Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Naxçıvan” adlı ictimai-siyasi, ədəbi-bədii, elmi

və publisistik jurnalın nəşr edilməsi və muxtar

respublikada yaradıcı təşkilatların iş şəraitinin

yaxşılaşdırılması tədbirləri haqqında

Naxçıvan böyük elm və sənət korifeylərinin, görkəmli memar, rəssam və siyasətçilərin, dövlət xadimlərinin vətəni kimi Şərq intibahına və ictimai fikir tarixinə özünün layiqli töhvələrini vermişdir.

Tarixi varislik əlaqələrinə əsasən xalqımızın uzun əsrlər boyu formalaşmış elmi, mədəni və mənəvi dəyərlərinin davam etdirilməsi, ictimai siyasi fikrin və ədəbi-bədii prosesin daha genişləndirilməsi sahəsində muxtar respublikada müəyyən tədbirlər görülmüş, yaradıcı təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur.

Lakin son əsrdə Naxçıvanda elmi və ədəbi mühitin inkişaf etdirilməsi üçün jurnal nəşr edilməsi sahəsindəki təşəbbüslər baş tutmadığından və eyni zamanda yaradıcı təşkilatların lazımi iş şəraiti olmadığından onların fəaliyyətini daha da genişləndirmək və əlaqələndirmək sahəsində əlavə tədbirlərin görülməsi zərurəti ortaya çıxmışdır.

Yuxarıda göstərilənləri və Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi, ədəbi-bədii, elmi və publisistik jurnalın nəşrinə ciddi ehtiyac yaranması zəruriliyinin, həmçinin yaradıcı təşkilatların fəaliyyətinin daha da yaxşılaşdırılması vacibliyinin əsas götürərək qərara alıram:

1.Naxçıvan Muxtar RespublikasındaNaxçıvan” adlı ictimai-siyasi, ədəbi-bədii, elmi və publisistik jurnalı nəşr edilsin.

2. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan təşkilatının iş şəraiti yaxşılaşdırılsın.

3. Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan təşkilatının sərgi salonu əsaslı təmir edilsin, sərgilərin mütəmadi təşkili üçün müvafiq tədbirlər görülsün.

4.Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı əsaslı təmir edilsin və yaradıcı kollektivə lazımi iş şəraiti yaradılsın.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 16 fevral 1998-ci il

№ 16-01/с