Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı

Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında

 

2014-cü ildə Azərbaycan maarifçilik hərəkatının və ədəbiyyatının inkişafında böyük xidmətləri olan Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi tamam olur.

1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə almış, klassik şərq poeziyasını və fəlsəfəsini öyrənmişdir.

Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərakatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb etmiş, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirmişdir.

Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan Məhəmməd Tağı Sidqi ədəbi yaradıcılıqla da məşğul olmuş, Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərmiş, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yerini tutmuşdur. Görkəmli pedaqoqun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynamışdır.

Məhəmməd Tağı Sidqinin Azərbaycan teatrının inkişafında da xidmətləri olmuşdur. Ədəbi-mədəni tədbirlərin əsas təşkilatçılarından olan, həvəskar aktyor dəstəsi yaradan və ona rəhbərlik edən böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb etməyə çalışmışdır.

Xalqın maariflənməsində mətbuatın imkanlarından da faydalanmağa çalışan Məhəmməd Tağı Sidqi dövrünün bir sıra mütərəqqi qəzetləri ilə yaxından əməkdaşlıq etmiş, bu qəzetlər üçün publisistik materiallar hazırlamış, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, xalqımıza xas olan yüksək əxlaqi keyfiyyətləri təbliğ etmişdir.

Məhəmməd Tağı Sidqinin məktəb işinin və maarifçiliyin, eləcə də ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

2. “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 20 avqust  2014-cü il

№ 228-04/S