Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında

ÇapE-poçt

 

Maddə 40. Kütləvi informasiya vasitələrinin nümayəndələri

40.1. Kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollar və qərarlarla tanış ola bilər, habelə müvafiq seçki komissiyasının qərarının, protokolunun və onlara qoşulan digər sənədlərin surətlərinin bir nüsxəsini haqqı ödənilmədən çıxara və ya ala bilər, əlavə nüsxələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala bilərlər.

40.2. Kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə seçki komissiyası qərarlarının, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollarının surətləri seçki komissiyası tərəfindən təsdiq olunmalıdır.

Maddə 41. Beynəlxalq (xarici) müşahidəçilər

41.1. Beynəlxalq (xarici) müşahidəçilər (bundan sonra - beynəlxalq müşahidəçilər) qanunla müəyyənləşdirilmiş qaydada və müvafiq dəvət əsasında Naxçıvan Muxtar Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər.

41.2. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Ali Məclis, müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər.

41.3. İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan ictimai təşkilatlar da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Ali Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.

41.4. Beynəlxalq müşahidəçi qeydə alınmaq üçün bu Qanunun 37.7-ci maddəsində göstərilən sənədləri təqdim edir. Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçiyə dövlət dilində və xarici dillərin birində onun təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş vəsiqə - lövhəcik verir. Yalnız belə lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin hazırlanması və keçirilməsi dövründə bu Qanunun 37-39-cu maddələrinə uyğun olaraq fəaliyyət göstərmək imkanı verir.

41.5. Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün tamam olur.

41.6. Beynəlxalq müşahidəçi öz fəaliyyətini müstəqil və sərbəst həyata keçirir, onun fəaliyyəti müşahidəçini göndərən tərəfin hesabına və ya onun öz şəxsi vəsaiti hesabına maliyyələşdirilir.

41.7. Beynəlxalq müşahidəçi Naxçıvan Muxtar Respublikasının ərazisində olduğu müddətdə dövlətin mühafizəsi altına alınır. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları ona zəruri yardım göstərməyə borcludurlar.

41.8. Beynəlxalq müşahidəçilər səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və kütləvi informasiya vasitələrinə müraciət edə bilərlər.

41.9. Beynəlxalq müşahidəçilərin seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri ilə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri ilə, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ vardır.

41.10. Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər.

41.11. Beynəlxalq müşahidəçi qanunları, beynəlxalq hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki Komissiyası onun qeydiyyatını ləğv edə bilər.

 

V   F Ə S İ L
SEÇİCİ  SİYAHILARI

Maddə 42. Seçici siyahılarının tərtib edilməsi

42.1. Seçici siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada səsvermə gününə azı 20 gün qalmış təsdiq edilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər.

42.2. Seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

42.3. Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.

42.4. Seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində) səsvermə günü yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları müvafiq məntəqə seçki komissiyası tərəfindən seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərəfindən yoxlanılmış məlumatlar əsasında səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.

42.5. Seçici siyahıları 2 nüsxə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün əlavə olaraq, doğulduğu ay və gün), daimi və ya daha çox yaşadığı yerin ünvanı və seçki məntəqəsinin nömrəsi göstərilir.

42.6. Bu Qanunun 42.2-ci maddəsinə uyğun olaraq tərtib olunmuş seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır,  ikinci nüsxəsinin hər bir vərəqi səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır, möhürlə təsdiq edildikdən sonra dairə seçki komissiyasına verilir.

42.7. Bu Qanunun 32.5-ci maddəsinə uyğun olaraq yaradılmış seçki məntəqəsi üzrə seçici siyahıları məntəqə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır, komissiyanın möhürü ilə təsdiq edilir.

42.8. Məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri bu Qanuna uyğun olaraq yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırırlar.

42.9. Seçicilər haqqında məlumatları təqdim edən icra orqanının rəhbəri müvafiq məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Maddə 43. Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici  siyahısından çıxarılması qaydası

43.1. Naxçıvan Muxtar Respublikasında daimi yaşayan, aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.

43.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

43.3. Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər. Hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, onların ailə üzvlərinin və hərbi hissələrin hüdudlarında yaşayan digər seçicilərin seçici siyahılarına daxil edilməsi üçün Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların ya da hərbi hissələrin, yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissənin ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin əmri ilə təsdiqlənən daimi və ya daha çox yaşama faktı əsas götürülür.

43.4. Səsvermə günü xəstəxanalarda və s. yerlərdə olan seçicilər orada yaradılan seçki məntəqələrində şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər.

43.4-1. İstintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.

43.5. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qətimkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda bu cür şəxslərin şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir.

43.6. Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.

43.7. Hərəkət edə bilməyən vətəndaşlar yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.

43.8. Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb seçicinin bir siyahıda saxlanılmasını təmin etməlidir. Seçici bilərəkdən birdən çox seçici siyahısına daxil edilibsə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər.

43.9. Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında, habelə bu Qanunun 87.12-ci maddəsinə uyğun olaraq seçiciyə verilmiş səsvermə vəsiqəsi əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyasının sədrinin və katibinin imzası ilə təsdiq edilir, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verildikdə isə vəsiqə onu vermiş seçki komissiyası üzvlərinin imzaları ilə təsdiq edilir.

Maddə 44. Seçicilərin seçici siyahıları ilə tanış edilməsi

44.1. Məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 25 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir.

44.2. Vətəndaş seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat verə bilər. Seçicinin müraciəti ilə əlaqədar məntəqə seçki komissiyası müraciət etmə günündən başlayaraq bir gün müddətində, səsvermə günü isə dərhal, lakin səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı, yaxud müraciət etmiş seçiciyə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə yazılı cavab verməlidir.

 

VI  F Ə S İ L
Siyasi partiyaların və siyasi partiyalar bloklarının
seçkilərdə iştirakının əsasları

Maddə 45. Siyasi partiyanın (siyasi partiyalar blokunun) seçkilərdə iştirakının şərtləri

45.1. Seçkilərdə iştirak edən siyasi partiya (siyasi partiyalar bloku) bu Qanunun 2.4-cü maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı şərtlərə riayət etməlidir:

45.1.1. digər siyasi partiyanın (siyasi partiyalar blokunun) seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;

45.1.2. digər siyasi partiyaların (siyasi partiyalar bloklarının), seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;

45.1.3. seçicilərlə azad ünsiyyətin yaradılması üçün digər siyasi partiyalara (siyasi partiyaların bloklarına) mane olmamaq;

45.1.4. siyasi fəaliyyətdə iştirak etmək istəyən seçicilərə həmin fəaliyyətin azad və sərbəst həyata keçirilməsi üçün təminatlar yaratmaq.

Maddə 46. Siyasi partiyalar bloku

46.1. Siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər. Siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə bilməz və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilir. Göstərilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.

46.2. Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi blokun qeydə alınması məqsədi ilə Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim edir:

46.2.1. bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;

46.2.2. siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;

46.2.3. blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar.

46.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına müvafiq sənədləri təqdim etdiyi gündən ən geci 5 gün müddətində qeydə alınmalıdır.

46.4. Bu Qanunun 46.2-ci maddəsində göstərilən sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya bu Qanunun tələblərinə uyğun gəlmədikdə siyasi partiyalar blokunun qeydə alınmasından imtina edilə bilər.

46.5. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasında qeydə alındıqdan sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə bilməz.

Maddə 47. Siyasi partiyalar blokunun adı və emblemi

47.1. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat təqdim edir.

47.2. Siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir. Blokun adlandırılmasında həmin bloka daxil olmayan siyasi partiyaların (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Fiziki şəxsin adından və ya soyadından siyasi partiyaların bloku tərəfindən yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edilə bilər.

47.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasının təsdiqinə özünün emblemini də təqdim edə bilər. Siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və ya siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla (bu Qanunun 47.2-ci maddəsi nəzərə alınmaqla) istənilən emblemi təqdim edə bilər. Siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır.

47.4. Siyasi partiyalar blokunun adının və embleminin seçkilərin gedişində dəyişdirilməsinə icazə verilmir.

Maddə 48. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri

48.1. Səlahiyyətli nümayəndələr, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.

48.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını, onun səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda – fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə maliyyə sənədlərini və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan qərar əsasında həyata keçirir.

48.3. Siyasi partiyaların, siyasi partiyalar bloklarının təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri istisna olmaqla, digər səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki komissiyalarına da təqdim edilir.

48.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu olmadıqda - fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktubu əlavə edilməlidir.

48.5. Siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir.

48.6. Siyasi partiyaların, siyasi partiyalar bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə edə bilməzlər.

48.7. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin namizədlik statusunun itirilməsi vaxtı başa çatır.

 

VII  F Ə S İ L
SEÇKİLƏR ZAMANI NAMİZƏDLƏRİN İRƏLİ
SÜRÜLMƏSİ VƏ QEYDİYYATI

Maddə 49. Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi

49.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.

49.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü) göstərilməlidir.

49.3. Bu Qanunun 49.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.

49.4. Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.

49.5. Müvafiq seçki komissiyası bu Qanunun 49.4-cü maddəsinin tələblərinə uyğun olaraq təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir.

49.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

49.7. Namizədin irəli sürülməsini təsdiq edən qərarın surətini verməkdən imtina edilməsi üçün əsas yalnız bu Qanunun 49.2 və 49.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Qanunla müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Qanunun 49.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

Maddə 50. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi

50.1. Namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir.

50.2. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların konfransında (rəhbər orqanının iclasında) müəyyənləşdirilir.

50.3. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:

50.3.1. iclasda (konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;

50.3.2. siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;

50.3.3. namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;

50.3.4. qərarın qəbul edilməsi tarixi.

50.4. Siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər.

50.5. Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri də təqdim edir:

50.5.1. siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

50.5.2. siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;

50.5.3. namizədin irəli sürülməsi barədə siyasi partiyanın konfransının (rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu;

50.5.4. siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini.

50.6. Namizədin adı ilə birlikdə siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim edir:

50.6.1. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların konfranslarının (rəhbər orqanının iclasının) namizəd irəli sürülmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;

50.6.2. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;

50.6.3. siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri.

50.7. Müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Namizədlərin adları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir, çap üsulu ilə və ya maşınla oxunmasına imkan verən başqa üsulla tərtib olunur.

50.8. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi bu Qanunun 50.1-50.7-ci maddələrində göstərilən sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir.

50.9. Seçki komissiyası təqdim edilmiş sənədlərə 5  gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

50.10. Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız bu Qanunun 50.1-50.7-ci maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin bu Qanun ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi bu Qanunun 50.9-cu maddəsində göstərilən müddətdə bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

50.11. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları irəli sürülmüş müvafiq namizədlər barədə məlumat alınmasına şərait yaratmalıdırlar.