Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında

ÇapE-poçt

 

Maddə 66. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqata ayrılan efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatı

Müvafiq seçki komissiyasının sorğusu əsasında qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları ödənişli efir vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri təqdim etməyə borcludurlar.

Maddə 67. Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri

67.1. Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri pulsuz efir vaxtı qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları arasında bərabər şərtlərlə və bərabər həcmdə Mərkəzi Seçki Komissiyası tərəfindən bölünür.

67.2. Teleradio verilişləri təşkilatlarının namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna pulsuz efir vaxtının verilməsi ilə əlaqədar çəkdikləri xərclər həmin teleradio verilişləri təşkilatlarına dövlət büdcəsindən ödənilir.

Maddə 68. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtının verilməsi şərtləri

68.1. Bu Qanunla nəzərdə tutulan teleradio verilişləri təşkilatları seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdırlar. Bütün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün ödəniş həcmi və şərtləri eyni olmalı və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq ən geci 30 gün ərzində bu barədə müvafiq məlumat dərc edilməlidir. Hər bir teleradio verilişləri təşkilatının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir vaxtının ümumi həcmi bu Qanunun 67.1-ci maddəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz.

68.2. Qeydə alınmış hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

68.3. Ödənişli efir vaxtı verilməsi haqqında müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır:

68.3.1. seçkiqabağı təşviqatın forması;

68.3.2. efirə çıxma vaxtı və tarixi;

68.3.3. verilən efir vaxtının müddəti, onun ödənilməsi qaydası və ödənişin həcmi;

68.3.4. aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirakı forması və şərtləri qeyd olunmaqla, müqavilə şərtləri yerinə yetirildikdən sonra verilişlərin proqramları, verilişin adı və efirə çıxma vaxtı göstərilməklə, efir vaxtından istifadə edildiyi barədə akt bağlanır.

68.4. Efir vaxtı dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku efir vaxtının verilməsi gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Müvafiq bank ödəniş tapşırığını aldıqdan sonra pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin həyata keçirilməsi müddəti iki bank günündən çox olmamalıdır.

68.5. Efir vaxtı dəyərinin ödənişi qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu (bundan sonra – seçki fondu) vəsaitləri hesabına həyata keçirilməlidir

68.6. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dəyəri ödənilmiş efir vaxtından istifadə zamanı bu Qanunla müəyyənləşdirilmiş şərtləri pozduqda, teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi haqqında müqavilənin ləğvi üçün məhkəməyə müraciət edə bilərlər. Müqavilə ləğv edildikdə teleradio verilişləri təşkilatlarının sərbəstləşmiş efir vaxtından seçkiqabağı təşviqat məqsədləri üçün istifadə etmək hüququ yoxdur.

68.7. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.

Maddə 69. Televiziya və radioda seçkiqabağı təşviqat materiallarının verilməsinə dair tələblər

69.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçkiqabağı təşviqat materiallarının verilməsini, malların, işlərin və xidmətlərin reklamları və ya digər proqramların verilməsi ilə dayandırmaq qadağan edilir.

69.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçkiqabağı təşviqat materiallarının bu Qanunun 64.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq qadağandır.

69.3. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı tədbirlərinin keçirilməsi haqqında məlumatlar, bir qayda olaraq, teleradio proqramlarında məlumatların şərhsiz göstərildiyi proqramların başlanğıcında verilməlidir. Belə məlumatlara sərf edilən efir vaxtının dəyərini qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları ödəmirlər. Bu halda seçkiqabağı təşviqatın işıqlandırılmasında hər hansı bir qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna üstünlük verilməməlidir.

69.4. Seçkiqabağı təşviqata aid teleradio proqramlarının yazısı aparılır, həmin yazılar efirə çıxdığı gündən 12 ay müddətində müvafiq teleradio verilişləri təşkilatları tərəfindən qorunub saxlanılır. Teleradio verilişləri təşkilatları pulsuz və ödənişli efir vaxtının verilməsinə aid hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdırlar.

Maddə 70. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın pulsuz əsaslarla aparılması şərtləri

70.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq səhifələr ayırırlar.

70.2. Bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyalarının hər birinin qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına pulsuz ayırdığı nəşr səhifələrinin həftəlik ümumi həcmi bu Qanunun 63-cü maddəsi ilə müəyyənləşdirilmiş dövrdə həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 5 faizini təşkil etməlidir.

Maddə 71. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması şərtləri

71.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparılması məqsədi ilə öz səhifələrində ödənişli əsaslarla yer ayırmağa borcludurlar. Nəşr səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi əsasları, şərtləri və məbləği qeydə alınmış bütün namizədə, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır və seçkilərin təyin edilməsi barədə qərarın rəsmi dərcindən ən geci 30 gün keçənədək dövri nəşrlərin redaksiyaları tərəfindən dərc edilməlidir. Nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi bu Qanunun 70.2-ci maddəsinə əsasən ayrılan pulsuz nəşr səhifələrindən az olmamalıdır.

71.2. Qeydə alınmış hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku müvafiq ödəniş müqabilində ehtiyat üçün nəşr səhifəsində ayrılan yerin ümumi həcminin müvafiq olaraq qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilən hissəsi qədər yer ala bilər.

71.3. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları dövri nəşrlərin səhifələrində ayrılmış yerin dəyərini püşkatmadan sonra dövri nəşrlərin redaksiyaları ilə bağladıqları müqavilə əsasında ödəyirlər.

71.4. Dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilir.

71.5. Bu Qanunun 71.2-ci maddəsində göstərilən dövri nəşrlərin səhifələrində ayrılan yer bu Qanunun 63-cü maddəsində göstərilmiş dövrdə təqdim edilməlidir.

Maddə 72. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın aparılmasına dair tələblər

Bu maddəyə uyğun olaraq seçkiqabağı təşviqat materialları dərc edilərkən namizədlər, siyasi partiya, siyasi partiyaların bloku ilə razılaşdırmadan heç bir redaksiya şərhi verilə bilməz.

Maddə 73. Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması şərtləri

73.1. Dovlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər.

73.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır.

73.3. Seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar.

73.4. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.

73.5. Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat məqsədləri üçün istifadə edilə bilməz.

73.6. Hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər. Bu görüşlərin keçirilməsində yuxarıda göstərilən şəxslərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına bərabər şərait və həmin görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.

73.7. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyi və ictimai asayişi qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları təmin edirlər.

Maddə 74. Seçkiqabağı təşviqat materiallarının buraxılışı və yayılması şərtləri

74.1. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları qanunla müəyyənləşdirilmiş qaydada seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər.

74.2. Seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günədək təsisçiləri (həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları və idarələri olan, reklam xidmətləri göstərən təşkilatlar müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün bərabər şərait yaratmalıdırlar.

74.3. Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir.

74.4. Seçkiqabağı təşviqat materiallarının bu Qanunun 74.3-cü maddəsinin tələblərini pozmaqla yayılması qadağandır.

74.5. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasının təklifi ilə səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirilməlidir. Belə yerlər seçicilərin gəlməsi üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir ki, orada yerləşdirilən məlumatları oxumaq mümkün olsun. Qeydə alınmış namizədlər, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını dairə seçki komissiyasından ala bilərlər.

74.6. Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır.

74.7. Seçkiqabağı təşviqat materialları dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və ya mədəniyyət abidələri sayılan binalarda, qurğularda və otaqlarda, habelə seçki komissiyalarının otaqlarında, o cümlədən bu Qanunun 85.3-cü maddəsində nəzərdə tutulmuş məlumat lövhələrində səsvermə üçün ayrılmış otaqlarda və ya onların girişlərində yerləşdirilə bilməz.

74.8. Saxta seçkiqabağı təşviqat materiallarının və ya bu Qanunun 74.3-cü, 74.4-cü, 74.6-cı, 74.7-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat materiallarının yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına və digər orqanlara qanunazidd təşviqatın dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat materiallarının götürülməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və ya Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.

Maddə 75. Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi

75.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı proqramlarında, yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır.

75.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.

75.3. Əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat qadağandır.

75.4. Seçkiqabağı təşviqatda bilavasitə, yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:

75.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);

75.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;

75.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;

75.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;

75.4.5. seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.

75.5. Seçki kampaniyasının gedişində qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri və rəhbər orqanlarının üzvləri göstərilən şəxslər və təşkilatlar olan hüquqi şəxslərin kommersiya və digər fəaliyyətinin reklamı (o şərtlə ki, həmin reklam namizədlə və ya siyasi partiya ilə əlaqələri aydın şəkildə ortaya çıxarır) bu Qanunun  68-ci və 71-ci maddələri ilə nəzərdə tutulmuş əsaslarla yalnız müvafiq seçki fondu hesabına həyata keçirilə bilər. Səsvermənin başlanmasına 24 saat qalmış belə reklam dayandırılmalıdır.

75.6. Bu Qanunun 64.1-ci və 64.2-ci maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarının teleradio proqramları və dövri nəşrlərin redaksiyaları namizədin ləyaqətinə, şərəfinə zərər vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi ləyaqətini, şərəfini bu Qanunun 64.1-ci və 64.2-ci maddələrində göstərilən teleradio verilişləri təşkilatlarını, dövri nəşrlərin redaksiyalarını və onların vəzifəli şəxslərini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb etmək üçün əsas ola bilər.

75.7. Qeydə alınmış namizəd bu Qanunun 75.1-75.3-cü maddələrinin tələblərini pozduqda, müvafiq seçki komissiyası hüqüq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçkiqabağı təşviqatın aparılmasının bu Qanunla müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür. Seçki komissiyasının müvafiq qərarı kütləvi informasiya vasitələrində dərc olunur.

75.8. Bu Qanunda müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarını teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları pozduqda, Mərkəzi Seçki Komissiyası qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və teleradio verilişləri təşkilatlarının, dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq mühafizə orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüququna malikdir.

 

X    F Ə S İ L
SEÇKİLƏRİN  MALİYYƏLƏŞDİRİLMƏSİ

Maddə 76. Seçkilərin hazırlanmasının və keçirilməsinin maliyyə təminatı

76.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. Göstərilən xərclər Naxçıvan Muxtar Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.

76.2. Dövlət büdcəsindən seçkilərin hazılanması və keçirilməsi üçün ayrılmış vəsait seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülür.

Maddə 77. Ali Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları

77.1. Namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondları yaradılır.

77.2. Namizədin seçki fondu vəsaitinin yuxarı həddi 100 min manatdan çox ola bilməz.

77.3. Seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

77.3.1. 30 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;

77.3.2. vətəndaş üçün 600 manatdan və hüquqi şəxs üçün 10 min manatdan çox olmayan könüllü ianələr.

77.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

77.4.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının 100 min manatdan çox olmamaq şərti ilə xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

77.4.2. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 600 manatdan, hüquqi şəxs üçün isə 10 min manatdan çox ola bilməz.

77.5. Siyasi partiyanın, siyasi partiyalar blokunın seçki fondu vəsaitinin yuxarı həddi bu Qanunun 77.2-ci maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulmaqla müəyyən edilir. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Qanunun 77.2-ci maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.

77.6. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:

77.6.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

77.6.2. xarici vətəndaşlara;

77.6.3. vətəndaşlığı olmayan şəxslərə;

77.6.4. 18 yaşına çatmamış vətəndaşlara;

77.6.5. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

77.6.6. dövlət hakimiyyəti orqanlarına, bələdiyyə qurumlarına və onların idarə və təşkilatlarına;

77.6.7. hərbi hissələrə;

77.6.8. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

77.6.9. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün – soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).

77.7. Seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna məxsusdur. Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır.  Bu vəsaitdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

77.7.1. namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;

77.7.2. seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya xidmətlərinin dəyərinin ödənilməsi;

77.7.3. seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.

77.8. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları səsvermə gününədək bu Qanunla müəyyənləşdirilmiş qaydada seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə edirlər. Namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən istifadə etmək qadağandır.

77.9. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyası partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.

Maddə 78. Xüsusi seçki hesabları

78.1. Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı (bundan sonar – seçki hesabı) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin hesab namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku yalnız bir xüsusi hesab aça bilər.

78.2. Bu Qanunla müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna 3 gün müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla köçürülür.

78.3. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bütün maliyyə əməliyyatları səsvermə günündən sonra 3 gün müddətində dayandırılır.

78.4. Bu Qanunla müəyyənləşdirilmiş qaydada qeydiyyat üçün zəruri olan sənədlər müvafiq seçki komissiyasına təqdim edilmədikdə və ya qeydiyyatdan imtina edildikdə, namizəd olmaq istəyən şəxs verdiyi razılıq ərizəsini və ya öz namizədliyini geri götürdükdə, siyasi partiya, siyasi partiyaların bloku namizədi geri çağırdıqda müvafiq seçki komissiyasına müraciət etdikdə müvafiq seçki komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.

78.5. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 45 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.

Maddə 79. Seçki fonduna könüllü ianələr

79.1. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partityalar blokunun seçki fonduna könüllü ianələr rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi,  yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında yalnız Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşlarından qəbul edilir.

79.2. Hüquqi şəxslərin könüllü ianələri müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə, pul vəsaitinin namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fonduna nağdsız köçürülməsi yolu ilə qəbul edilir.

79.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsi ilə müvafiq ödəniş sənədi alındıqdan sonra növbəti bank günündən gec olmayaraq köçürülür. Bu halda nağdsız ödənişin həyata keçirilməsinin ümumi müddəti 2 gündən artıq ola bilməz.

79.4. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku anonim köçürülən ianələr istisna olmaqla, hər hansı ianəni onu verən şəxsə qaytarmaq hüququna malikdir.

79.5. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına ianələr buna hüququ olmayan vətəndaşlardan və ya hüquqi şəxslərdən daxil olubsa, yaxud bu Qanunda nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi hesaba daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsini, geri qaytarılma səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır.

79.6. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku ianəçilərin ianəni köçürdüyü halda bu Qanunun 79.1 və 79.2-ci maddələrində nəzərdə tutulmuş göstəricilər düzgün göstərilmədiyi üçün ianənin qəbul edilməməsinə görə o halda məsuliyyət daşımır ki, bu ianələrə dair sənədlərin səhv tərtib edilməsi barədə vaxtında məlumat almasın.

79.7. Anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dövlət büdcəsinə köçürülür.

79.8. Vətəndaşlar və hüquqi şəxslər namizədin, qeydə alınmış namizədin irəli sürülməsinə və seçilməsinə yalnız müvafiq seçki fondlarına ianə köçürmək yolu ilə yardım edə bilərlər.

79.9. Namizədin, qeydə alınmış namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun üzvlərinin və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin rəsmi razılığı yoxdursa, seçkilərlə əlaqədar pullu xidmətlərin göstərilməsi, malların satılması və onların dəyərinin müvafiq seçki fondundan ödənilməsi qadağandır. Hüquqi şəxslərin, onların filiallarının, nümayəndəliklərinin və digər qurumlarının seçkilərlə əlaqədar pulsuz və ya əsassız aşağı salınmış qiymətlərlə xidmətlər göstərməsi qadağandır.

Maddə 80. Seçki fondlarının vəsaitlərinə dair hesabat

80.1. Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsi ilə razılaşdırılmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 55 gün qalmış müəyyənləşdirilir.

80.2. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz seçki vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur.

80.3. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını aşağıdakı növbəliklə təqdim edirlər:

80.3.1. birinci ilkin maliyyə hesabatı bu Qanunla müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmış, ondan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

80.3.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmış, ondan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

80.3.3. yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.

80.4. Namizəd, qeydə alınmış namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların bloku tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli nümayəndə olmadıqda, siyasi partiyanın və yaxud siyasi partiyalar blokunun tərkibində seçki kampaniyasında iştirak etmiş siyasi partiyanı təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat verə bilər.

Maddə 81. Seçki fondları vəsaitlərinin istifadəsində aşkarlıq

81.1. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir.

81.2. Müvafiq bank həftədə bir dəfədən az olmamaq şərti ilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günündə bir dəfədən az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına daxil olan və xərclənən vəsaitlər barədə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada məlumatlar verir. Bu cür məlumatların yayılmasına yol verilmir. Mərkəzi Seçki Komissiyası səsvermə gününədək iki həftədə bir dəfədən az olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları dərc edilmək üçün kütləvi informasiya vasitələrinə təqdim edir. Müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını onların rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.

81.3. Seçki dairəsi üzrə irəli sürülmüş və qeydiyyatdan keçmiş namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

81.3.1. seçki fondu vəsaitinin məbləği siyasi partiya, siyasi partiyaların bloku üçün 2 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

81.3.2. seçki fonduna siyasi partiya, siyasi partiyaların bloku üçün 1 min  manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

81.3.3. seçki fonduna 50 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

81.3.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

81.3.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

81.4. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

81.4.1. seçki fondu vəsaitinin məbləği 2 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

81.4.2. seçki fonduna 1 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

81.4.3. seçki fonduna 50 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

81.4.4. ianəçilərə qaytarılan vəsaitlər barədə geri qaytarmanın əsası haqqında;

81.4.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

81.5. Müvafiq icra hakimiyyəti orqanları müvafiq seçki komissiyalarından namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına könüllü ianə verən hüquqi şəxslərin siyahısının daxil olduğu gündən sonrakı 5 gün müddətində hüquqi şəxslərin təsisçiləri barədə, hüquqi şəxslərin nizamnamə kapitalında dövlət, bələdiyyə və xarici kapital payının olması barədə və yaxud belə payın olmaması barədə, habelə hüquqi şəxsin adı və qeydiyyat tarixi barədə məlumat təqdim edirlər. Məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir. Bu cür məlumatların yayılmasına yol verilmir.

81.6. Müvafiq seçki komissiyası namizədləri, qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını onların sorğusu əsasında komissiyaya daxil olmuş məlumatlarla təxirəsalmadan tanış edir.

Maddə 82. Namizədlərin, qeydə alınmış namizədlərin,  siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları  pul vəsaitlərinin geri qaytarılması

82.1. Namizədin, qeydə alınmış namizədin seçki fonduna namizədi irəli sürən siyasi partiyanın (siyasi partiyalar bloklarının) vəsaiti, ianə şəklində vətəndaşlar və hüquqi şəxslərdən daxil olmuş vəsait və namizədin xüsusi vəsaitinin xərclənməmiş hissəsi səsvermə günündən 30 gün sonra proporsional qaydada geri qaytarılır.

82.2. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların (siyasi partiyalar bloklarının) pul vəsaitinin geri qaytarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 83. Seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatı

83.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının işinin təmin edilməsinə ayrılan vəsait seçki komissiyaları tərəfindən bu Qanunun müəyyənləşdirdiyi məqsədlər üçün müstəqil istifadə edilir.

83.2. Dövlət büdcəsinin vəsaiti hesabına seçki komissiyalarının aşağıdakı fəaliyyət istiqamətləri maliyyələşdirilir:

83.2.1. Mərkəzi Seçki Komissiyası üzvlərinin və aparat işçilərinin, mülki müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərin əmək haqqlarının ödənilməsi;

83.2.2. möhürlərin, seçki dairələrinin və seçki məntəqələrinin adını bildirən lövhələrin hazırlanması və nəşriyyat fəaliyyətinin həyata keçirilməsi, texnoloji avadanlığın əldə edilməsi və qurulması;

83.2.3. nəqliyyat xərcləri, habelə ucqar və yolu çətin yerlərdə nəqliyyat xərcləri;

83.2.4. seçki sənədlərinin çatdırılması və mühafizəsi;

83.2.5. seçkilərin keçirilməsi ilə bağlı ezamiyyət xərclərinin və digər xərclərin, habelə seçki komissiyalarının səlahiyyətləri və fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsi.

83.3. Müvafiq seçki komissiyasının təqdimatı ilə seçkilərin hazırlanması və keçirilməsi dövründə dövlət vəzifələrindən azad edilmiş müvafiq seçki komissiyasının üzvünün işlədiyi müəssisənin (təşkilatın) mülkiyyət formasından asılı olmayaraq, əsas iş yerində orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən əlavə pul təminatı ödənilir

83.4. Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarına ayırdığı pul vəsaitinin  verilməsi, hesabatı, qeydiyyatı qaydasını Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə razılaşdırmaqla səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirir. Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinin maliyyə uçotunu aparır.

83.5. Məntəqə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində maliyyə hesabatı təqdim edir.

83.6. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində maliyyə hesabatı təqdim edir.

83.7. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərci günündən başlayaraq 10 gün müddətində namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında Mərkəzi Seçki Komissiyasına məlumatları təqdim edir.

Maddə 84. Seçki komissiyalarında nəzarət-təftiş xidməti

84.1. Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında nəzarət-təftiş xidməti yaradılır.

84.2. Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

84.2.1. nəzarət-təftiş xidmətinin rəhbəri;

84.2.2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən, digər təşkilat və  idarələrdən cəlb edilmiş mütəxəssislər.

84.3. Nəzarət-təftiş xidməti namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə, habelə aşağı seçki komissiyalarına ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etmək hüququna malikdir. Bu məqsədlər üçün Mərkəzi Seçki Komissiyasının tapşırığı ilə nəzarət–təftiş xidməti:

84.3.1. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, aşağı seçki komissiyalarının maliyyə hesabatlarını yoxlayır;

84.3.2. namizədlərdən, qeydə alınmış namizədlərdən, seçki komissiyalarından öz səlahiyyətinə aid bütün məsələlər üzrə məlumat alır;

84.3.3. seçkilərin maliyyələşdirilməsində yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;

84.3.4. seçkilərin maliyyələşdirilməsində buraxdıqları pozuntulara görə  vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış namizədlərə qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyası qarşısında məsələ qaldırır.

 

XI  F  Ə  S  İ  L
SEÇKİLƏRİN KEÇİRİLMƏSİ.
SƏSVERMƏNİN TƏŞKİLİ

Maddə 85. Səsvermə otağı və seçki qutuları

85.1. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır.

85.2. Səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır (qurulmalıdır). Səsvermə qutuları, kabinəsi və digər xüsusi avadanlıq elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın.

85.3. Səsvermə otağında namizədlər haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatların göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin (siyasi partiyaların, siyasi partiyalar bloklarının) adlarından istifadə edilə bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir.

85.4. Səsvermə başlandığı andan səsvermə otağında səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədi ilə səsvermənin yekununa aid böyüdülmüş protokol nümünələri asılmalıdır.

85.5. Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, səsvermə qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin.

85.6. Seçki qutuları:

85.6.1. seçki qutuları şəffaf olmalıdır. Onların şəffaflığının dərəcəsi onların dolu olub-olmamasını müəyyən etməyə imkan verməlidir;

85.6.2. seçki qutularının ölçüləri (daşınan seçki qutuları üçün ayrıca, daşınmaz seçki qutuları üçün ayrıca) Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir;

85.6.3. seçki qutusuna seçki bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni salınmasına imkan verməməlidir;

85.6.4. səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada möhürlənir. Möhürlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

Maddə 86. Seçki bülletenləri

86.1. Seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 25 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

86.2. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.

86.3. Hər bir seçki bülleteni Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.

86.4. Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.

86.5. Poliqrafiya müəssisəsi yararsız seçki bülletenlərinin seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə bülletenləri onların sayı, buraxılma tarixi, nömrələri və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Seçki bülletenlərini sifarişə uyğun olaraq təhvil verdikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş bülletenləri məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Həmin hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvləri və bu Qanunun 37.2-ci və 37.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə seçki bülletenlərinin buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

86.6. Mərkəzi Seçki Komissiyası poliqrafiya  müəssisəsində seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış  müvafiq dairə seçki komissiyasının sədrinin və katibinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib,  seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləş­dirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən artıq ola bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki bülletenlərinin üz tərə­finin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir.

86.7. Seçki bülletenlərinin verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.

86.8. Səsvermə günü səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş seçki bülletenləri ləğv edilir və bu barədə dairə seçki komissiyası akt tərtib edir. Seçki bülletenləri ləğv edildikdə bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslər iştirak edə bilərlər. Ləğv edilmiş seçki bülletenləri komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.

86.9. Seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatları çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.

86.10. (Çıxarılmışdır).