ÇapE-poçt

Maddə 29. Dairə seçki komissiyasının vəzifələri

29.1. Dairə seçki komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:

29.1.1. seçki dairəsinin ərazisində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir;

29.1.2. bu Qanunun qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;

29.1.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı fəaliyyətinə şərait yaradır;

29.1.4. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına ad verir və seçki məntəqələrinin vahid qaydada nömrələnməsini təmin edir;

29.1.5. seçki bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir;

29.1.6. seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitini məntəqə seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti təmin edir;

29.1.7. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə qurumlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;

29.1.8. seçkilərin gedişində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizəd­lərə dair məlumatları, seçkilərin (səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edir;

29.1.9. məntəqə seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edilməsinə, seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir;

29.1.10. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi işində təşkilati-texniki kömək göstərir;

29.1.11. məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir;

29.1.12. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq seçki sənədlərinin saxlanmasını təmin edir;

29.1.13. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin, o cümlədən səsvermənin (seçkilərin) nəticələri haqqında protokolların Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir;

29.1.14. məntəqə seçki komissiyalarının üzvlərini təlimatlandırır;

29.1.15. məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir.

29.2. Dairə seçki komissiyası Ali Məclis deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı səlahiyyətləri həyata keçirir:

29.2.1. müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir və dərc olunması üçün Mərkəzi Seçki Komissiyasına göndərir;

29.2.2. seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə verir;

29.2.3. seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları üçün bu Qanunla müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasına nəzarət edir;

29.2.4. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

29.2.5. seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyənləşdirir;

29.2.6. təkrar və əlavə seçkilərin keçirilməsində iştirak edir;

29.2.7. bu Qanuna uyğun digər səlahiyyətləri həyata keçirir.

Maddə 30. Dairə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları

30.1. Seçkilər dövründə dairə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz (bu maddədə «rayon prokuroru» dedikdə, seçki dairəsi ərazisinin çox hissəsinin əhatə etdiyi rayonun (şəhərin) prokuroru başa düşülür). Dairə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, dairə seçki komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Mərkəzi Seçki Komissiyasına və müvafiq rayon  prokuroruna xəbər verir.

30.2. Dairə seçki komissiyasının sədri, katibi və üzvləri dairə seçki komissiyaları formalaşdığı gündən seçki gününədək olan müddətdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə seçilən dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

30.3. Dairə seçki komissiyası üzvünün seçkilər dövründə seçki dairəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir.

Maddə 31. Dairə seçki komissiyasının işinin təşkili

31.1. Dairə Seçki Komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə seçki komissiyasının reqlamenti, təlimatlar, metodiki göstərişlər və bu Qanun əsasında qurur.

31.2. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında iştirak edən üzvlərin 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilir.

Maddə 32. Seçki məntəqələrinin yaradılması

32.1. Səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə alınmış seçicilərin sayı nəzərə alınmaqla hər 5 ildən bir seçki məntəqələri yaradılır. Bu Qanunun 32.3.1-ci maddəsinin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədilə ayrı-ayrı seçki məntəqələri yuxarıda göstərilən müddət keçmədən yenidən təşkil edilə bilər.

32.2. Seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri səsvermə gününə azı 35 gün qalmış yaradılmalıdır.

32.3. Seçki məntəqələri yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır:

32.3.1. hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500, ən azı 50 seçici qeydə alınmalıdır;

32.3.2. seçki məntəqələrinin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır.

32.4. Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olub, Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə xidmət edən Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getməsi) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Qanunun 32.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Qanunla müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.

32.5. Seçki məntəqələri seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda və s.), yolu çətin və ucqar yerlərdə, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bu Qanunun 32.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda isə səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər.

32.6. Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısı (seçki məntəqəsi yaşayış məntəqəsi  ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısı (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri və məntəqə seçki komissiyalarının telefon nömrələri dairə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 25 gün qalmış, bu Qanunun 32.5-ci maddəsində göstərilmiş müddətdə yaradılan seçki məntəqələri haqqında məlumat isə onların yaradılması günündən ən geci 2 gün keçənədək dərc edilir.

Maddə 33. Məntəqə seçki komissiyalarının təşkili

33.1. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən seçki gününə ən  azı 30 gün qalmış 5 üzvdən ibarət tərkibdə təşkil edilir.

33.2. Məntəqə seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.

33.3. Məntəqə seçki komissiyalarının tərkibi müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və həmin dairə seçicilərinin yığıncaqlarının göstərdikləri namizədlər arasında Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada keçirilən püşkatma yolu ilə müəyyən edilir. Püşkatmanı dairə seçki komissiyası həyata keçirir. İctimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının göstərdikləri namizədlər arasında  püşkatma o vaxt keçirilə bilər ki, həmin namizədlərin sayı 7 nəfərdən az olmasın. Müstəsna hallarda püşkatmanın keçirilməsi üçün zəruri olan sayda qalan namizədlər müvafiq dairə seçki komissiyası tərəfindən göstərilir. İctimai birliklər, siyasi partiyaların yerli təşkilatları və seçicilərin yaşayış yeri üzrə yığıncaqları tərəfindən məntəqə seçki komissiyasının üzvlüyünə namizədlərin göstərilməsi haqqında sənədlərin nümunələrini Mərkəzi Seçki Komissiyası seçki gününə ən azı 35 gün qalmış təsdiq edir.

33.4. Məntəqə seçki komissiyasının sədri və katibi komissiyanın üzvləri sırasından onun ilk iclasında gizli və ya açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə seçilirlər.

33.5. Məntəqə seçki komissiyasının üzvlərinə dairə seçki komissiyası müvafiq formada vəsiqələr verir.

Maddə 34. Məntəqə seçki komissiyasının vəzifələri

34.1. Məntəqə seçki komissiyası Ali Məclis deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

34.1.1. təşkil edildiyi vaxtdan ən azı 3 gün müddətində əhaliyə məntəqə seçki komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri barədə məlumat verir;

34.1.2. seçici siyahılarını təsdiq edir və dəqiqləşdirir; seçiciləri bu siyahılarla tanış edir; seçici siyahılarındakı səhvlər və yanlışlıqlar barədə ərizələrə baxır və siyahılarda müvafiq dəyişikliklər edir;

34.1.3. səsvermə yerinin, habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını təmin edir;

34.1.4. seçki məntəqəsi ərazisində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət edir;

34.1.5. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verir;

34.1.6. səsvermə günü seçki məntəqəsində səsverməni təşkil edir;

34.1.7. seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır;

34.1.8. bu Qanunun tələblərinin pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərarlar qəbul edir;

34.1.9. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq qaydada təhvil verilməsini təmin edir;

34.1.10. bu Qanuna uyğun digər vəzifələri həyata keçirir.

Maddə 35. Məntəqə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları

35.1. Məntəqə seçki komissiyasının sədri, katibi və üzvləri məntəqə seçki komissiyaları formalaşdığı gündən seçki  gününədək olan müddətdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

35.2. Səsvermə gününə 30 gün qalmış müddətdə məntəqə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Məntəqə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda məntəqə seçki komissiyasının üzvünü tutan orqan dərhal müvafiq rayon prokuroruna və dairə seçki komissiyasına xəbər verir.

Maddə 36. Məntəqə seçki komissiyasının işinin təşkili

36.1. Məntəqə seçki komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş məntəqə seçki komissiyasının reqlamenti əsasında qurur.

36.2. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında iştirak edən üzvlərin 2/3 səs çoxluğu ilə qəbul edilir.

 

IV   F Ə S İ L
SEÇKİLƏRİN HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ ZAMANI AŞKARLIQ

Maddə 37. Seçki komissiyalarının fəaliyyətində aşkarlıq

37.1. Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

37.2. Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını,  məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

37.3. Müvafiq seçki komissiyalarının iclaslarında iştirak etmək və adı çəkilən sənədlərlə tanış olmaq üçün bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslərin seçki komissiyalarından əlavə icazə almaları və ya müşahidəçi qismində qeydiyyatdan keçmələri tələb olunmur. Müvafiq seçki komissiyası onların seçki sənədləri ilə iş aparılan və ya səslər hesablanan yerə sərbəst daxil olmasını təmin edir.

37.4. Naxçıvan Muxtar Respublikasında aktiv seçki hüququna malik olan vətəndaşlar, o cümlədən bu Qanunun 41-ci maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər.

37.5. Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya  qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun təşəbbüsü əsasında apara bilər.

37.6. Naxçıvan Muxtar Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin  ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,  zərurət olduqda isə həm də maraqları təmsil olunacaq siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə 2 fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul olunmalıdır. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə Mərkəzi Seçki Komissiyası tərəfindən icazə verilmədikdə Mərkəzi Seçki Komissiyasının bu qərarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.

37.7. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə dairə seçki komissiyalarının formalaşdığı gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə maraqları təmsil olunacaq namizədin soyadı, adı, atasının adı göstərilməlidir. Ərizəyə 2 fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir.

37.8. Seçki komissiyalarının iclaslarında seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etmək hüququ vardır.

37.9. Müvafiq seçki komissiyası yuxarı seçki komissiyalarını, qeydə alınmış hər bir namizədi və ya onun səlahiyyətli nümayəndəsini, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxslərini, komissiyanın iclasında iştirak etmək hüququ olan müşahidəçiləri seçki sənədləri ilə işin və komissiyanın iclaslarının vaxtı haqqında məlumatlandırır.

37.10. Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır.

37.11. Seçki komissiyaları vətəndaşlara bu Qanuna uyğun olaraq qeydə alınmış namizədlərin hər birinin tərcümeyi-halı, qeydiyyatının nəticələri, namizədlərin siyahısı haqqında və seçki komissiyasına onların barəsində daxil olmuş digər məlumatlar, namizədlə əlaqədar səsvermənin nəticələri haqqında məlumat verirlər.

37.12. Bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslər, müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən hesablanmasını müşahidə edə bilərlər.

37.13. Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər. Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir. Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası püşkatma yolu ilə müəyyən edir, o şərtlə ki, bu Qanunun 37.5-ci maddəsində göstərilən subyektlərin hər birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki komissiyası üçün ayrı-ayrılıqda) və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin sayı 5-dən artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur.

37.14. Seçki komissiyasının bütün üzvlərinin, bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslərin və müşahidəçilərin hərbi hissələrdə, xəstəxanalarda, sanatoriyalarda və istirahət evlərində yaradılmış seçki məntəqələri də daxil olmaqla, istənilən seçki məntəqəsinin səsvermə otağına maneəsiz buraxılışı təmin edilməlidir.

37.15. Səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin, bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəciyi olmalıdır.

37.16. Müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, habelə onun göndərildiyi seçki komissiyası (komissiyaları) göstərilmiş, eləcə də maraqlarını təmsil etdiyi qeydə alınmış namizədin, siyasi partiyanın və siyasi partiyalar blokunun adı göstərilən lövhəciyi olmalıdır. Lövhəcik şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə etibarlı sayılır. Müşahidəçinin göndərilməsi haqqında qabaqcadan xəbər vermək tələb edilmir.

37.17. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.

Maddə 38. Müşahidə aparılmasının prinsipləri

38.1. Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır:

38.1.1. seçki prosesinə namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir;

38.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;

38.1.3. müşahidə açıq aparılmalıdır;

38.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır.

38.2. Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir.

38.3. Müşahidə seçkilər elan olunduğu gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələr baxıldıqdan sonra seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.

Maddə 39. Müşahidəçilərin  hüquq və vəzifələri

39.1. Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.

39.2. Müşahidəçinin, o cümlədən beynəlxalq müşahidəçinin bu Qanunun 37.12 və 37.13-cü maddələrində göstərilən hüquqlarla yanaşı aşağıdakı hüquqları vardır:

39.2.1. seçici siyahıları ilə tanış olmaq;

39.2.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;

39.2.3. seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;

39.2.4. səsvermə yerindən kənarda seçicilərin səsverməsini müşahidə etmək;

39.2.5. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;

39.2.6. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;

39.2.7. müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq;

39.2.8. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;

39.2.9. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası  tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;

39.2.10. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;

39.2.11. seçki sənədlərinin dairə seçki komissiyasına  və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.

39.3. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir:

39.3.1. seçicilərə seçki bülletenləri vermək;

39.3.2. seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;

39.3.3. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;

39.3.4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;

39.3.5. seçki komissiyalarının üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;

39.3.6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;

39.3.7. seçicilər arasında təşviqat aparmaq;

39.3.8. bu və ya digər namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;

39.3.9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;

39.3.10. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).

39.4. Bu Qanunun 39.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.

39.5. Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi Seçki Komissiyasının sədrinə, dairə və ya məntəqə seçki komissiyalarının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.