Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında

 

Görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin (Ərtoğrol Cavid oğlu Rasizadə) 2019-cu il oktyabrın 22-də anadan olmasının 100 illiyi tamam olur.

Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alan Ərtoğrol Cavid daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində almış, eyni zamanda Konservatoriya nəzdindəki musiqi məktəbində dərs demiş, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin  toplanması və tədqiqində iştirak etmişdir.

Ərtoğrol Cavid milli musiqi mədəniyyətimizin yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsində böyük rol oynamışdır. O, “9 Variasiya”, skripka ilə fortepiano üçün “Poema”, “Leylanın vəsfi” kimi romanslar, müharibə mövzusunda simfonik ballada və marşlar yaratmışdır.

Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub getmişdir. Ərtoğrol Cavid bədii yaradıcılıqla da məşğul olmuş, pyes və şeirləri dövrümüzədək gəlib çatmışdır. Yaradıcılığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik  külliyyatda  toplanmışdır.

Yaşadığı qısa müddətdə onun ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı rolunu, Azərbaycan xalq mahnıları və folklorunun toplanması və tədqiqi sahəsindəki əvəzsiz xidmətlərini nəzərə alıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ərtoğrol Cavidin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

2. “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                   VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 18 aprel 2019-cu il