Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Babək rayonunun təşkil olunmasının

30 illiyi haqqında

2008-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun təşkil olunmasının 30 illiyi tamam olur.

Naxçıvan Muxtar Respublikasında yeni rayonun təşkil olunması ideyası ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır. Həmin dövürdə aparılan quruculuq xətti regionları da əhatə etmiş, Naxçıvan rayonunun tərkibində ayrılmaqla yeni rayonun yaradılması qərara alınmışdır. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin idarəsinin əksinə olaraq Babək adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.

Yarandığı dövrdən ötən müddət ərzində Babək rayonu böyük inkişaf yolu keçmiş, Heydər Əliyev quruculuq xəttinin yaradıcı gücünün konkret bir regionda əyani ifadəsinə çevrilmişdir.

Babək rayonunda sənayenin inkişafı artan dinamikaya malikdir. Əgər təşkil olunduğu 1978-ci ildə rayonda məhdud sayda sənaye məhsulu istehsal olunurdusa, 2008-ci ildə burda 40 adda sənaye məhsulu istehsal olunur. 1995-ci ildən ötən müddət ərzində rayonda 32 yeni sənaye və emal müəssisəsi yaradılmışdır ki, bu da rayonun sənaye potensialını daha da gücləndirmişdir. 1990-cı ildə muxtar respublikada istehsal olunan sənaye məhsulunun 8 faizi Babək rayonunun payına düşürdüsə, 2007-ci ildə bu göstərici 19 faiz təşkil etmişdir.

Kənd təsərrüfatının inkişafındakı roluna görə Babək rayonu aparıcı rola malikdir. 1994-cü ildən rayon ərazisində aqrar islahatlar həyata keçirilmiş, əhali pay torpaqları ilə təmin olunmuşdur. Rayon ərazisində meliorasiya işini yaxşılaşdırmaq məqsədi ilə 1978-ci ildən ötən dövr ərzində 38 nasos stansiyası, 45 subartezian quyusu tikilərək və ya əsaslı təmir olunaraq istifadiyə verilmiş, 7 su anbarı yaradılmışdır. 2005-ci ildə Heydər Əliyev Su anbarı istifadəyə verildikdən sonra Babək rayonunun 13 min 869 hektar sahəsinin suvarılması təmin olunmuş, 4 min 364 hektar yeni sahə əkin dövriyyəsinə daxil edilmişdir. Bütün bunlar aqrar sektorun inkişafına əhəmiyyətli təsir göstərmiş, rayon üzrə dənli və dənli paxlalıların əkin sahəsi 1978-ci illə müqayisədə 2007-ci ildə 25 faiz, kartof əkini sahəsi 10 dəfə, tərəvəz əkini sahəsi 14 dəfə, bostan məhsullarının əkin sahəsi isə 21 dəfə çoxalmışdır. Öz növbəsində məhsul istehsalı da yüksəlmiş, 1978-ci illə müqyisədə ötən il dənli və dənli paxlalıların istehsalı 2 dəfə, kartof istehsalı 21 dəfə, tərəvəz istehsalı 10 dəfə, bostan məhsullarlı istehsalı 90 dəfə artmışdır. Müqayisə olunan dövrlər ərzində heyvandarlığın inkişafında da mühüm nailiyyətlər əldə olunmuşdur. Xarakterikdir ki, 2007-ci ildə muxtar respublika üzrə kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 24 faizi, yaxud 28 milyon 904 min manatı Babək rayonunun payına düşmüşdür.

Babək rayonu Naxçıvan Muxtar Respublikasında energetikanın inkişafında da mühüm rola malikdir. Belə ki muxtar respublikanın əsas 4 elektrik stansiyasından 3-ü bu rayonun ərazisində qurularaq istifadəyə verilmişdir. Rayonda mövcud 14042 abonentin hamısı təbii qazla təmin olunmuşdur.

Ötən dövrlər ərzində Babək rayonunda rabitə sisteminin inkişafı istiqamətində də xeyli irəliləyişə nail olunmuş, 1978-ci illə müqayisədə əhalidə olan telefon aparatlarının sayı 8 dəfə artaraq 5300-ə çatdırılmış, elektron tipli 12 avtomat telefon stansiyası quraşdırılmışdır.

Rayonda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Burada fəaliyyət göstərən 38 ümumtəhsil məktəbində 10 min 697 şagird təhsil alır. Ümumtəhsil məktəblərində çalışan müəllim kontingentinin sayı 1978-ci illə müqyisədə 2008-ci ildə 2,5 dəfə artaraq 1510-a çatmışdır. Rayonda ali təhsillilərin sayı 1978-ci illə müqayisədə 2008-ci ildə 2 dəfə artaraq 4351 nəfər təşkil etmişdır. Bu gün Babək rayonunda 32 klub və mədəniyyət evi, 2 muzey, 41 kitabxana fəaliyyət göstərir. Əhalinin sağlamlığını mühafizə etmək üçün rayon ərazisində mövcud 1 mərkəzi xəstəxana, 2 kənd sahə xəstəxanası, 1 doğum evi, 16 həkim ambulatoriyası, 18 feldşer-mama məntəqəsi və 1 gigiyena epidemiologiya mərkəzində 54 həkim, 376 orta tibb işçisi çalışır.

Həyata keçirilən infrasturktur tədbirləri, ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması, əhali məşğulluğu və məskunlaşma sahəsində görülən işlər demoqrafik vəziyyətə də öz təsrini göstərmiş, 30 ildə Babək rayonunun əhalisi 2,6 dəfə artaraq 69 min nəfərə çatmışdır.

Ümummilli lider Heydər Əliyevin quruculuq xəttini müasir şəraitdə davam və inkişaf etdirən ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu siyasət Babək rayonunun sosial-iqtisadi inkişafında da özünü qabarıq şəkildə göstərməkdədir. Ölkə rəhbərinin himayəsi ilə bu rayonda tikilib istifadəyə verilən Naxçıvan Modul Elektrik Stansiyası, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası həyati vacib obyektlərdir.

Bu gün Babək rayonunun sosial mənzərəsi əsaslı şəkildə dəyişilmiş, əhalinin həyat səviyyəsi və rifah halı yaxşılaşmış, kəndlərdə yeni yaraşıqlı fərdi mənzillər ucaldılmışdır. Tikinti-quruculuq tədbirləri muxtar respublikanın digər rayonlarında olduğu kimi, Babək rayonunda da prioritet sahəyə çevirilmişdir. 2008-ci ilin 5 ayında 4 inzibati bina, 1 səhiyyə obyekti istifadəyə verilmiş, 4 inzibati, 3 təhsil, 3 səhiyyə, 4 mədəniyyət, 2 idman, 9 istehsal və xidmət obyektində isə tikinti işləri davam etdirilir.

Qərara alınsın:

1.Naxçıvan Muxtar Respubliksının sosial-iqtisadi inkişafındakı rolunu nəzərə alaraq Babək rayonunun 30 illiyinin keçirilməsinə aid Tədbirlər Planı təsdiq edilsin.

2.Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 07 iyun 2008-ci il

№ 160-03/S