Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

 

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar

Respublikası Qanununun tətbiq edilməsi barədə

 

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

1.1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, normativ xarakterli aktların həmin Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə məlumat versin;

1.2. həmin Qanunun 87-cı maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların icrasına nəzarəti və yoxlanılmasını həyata keçirən orqanlar (şəxslər) barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təqdim etsin;

1.3. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

1.4. həmin Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın:

2.1. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini yaratsın;

2.2. hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi haqqında əsasnamənin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təqdim etsin.

3. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına və Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasına öz normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarının Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla aidiyyəti üzrə müəyyən edilməsi tövsiyə edilsin.

4. Müəyyən edilsin ki:

4.1. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 90.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi həyata keçirir;

4.2. həmin Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 19 iyul 2011-ci il

№ 24-IV FR