Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli rəssam İbrahim Səfiyevin

120 illik yubileyinin keçirilməsi haqqında

2018-ci ildə görkəmli Azərbaycan rəssamı İbrahim Safinin (İbrahim Qafar oğlu Səfiyev) anadan olmasının 120 illiyi tamam olur.

İbrahim Səfiyev 1898-ci ildə Şərur rayonunda anadan olmuş, ilk təhsilini Cəlilkənd məktəbində almış, sonra İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. İki il Moskvadakı Rəssamlıq Akademiyasında təhsil alan İbrahim Səfiyev 1917-ci ildə Naxçıvana qayıtmış, burada rəssamlıqla məşğul olmuşdur. O, sonra Türkiyəyə getmiş, 1923-cü ildə İstanbulda İncəsənət Akademiyasını bitirmişdir. Həyatını sənətə bağlayan görkəmli rəssam ömrünün sonuna kimi Türkiyədə yaşamışdır.

İbrahim Səfiyev kiçik yaşlarından rəsmə həvəs göstərmiş, 12 yaşında “Araz balıqçıları” adlı ilk rəsm əsərini yaratmışdır. İbrahim Səfiyev yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirmiş, boyakarlığın müxtəlif janrlarında ciddi yaradıcılıq uğurlarından xəbər verən sənət əsərləri yaratmışdır.

Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi İbrahim Səfiyevin adı əbədiləşdirilmiş, Türkiyə Respublikasının İstanbul şəhərindəki İstiqlal prospektində onun yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulmuşdur.

İbrahim Səfiyevin Azərbaycan və Türkiyədə rəssamlıq sənətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd olunsun.

2. “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                  VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 17 oktyabr 2018-ci il