Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında

Çap

Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

 

Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmişdir. Onun təkrarsız yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Məmməd Araz Azərbaycan milli poeziyasının ənənələrini layiqincə yaşatmaqla bərabər, onu keyfiyyətcə yeni mərhələyə yüksəldərək daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət və oxucuların dərin rəğbətini qazanmışdır.

Görkəmli şairin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        Vasif TALIBOV

Naxçıvan şəhəri, 28 iyun 2013-cü il