Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında

 

2016-cı ildə yazıçı – publisist və pedaqoq Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyi tamam olur.

1866-cı ildə Naxçıvanda anadan olan Eynəli bəy Sultanov ilk təhsilini buradakı qəza məktəbində almış, sonra İrəvan kişi gimnaziyasında oxumuşdur. Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə çalışmış, “Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti”ndə və Zaqafqaziya Maliyyə Komissarlığında işləmişdir. Mətbuatla sıx təmasda olmuş, “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru, “İşıq yolu” qəzetinin məsul katibi işləmişdir.

Ölkəmizdə maarifçiliyin inkişafında əvəzsiz xidmətləri olan Eynəli bəy Sultanov Naxçıvanda ilk kitabxana və mətbəəni, 1882-1883-cü illərdə “Ziyalı məclisi” və “Müsəlman dram incəsənəti cəmiyyəti” ədəbi-mədəni mərkəzlərini yaratmış, qabaqcıl fikirli gəncləri öz ətrafına toplayaraq1883-cü ildə Naxçıvan teatrının yaranmasında yaxından iştirak etmişdir.

Eynəli bəy Sultanov pedaqoji fəaliyyətlə də məşğul olmuş, Tiflisdə müəllim işləmişdir. O, Azərbaycanda latın qrafikalı əlifbaya keçmək uğrunda təşəbbüslər etmiş, 1924-cü ildə Yeni Əlifba Komitəsi Tiflis söbəsinin katibi kimi səmərəli fəaliyyət göstərmişdir.

Publisistika sahəsində səmərəli fəaliyyət göstərən Eynəli bəy Sultanov bədii yaradıcılıqla da məşğul olmuş, ictimai fikrə və maarifçi mühitə təsir göstərən hekayə və dram əsərləri, şeirlər yazmış, tərcümələr etmişdir. O, ilk dəfə olaraq Naxçıvanda şifahi xalq ədəbiyyatı nümunələrini toplamış, xalqımızın milli dəyərlərinin tədqiqatçısı və təbliğatçısı olmuşdur.

Eynəli bəy Sultanov ömrünün sonunadək – 1935-ci ilə kimi həyatını xalqının maariflənməsinə xidmətdə keçirmişdir.

Azərbaycan ədəbiyyatı, mətbuat və teatrı, habelə ictimai fikir tarixində mühüm yer tutan Eynəli bəy Sultanovun xidmətlərini nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Eynəli bəy Sultanovun 150 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

2. “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 15 fevral 2016-cı il

№ 30-05/S