Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında

ÇapE-poçt

 

Maddə 87. Seçki komissiyalarının səsvermə protokolları və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi

87.1. Seçki komissiyalarının səsvermə protokollarının (bundan sonra – protokollar) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 25 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

87.2. Hər bir protokola aşağıdakı məlumatlar daxil edilir:

87.2.1. seçicilər siyahısındakı seçicilərin ümumi sayı;

87.2.2. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı;

87.2.3. məntəqə seçki komissiyasına dairə seçki komissiyasından (dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı;

87.2.4. (Çıxarılmışdır);

87.2.5. seçki bülletenləri almış seçicilərin sayı;

87.2.6. səsvermə otağından kənarda səs verən seçicilərə verilmiş seçki bülletenlərinin sayı;

87.2.7. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı;

87.2.8. istifadə edilməmiş seçki bülletenlərinin sayı;

87.2.9. ləğv edilmiş seçki bülletenlərinin sayı;

87.2.10. (Çıxarılmışdır);

87.2.11. (Çıxarılmışdır);

87.2.12. daşınan seçki qutularında aşkar edilmiş seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);

87.2.13. daşınmaz seçki qutularında aşkar edilmiş seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);

87.2.14. etibarlı sayılmış səslərin sayı;

87.2.15. etibarsız sayılmış səslərin sayı (eləcə də ayrıca sətirlərdə müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);

87.2.16. korlanmış seçki bülletenlərinin sayı;

87.2.17. protokolun tərtib edilmə tarixi və vaxtı.

87.3. Protokol 3 nüsxədən ibarət olaraq hazırlanır.

87.4. Hər bir protokol Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və seçki dairələrinin sayına uyğun olaraq onların seriyaları göstərilməlidir (Mərkəzi Seçki Komissiyasının protokolu istisna olmaqla).

87.5. Protokollar dövlət dilində çap edilir.

87.6. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun üzvlərinin müşahidəsi altında poliqrafiya müəssisəsində səsvermə gününə ən geci 10 gün qalmış hazırlanır.

87.7 Poliqrafiya müəssisəsi yararsız protokolların seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının üzvünə protokolları onların sayı, buraxılma tarixi və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Protokollar sifarişə uyğun olaraq təhvil verildikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş protokolları məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Bu hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Qanunun 37.2-ci və 37.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə protokolların buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

87.8. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən protokolları  aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyası sədrinin və katibinin iştirakı ilə protokolların sayını, seriya və nömrələrini, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla dairə seçki komissiyasının sədrinə verir. Dairə seçki komissiyası səsvermə gününə ən azı 3 gün qalmış protokolları göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.

87.9. Protokolların verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.

87.10. Seçki protokolları ilə eyni müddətdə seçki protokollarının surətləri hazırlanır və seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 10 surəti verilir. Protokolların surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti doldurulduqda müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərə verilən seçki komissiyalarının protokollarının və digər sənədlərinin surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda həmin şəxs təsdiq olunan sənədin surətinə «Əsli ilə düzdür» sözlərini yazdıqdan sonra onu imzalayır, komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə bu Qanunun 39.2.9-cu maddəsi nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı ödədikdən sonra alırlar.

87.11. Protokollar seçki komissiyasının üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini bu Qanunun 37.2–ci və 37.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Protokolun karandaşla yazılmasına və ona hər hansı düzəliş edilməsinə icazə verilmir.

87.12. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi:

87.12.1. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra - səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 40 gün qalmış təsdiq edilir. Səsvermə vəsiqələri bu Qanunun 86.2-86.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından aşağı seçki komissiyasına bu Qanunun 86.6-cı maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanılması üçün müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar;

87.12.2. səsvermə günü seçicilər siyahısına daxil edilmiş seçki məntə­qəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 30-10 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 10-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda müvafiq seçki dairəsinin ərazisində tətbiq edilir;

87.12.3. səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsini almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq 2 gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır;

87.12.4. məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir.

87.12.5. səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır;

87.12.6. səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə seçicilər siyahısına əlavə edilir. Seçici seçkilər günü səsvermə bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir və onu imzalamalıdır.

87.12.7. səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin akt əsasında səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı məntəqə seçki komissiyasının protokolunda göstərilir.

Maddə 88. Səsvermə qaydası

88.1. Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər.

88.2. Yaşayış məntəqəsində seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə çatdırılması üçün ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür istifadənin xərcləri dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılan vəsait hesabına ödənilir.

88.3. Bu Qanunun 32.4-cü və 32.5-ci maddələrinə uyğun yaradılmış seçki məntəqələrinin məntəqə seçki komissiyaları, seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə, səsvermənin vaxtından qabaq qurtarması haqqında məlumat verə bilərlər.

88.4. Seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir.

88.5. Seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.

88.6. Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri  yoxlayır və içəri daxil olmağa icazə verir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir.

88.7. Seçiciyə seçki bülleteni şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını, adını və atasının adını  göstərməklə seçici siyahısında «seçicinin seçki bülletenini  alması haqqında imza» qrafasında imza etməlidir.

88.8. Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən  kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.

88.9. Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyası üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı, adı və atasının adı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

88.10. Seçici seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadrata işarə qoyur. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.

88.11. Seçici doldurulmuş seçki bülletenini səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.

88.12. Seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır.

88.13. Məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir.

88.14. Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən  və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır.

88.15. Seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Qanunun 37.2 və 37.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk  etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır.

88.16. Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü  korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.

88.17. Məntəqə seçki komissiyası bütün seçicilərə,  o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.

88.18. Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına gön­dərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.

88.19. Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar. Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir.

88.20. Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.

Maddə 89. Seçki məntəqəsində səslərin hesablanması

89.1. Səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmazdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri  səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca  seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.

89.2. Seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur.

89.3. Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına bu seçki məntəqəsində səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur.

89.4. (Çıxarılmışdır).

89.5. Səsin etibarlığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilərsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katibinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır.

89.6. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

89.7. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur.

89.8. Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Qanunun pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Qanunun 88.16-cı maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bu Qanunun 88.19–cu maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin, iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

89.9. Protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri səsverməni və səslərin hesablanmasını müşahidə edən, bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.

89.10. Seçkilərin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası səsverməni baş tutmamış hesab edir.

89.11. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır.

Maddə 90. Dairə seçki komissiyası protokolunun tərtib edilməsi

90.1. Bu Qanunun 89.8-ci maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edilir. Dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvü (üzvləri) təqdim olunan sənədlərin bu Qanunun 89.8-ci maddəsinin  tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır (yoxlayırlar). Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir. Məntəqə seçki komissiyasının sənədlərinin qəbul edilməsi haqqında məntəqə seçki komissiyasının sədrinə dairə seçki komissiyasının sədri tərəfindən imzalanmış və möhürlənmiş qəbz verilir.

90.2. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

90.3. Dairə seçki komissiyasının protokolunda bu Qanunun 87.2-ci maddəsində göstərilənlərlə yanaşı, məntəqə seçki komissiyalarının sayı və həmin komissiyalar tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyasının protokolunun tərtib edilməsi üçün əsas götürülmüş protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin sayı, dairə üzrə səsvermədə iştirak edən seçicilərin sayı göstərilməlidir.

90.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Qanunun  pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə  başa çatdıqdan sonra 2 gün müddətində dairə seçki komissiyası sədrinin və üzvlərindən birinin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

90.5. Protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səslərin hesablanmasını müşahidə edən, bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.

90.6. Dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (protokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki komissiyasının üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

90.7. Dairə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.

Maddə 91. Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi

91.1. Dairə seçki komissiyasından seçki sənədləri Mərkəzi Seçki Komissiyasına verilərkən bu Qanunun 92.1-ci maddəsinin qaydaları tətbiq olunur.

91.2. Mərkəzi Seçki Komissiyası tərəfindən Ali Məclisə seçkilərin ümumi yekunları haqqında protokol tərtib edilir. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

91.3. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolunun 1-ci nüsxəsinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilir. Göstərilən aktlar Mərkəzi Seçki Komissiyasının sədri və katibi tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), Mərkəzi Seçki Komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

91.4. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının üzvlərinin iştirakı ilə aparılır. Səslərin təkrar hesablanması haqqında bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

91.5. Mərkəzi Seçki Komissiyasının protokolunun 3-cü nüsxəsi və dairə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 15 gün saxlanılır.

Maddə 92. Seçkilər zamanı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyən edilməsi

92.1. Səslərin hesablanması bu Qanunun 90-cı maddəsinə uyğun aparılır.

92.2. Səsvermə günündən ən geci 24 saat keçənədək dairə seçki komissiyası seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

92.3. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

92.4. Dairə seçki komissiyasının protokolunda deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin etibarsız sayıldığı seçki məntəqələrinin sayı göstərilir.

92.5. Dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.

92.6. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

92.6.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

92.6.2. seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;

92.6.3. məhkəmənin qərarı əsasında.

Maddə 93. Seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi

93.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yoxlayır və təsdiq edir.

93.2. Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 10 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Qanuna uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayıb seçkilərin yekunlarının müəyyənləşdirilməsinə dair öz qərarını və Mərkəzi Seçki Komissiyasının protokolunu Ali Məhkəməyə təqdim edir.

93.3. Ali Məhkəmə göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Qanuna uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Ali Məhkəmə öz qərarı ilə bu müddəti artıra bilər.

93.4. Dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən sənədlər, Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu bu Qanunun tələblərinə cavab verdikdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Ali Məhkəmənin bu qərarı qətidir.

93.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, bu Qanunun 8-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.

Maddə 94. Ali Məclisə təkrar seçkilər

Bu Qanunun 92.6-cı maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Qanunun 93.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Qanunla müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.

Maddə 95. Seçilmiş deputatların qeydə alınması

95.1. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 25 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

95.2. Seçki dairəsi üzrə seçilmiş namizəd bu Qanunun 95.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası  həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.

95.3. Bu Qanunun 95.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Qanunun 60.3-cü maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir.

95.4. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Maddə 96. Seçkilərin yekunlarının və səsvermənin nəticələrinin dərc edilməsi

96.1. Seçkilərin ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilə bilər.

96.2. Mərkəzi Seçki Komissiyası 30 gün müddətində bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir.

96.3. Dairə üzrə seçkilərin ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyasına, kütləvi informasiya vasitələrinə təqdim edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir.

96.4. Məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunda olan məlumatlar seçkilərin keçirilməsindən 5 gündən gec olmayaraq, dairə seçki komissiyasının protokolunda seçkinin yekunu (səsvermənin nəticələri) haqqında məlumatlar isə seçki günündən 10 gündən gec olmayaraq  bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində rəsmi dərc olunur.

96.5. Seçki günündən sonra 6 ay müddətində Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatları öz  bülletenində tam şəkildə dərc etməlidir.

Maddə 97. Seçki sənədlərinin mühafizəsi

97.1. Məntəqə və dairə seçki komissiyalarının seçkilərin keçirilməsi ilə bağlı sənədləri mühafizə edilən yerlərdə saxlanılır və məntəqə, dairə seçki komissiyalarının səlahiyyətlərinin qurtarmasından əvvəl Mərkəzi Seçki Komissiyasına aktla təhvil verilir.

97.2. Seçki bülletenləri və səsvermə vəsiqələri seçkilərin yekunlarının rəsmi dərci günündən başlayaraq azı 6 ay müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçki komissiyalarının səsvermənin nəticələri barədə protokolları növbəti seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən başlayaraq azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının yekun maliyyə sənədləri növbəti seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən sonra azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçici siyahıları 5 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır.

97.3. Seçki bülletenləri, səsvermə vəsiqələri, seçicilərin siyahıları, səsvermənin nəticələri haqqında seçki komissiyalarının protokolları və onlara əlavə edilmiş sənədlər, seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının yekun maliyyə hesabatları rəsmi sənədlər sayılır. Seçki sənədlərinin mühafizəsinə və saxlanmasına görə müvafiq seçki komissiyasının sədri bu sənədlər yuxarı seçki komissiyasına və ya dövlət arxivinə təhvil verilənədək məsuliyyət daşıyır.

 

XII   F Ə S İ L
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN  ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA
GÖRƏ MƏSULİYYƏT

Maddə 98. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi

98.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

98.2. Bu Qanunun 98.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.

98.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsiziliyindən) isə bu Qanunun 98.1-ci maddəsində göstərilən şəxslər Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət edə bilərlər.

98.4. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmamazlıqların və qanun pozuntularının aradan qaldırılmasına dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu haqda prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.

98.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:

98.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;

98.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;

98.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;

98.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;

98.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;

98.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;

98.5.7. şikayət üçün əsas bu Qanunun, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;

98.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;

98.5.9. şikayətçinin tələbi;

98.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir;

98.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.

98.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.

98.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Qanunun pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Qanunla seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (qanunvericilikdə göstərilən hallar istisna olunmaqla).

98.8. Qeydə alınmış namizədin qeydiyyatının ləğv edilməsi barədə və namizədi qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.

98.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

98.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində,  səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

98.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Qanunla daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Maddə 98-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması

98-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 5 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

98-1.2. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

98-1.3. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır.

98-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır:

98-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək;

98-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək;

98-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;

98-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.);

98-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.

98-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:

98-1.5.1. şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır;

98-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;

98-1.5.3. şikayət bu Qanunla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;

98-1.5.4. şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir;

98-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Qanunun 98-1.4-cü və 98-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir);

98-1.5.6. ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Qanunla müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;

98-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir.

98-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Qanunun 98-1.5-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:

98-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Qanunun 56.6-cı, 74.8-ci, 75.7-ci, 75.8-ci, 99-cu, 101-ci və 102-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;

98-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Qanuna uyğun olaraq şikayət edilə bilər;

98-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir;

98-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır;

98-1.6.5. ekspert bu Qanunun 98-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir;

98-1.6.6. daxil olmuş şikayətdə bu Qanunun 98-1.6.4-cü maddəsində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur;

98-1.6.7. 98.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.

98-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.

98-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.

98-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.

98-1.10. Şikayəti araşdıran ekspert bu Qanunun 98.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir.

98-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:

98-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;

98-1.11.2. bu Qanunun 99.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə;

98-1.11.3. bu Qanunun 99.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;

98-1.11.4. bu Qanunun 99.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;

98-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında.

98-1.12. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.

98-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 24 saatdan gec olmayaraq dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.

98-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:

98-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;

98-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (bu Qanunun 98.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.

Maddə 99. Qeydə alınmış namizədin qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi

99.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların  bloku bu Qanunun tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası  namizədi qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin bu Qanunun 60-cı maddəsində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Qanunun 98.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir.

99-1.1. Seçki komissiyası namizədin qeydiyyata alınmasından onlar tərəfindən bu Qanuna uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Qanunun 56.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

99.2. Namizədin qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur:

99.2.1. (Çıxarılmışdır);

99.2.2. namizəd qeydə alınanadək, bu Qanunun 63-cü maddəsində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə (bu müddəa söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);

99.2.3. seçicilərin ələ alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri tərəfindən bu Qanunun 75.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərin edilməsi müəyyənləşdirildikdə;

99.2.4. mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;

99.2.5. müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Qanunla namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddinin 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;

99.2.6. siyasi partiya, siyasi partiyaların bloku öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Qanunla onlar üçün müəyyənləşdirilmiş seçki fondlarının məsrəflərinin yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;

99.2.7. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, habelə siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsi müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda, fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı, yaxud seçicilərə xidmət göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə və ya bu haqda təklif verdikdə, yaxud göstərilən şəxslər onların adından xidmətlər göstərilməsinə razılıq verdikdə;

99.2.8. namizəd, siyasi partiyalar, siyasi partiyaların  bloku ilkin maliyyə hesabatını təqdim etmədikdə;

99.2.9. namizəd, siyasi partiyanın, siyasi partiyalar  blokunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə;

99.2.10. namizəd, siyasi partiya, siyasi partiyaların  bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən bu Qanunun 75.2-75.4-cü maddələrinin tələblərini pozmaqla seçkiqabağı təşviqat materiallarının buraxılması, yayılması;

99.2.11. qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya vəkil edilmiş şəxsi hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda və ya hərbi idarələrdə təşviqat apardıqda;

99.2.12. dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmadıqda;

99.2.13. qeydə alınmış namizəd, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların seçki fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə.

99.3. Namizədin qeydiyyatı məhkəmə tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu Qanunun 99.2.3, 99.2.4, 99.2.7, 99.2.9, 99.2.11-ci maddələrində göstərilən hallar namizədin qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər.

99.4. Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu haqda məlumat seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.

Maddə 100. Səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi

100.1.  Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun bu Qanunun 75.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edilməsinədək namizədin seçilməsinin etibarsız sayılması haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.

100.2. Məhkəmə bu Qanunun 99.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir.

100.3. Seçki dairəsində seçiçilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması, səsvermə, səslərin hesablanması və ya seçkilərin yekunlarının müəyyənləşdirilməsi qaydaları pozulduqda, bu Qanun ilə nəzərdə tutulan digər pozuntular olduqda və bu hərəkətlər (hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında seçki komissiyasının qərarını ləğv edə bilər.

100.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Qanun ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.

100.5. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz.

100.6. Seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.

Maddə 101. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət

101.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər:

101.1.1. zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;

101.1.2. seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər;

101.1.3. namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;

101.1.4. seçiciləri ələ alanlar, yəni bu Qanunun 75.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;

101.1.5. qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqləşdirməyənlər;

101.1.6. namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ya ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);

101.1.7. seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozanlar;

101.1.8. seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlə­dən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər;

101.1.9. bu Qanunun müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlayanlar və yayanlar, yaxud xeyriyyə xidmətləri göstərənlər;

101.1.10. seçki kampaniyasının maliyyələşdirilməsinin bu Qanun ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;

101.1.11. seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;

101.1.12. seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə qeyri-qanuni müdaxilə edənlər;

101.1.13. seçki məntəqələrində səsverməyə mane olanlar;

101.1.14. səsvermənin gizliliyini pozanlar;

101.1.15. seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;

101.1.16. seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;

101.1.17. vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;

101.1.18. vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;

101.1.19. seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;

101.1.20. bu Qanunda nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;

101.1.21. seçki komissiyalarının bu Qanunun pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri;

101.1.22. seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;

101.1.23. seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.

Maddə 102. Cərimələrin tətbiq edilməsi

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Qanunda nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

 

XIII   F Ə S İ L
ALİ MƏCLİSİN DEPUTATINI MANDATDAN
MƏHRUMETMƏ  VƏ ALİ MƏCLİSƏ ƏLAVƏ
SEÇKİLƏRİN KEÇİRİLMƏSİ

Maddə 103. Ali Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi

103.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.

103.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsi­nin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.

103.3. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin  I hissəsinin 2-ci, 4-cü və 5-ci bəndlərində göstərilən əsaslar olduqda və digər hallarda deputatın mandatdan məhrum edilməsi haqqında qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilir.

Maddə 104. Ali Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi

104.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 2-ci və 4-cü bəndləri ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Qanunun 103.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qərarı müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir.

104.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 2-ci və 4-cü bəndlərində göstərilən hallarda qərarın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilməsi günündən seçki dairəsi üzrə seçilmiş deputat, mandatından məhrum edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat, mandatından məhrum edilmiş sayılır.

104.3. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Qanunun 8-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir.

104.4. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz.

104.5. Əlavə seçkilər keçirilərkən seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

Maddə 105. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF  TALIBOV

Naxçıvan şəhəri, 09 iyul 2005-ci il

1 saylı əlavə

 

İ  M  Z  A    V  Ə  R  Ə  Q  Ə  S  İ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər “_____” __________________  ______ il

 

Biz aşağıda imza edənlər _____ saylı _________________ seçki dairəsi üzrə _____________________________

(namizədliyi irəli sürülən şəxsin soyadı,

_______________________________________________________________

adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda-fəaliyyət növü), yaşadığı yerin ünvanı)

deputatlığa namizəd irəli sürülməsini müdafiə edirik.

 

Qeyd:_________________________________________________________________________________________________________________________

İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu

______________________________________________________________________________________________________________________________

Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan

______________________________________________________________________________________________________________________________

Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

S  /  S

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşlı şəxsin həm də doğulduğu ay və gün )

Yaşayış yerinin ünvanı (rayon, şəhər, qəsəbə, kənd,

küçə, ev, mənzi nömrəsi)

Şəxsiyyət vəsiqəsi və onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

1

 

 

 

 

 

2

 

 

 

 

 

.....

 

 

 

 

 

İmza vərəqəsini təsdiq edirəm: ______________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsi və onu əvəz edən sənədin seriyası,

nömrəsi, verilmə tarixi, şəxsi imzası və imzanın qoyulduğu tarix)

Deputatlığa namizəd: _______________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)

 

2 saylı əlavə

 

İ  M  Z  A    V  Ə  R  Ə  Q  Ə  S  İ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər “_____” __________________ ______ il

Biz aşağıda imza edənlər _______________________________ siyasi

partiyası (siyasi partiyaların bloku)tərəfindən _____ saylı _______________________ seçki dairəsi üzrə _____________

_______________________________________________________________

(namizədliyi irəli sürülən şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri

_______________________________________________________deputatlığa namizəd irəli sürülməsini müdafiə edirik.

tutduğu vəzifə (bu olmadıqda-fəaliyyət növü), yaşadığı yerin ünvanı)

Qeyd:_________________________________________________________________________________________________________________________

İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu

______________________________________________________________________________________________________________________________

Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan

______________________________________________________________________________________________________________________________

Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

 

S  /  S

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşlı şəxsin həm də doğulduğu ay və gün )

Yaşayış yerinin ünvanı (rayon, şəhər, qəsəbə, kənd, küçə, ev, mənzi nömrəsi)

Şəxsiyyət vəsiqəsi və onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

1

 

 

 

 

 

2

 

 

 

 

 

.....

 

 

 

 

 

İmza vərəqəsini təsdiq edirəm:___________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsi və onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, şəxsi imzası və imzanın qoyulduğu tarix)

Deputatlığa namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun sılahiyyətli nümayəndəsi: _________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)