə daxil olan hər bir bələdiyyə qurumunda qeydə alınmış seçicilərin sayı.

Maddə 28. Dairə seçki komissiyalarının təşkili

28.1. Dairə seçki komissiyaları səsvermə gününə ən azı 55 gün qalmış 7 üzvdən ibarət tərkibdə aktiv seçki hüququ olan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarından təşkil edilir.

28.2. Dairə seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.

28.3. Dairə seçki komissiyasının sədri və katibi onun ilk iclasında komissiyanın üzvləri sırasından gizli və ya açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə seçilirlər.

28.4. Dairə seçki komissiyasının tərkibi müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların və yaşayış yeri üzrə seçicilərin yığıncağının göstərdikləri namizədlər arasında Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada keçirilən püşkatma yolu ilə müəyyən edilir. Dairə seçki komissiyaları tərkibinin formalaşdırılması üçün püşkatmanı keçirmək məqsədi ilə 3 nəfərdən ibarət tərkibdə rayon, şəhər püşkatma komissiyaları təşkil edilir. Püşkatma komissiyalarının təşkili qaydalarını Mərkəzi Seçki Komissiyası müəyyən edir.

28.5. İctimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının irəli sürdükləri namizədlər arasında püşkatma o vaxt keçirilə bilər ki, həmin namizədlərin sayı 9 nəfərdən az olmasın. Müstəsna hallarda püşkatmanın keçirilməsi üçün zəruri olan sayda qalan namizədlər püşkatma komissiyası tərəfindən göstərilir. İctimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqları tərəfindən dairə seçki komissiyasının üzvlüyünə namizədlər göstərilməsi haqqında sənədlərin nümunələrini Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 58 gün qalmış təsdiq edir.

28.6. Dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş formada vəsiqə alırlar.