Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının

10 illiyinin qeyd olunması haqqında

 

2014-cü ildə Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 ili tamam olur.

2004-cü ilin sentyabrında Naxçıvan şəhərinin Babək məhəlləsində yaradılan nümunəvi tam orta məktəbə ümummilli lider Heydər Əliyevin adı verilmiş, məktəbin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil və tədrisin təşkili ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Ötən müddət ərzində ölkə Prezidentinin tapşırıq və tövsiyyələri icra olunmuş, məktəb ulu öndərin adına layiq yol keçərək qabaqcıl tədris mərkəzinə çevrilmişdir.

Heydər Əliyev adına tam orta məktəbdə maddi-texniki baza daim təkmilləşdirilmiş, təlim-tədris üçün əlverişli şərait yaradılmışdır. Hazırda müəllim və şagirdlərin istifadəsində ən müasir elektron lövhə və  kompyuterlər vardır. Yaradılmış şəraitdən düzgün istifadə edilmiş, gənc nəslin təhsili və əsil vətəndaş kimi formalaşdırılması sahəsində zəruri işlər görülmüşdür. 10 ildə məktəbin məzunlarından 300 nəfərinin və ya 83 faizinin ali məktəblərə qəbul olunması tədrisin səviyyəsinin günün tələbləri səviyyəsində təşkil olunmasının əyani sübutudur. Vətənpərvər gəncliyin formalaşdırılmasına da xüsusi diqqət yetirilmiş, məzun və şagirdlərdən 42 nəfəri ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.

2007-2008-ci tədris ilinin yekununa görə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Heydər Əliyev adına tam orta məktəb əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikada digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatmış, tədrisin və təlim-tərbiyə prosesinin təşkilində burada əldə olunmuş təcrübənin geniş şəkildə yayılması üçün ciddi əsaslar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi münasibəti ilə tədbirlər keçirilsin.

2. “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 21  avqust  2014-cü il

№ 230-04/S