Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında

ÇapE-poçt

 

Maddə 51. Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməsi

51.1. Bütun namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.

51.2. Bu Qanunda aşağıdakılar vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması kimi başa düşülür:

51.2.1. tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək;

51.2.2. bütün namizədlər və ya qeydə alınmış namizədlər dövlət orqanlarının, yaxud bələdiyyə orqanlarının yerləşdiyi binalardan eyni şərtlərlə istifadə edə bilmədikləri halda, bu binalardan namizəd irəli sürməyə və ya seçilməyə kömək göstərən fəaliyyətlə məşğul olmaq üçün istifadə etmək;

51.2.3. dövlət orqanlarının, təşkilatlarının, bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə, informasiya, telefon vasitələrindən imzaların toplanması və  seçkiqabağı təşviqat üçün istifadə etmək;

51.2.4. namizəd irəli sürülməyə və ya seçilməyə kömək üçün dövlət və ya bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz və ya güzəştli şərtlərlə istifadə etmək (yuxarıda göstərilən hallar dövlət mühafizəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitələrindən istifadə edən şəxslərə aid edilmir);

51.2.5. dövlət və ya bələdiyyə qulluqçularını xidməti ezamiyyət zamanı imza yığılmasına və ya seçkiqabağı təşviqata cəlb etmək;

51.2.6. bu Qanunun  64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrindən güzəştli şərtlərlə imza toplanması və ya seçkiqabağı təşviqat məqsədi ilə istifadə etmək.

51.3. Namizədlər, namizədi irəli sürmüş siyasi partiyalar, siyasi partiyaların blokları və onların səlahiyyətli nümayəndələri, habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri göstərilən şəxslər və təşkilatlar olan hüquqi şəxslər və onların xahişi və ya tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların digər fiziki və hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və ya təşkilatlara maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Fiziki və hüquqi şəxslərin siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və ya namizədlər adından, yaxud onların müdafiəsi məqsədi ilə xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

Maddə 52. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri

52.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Qanunun 49.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Qanunun 50.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır.

52.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 300 imzası toplanmalıdır.

52.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.

52.4. İmza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi partiyanın adı göstərilə bilər.

52.5. Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər.

Maddə 53. Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası

53.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.

53.2. Seçici imzalarını 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaş toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.

53.3. Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

53.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

53.5. İmza vərəqələri bu Qanunun 1 və 2 saylı əlavələrinə uyğun hazırlanır.

53.6. Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqə üz tərəfin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.

53.7. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

53.8. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin  seriyasını və nömrəsini, verilmə tarixini göstərir.

53.9. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə  soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

53.10. Namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir.

53.11. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.

53.12. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələrindəki seçici imzalarının sayı bu Qanunla müəyyənləşdirilmiş qeydiyyat üçün lazımi imzaların sayından 15 faiz artıq ola bilər.

53.13. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və ardıcıl tikilməlidir.

Maddə 54. Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi

54.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 45 və ən azı 25 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

54.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

54.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

54.1.3. bu Qanunun  49.3-cü və 50.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

54.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

54.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

54.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

54.2. Bu Qanunun 54.1.2-54.1.6-cı maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir.

54.3. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.

54.4. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir vərəqi möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Qanunun 54.1-ci və 54.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.

54.5. (Çıxarılmışdır).

Maddə 55. İmza vərəqələrində, habelə namizədlərin, siyasi    partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgün-lüyünün seçki komissiyaları tərəfindən yoxlanılması

55.1. Müvafiq seçki komissiyası bu Qanunla müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Qanunun tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun, seçicilərin bu Qanuna uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır.

55.2. Müvafiq seçki komissiyası bu Qanuna uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 30 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən ixtisaslaşdırılmış orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.

55.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. İmza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır.

55.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir.

55.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın.

55.6. İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.

55.7. Bu Qanunun 55.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir:

55.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud bu Qanunun 55.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları;

55.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları;

55.7.3. bu Qanunun 53.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar;

55.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar;

55.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar.

55.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar.

55.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi par­tiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qay­dasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.

55.10. Bu Qanunun 55.7-55.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Qanunun tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır.

55.11. Bu Qanunun 55.6–55.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz.

55.12. Bu Qanunun 55.6-55.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.

55.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə, namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq vərəqənin nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.

Maddə 56.   Namizədin qeydə alınması

56.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.

56.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər:

56.2.1. imzaların toplanması zamanı bu Qanunun 53.1-ci maddəsinin tələblərinin pozulması;

56.2.2. bu Qanunun 53-cü və 54-cü maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

56.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarının bu Qanunun 53-cü və 54-cü maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən məlumatlardakı qeyri-düzgünlüklər namizədin günahı ucbatından buraxılsın);

56.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması;

56.2.5. namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fon­dunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərc­lən­məsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun);

56.2.6. bu Qanunun 51-ci maddəsinin tələblərinin siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyaların bloku və ya namizəd tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin – bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa).

56.3. Bu Qanunun 56.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır.

56.4. Bu Qanunun 56.2.2 və 56.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır.

56.5. (Çıxarılmışdır).

56.6. Namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Qanunun pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq mühafizə orqanlarına göndərir.

56.7. Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vəsitələrinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Qanunun 85.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir.

56.8. Bir şəxsin birdən çox seçki dairəsi üzrə namizəd kimi qeydə alınmasına yol verilmir.

56.9. Bu Qanunun 56.8-ci maddəsində göstərilən qayda pozulduqda namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq seçki komissiyasının qərarı ilə ləğv edilir (qeydə alınmış keçmiş namizəd əvvəlki qeydiyyatdan imtina haqqında ərizə verməzsə).

56.10. Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 14 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.

 

VIII  F  Ə  S  İ  L
QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN STATUSU

Maddə 57. Qeydə alınmış namizədlərin bərabərliyi

57.1. Qeydə alınmış bütün namizədlər onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

57.2. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Ali Məclisin deputatlarına şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətinin qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər.

57.3. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər.

57.4. Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları bu Qanunun 51.2-ci maddəsi ilə müəyyənləşdirilir.

57.5. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı təşviqat aparmaq hüququ vardır.

57.6. Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.

57.7. Bu Qanunun 57.3-57.5-ci maddələri ilə müəyyənləşdirilmiş məhdudiyyətlərə əməl edilməsi Ali Məclisin deputatlarına seçicilər qarşısında səlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.

57.8. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının müvafiq qaydada vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

Maddə 58. Qeydə alınmış namizədin fəaliyyətinin təminatları və seçkilərdə iştirakının şərtləri

58.1. Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir.

58.2. Bu Qanunun 58.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının, onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.

58.3. Qeydə alınmış namizəd bu Qanunun 58.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

58.4. Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.

58.5. Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının, seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

58.6. Seçkilərdə iştirak edən qeydə alınmış namizəd bu Qanunun 2.4-cü maddəsində göstərilən şərtlərlə yanaşı, aşağıdakı şərtlərə riayət etməlidir:

58.6.1. qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;

58.6.2. qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;

58.6.3.   seçicilərlə   azad  ünsiyyətin  yaradılmasında  qeydə  alınmış digər namizədlərə mane olmamaq.

Maddə 59. Vəkil edilmiş şəxslər

59.1. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər namizədi qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının müvafiq təqdimatlarına bu Qanunun 48-ci maddəsində müəyyən edilən qaydalar şamil edilir.

59.2. Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.

59.3. Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

59.4. Seçki dairəsi üzrə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınır.

59.5. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.

59.6. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə bu Qanunun pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, bu Qanunun 59.5-ci maddəsində göstərilən hallar istisna edilməklə, təmsil etdikləri namizədlərin statusunun itirilməsi ilə başa çatır.

Maddə 60. Namizədin namizədlik statusundan imtina etməsi

60.1. İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

60.2. Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə bir gün müddətində qərar qəbul edir.

60.3. Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.

60.4. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat Mərkəzi, dairə və məntəqə seçki komissiyalarının bu Qanunun 85.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

60.5. Bu Qanunun 60.1-60.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə istənilən seçki dairəsi üzrə seçkilərdə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır.

Maddə 61. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçkilərdə iştirakdan imtina etməsi

61.1. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

61.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

61.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Qanunla müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

61.4. Siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqdan sonra bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

61.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi, ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Qanuna uyğun olaraq namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

 

IX   F  Ə  S  İ  L

SEÇKİQABAĞI TƏŞVİQAT

Maddə 62. Seçkiqabağı təşviqatın aparılması

62.1. Seçkiqabağı təşviqat aparmaq hüququna aşağıdakılar malikdirlər:

62.1.1. Ali Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;

62.1.2. Ali Məclisə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları.

62.2. Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:

62.2.1. kütləvi informasiya vasitələri ilə;

62.2.2. kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;

62.2.3. qanunla qadağan edilməyən digər üsullarla.

62.3. Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

62.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:

62.4.1. bu Qanunun 77.6-cı maddəsində  göstərilən subyektlərə (bu Qanunun 13.2-ci maddəsi nəzərə alınmaqla);

62.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;

62.4.3. seçki komissiyalarına, seçki komissiyasının üzvlərinə və digər vəzifəli şəxslərinə.

62.5. Bu Qanunla seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyası həyata keçirir.

Maddə 63. Seçkiqabağı təşviqatın aparılması müddəti

63.1. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

63.2. Seçkiqabağı təşviqat səsvermə gününə 12 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

63.3. Bu Qanunla müəyyənləşdirilmiş qaydada seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.

Maddə 64. Seçkiqabağı təşviqat zamanı kütləvi informasiya vasitələrinin əsas vəzifələri. İctimai rəy sorğusu

64.1. Teleradio verilişləri təşkilatlarının və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilirsə, bu teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü bərabər şərait yaradırlar.

64.2. Teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları təşviqat fəaliyyətində tamamilə iştirak etmədikdə, formasından asılı olmayaraq hər hansı materialın nəşrindən və ya efir vaxtının verilməsindən imtina edə bilərlər.

64.3. Kütləvi informasiya vasitələri seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini dərc etdikdə rəy sorğusu keçirən təşkilatları, onun keçirilməsi vaxtını, dəqiq ifadə edilmiş sualları, sorğuda iştirak edənlərin sayını bildirməlidir.

64.4. Səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların kütləvi informasiya vasitələrində dərc edilməsinə yol verilmir.

Maddə 65. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılmasının ümumi şərtləri

65.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər.

65.2. Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır.

65.3. Müvafiq teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları efir vaxtı verilməsinin və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyasına göndərilən bildirişlə yanaşı, ödənişin məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən ən geci 30 gün ərzində dərc etməlidirlər.