Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin

130 illik yubileyinin keçirilməsi haqqında

2011-ci ildə Azərbaycanın görkəmli dövlət xadimi və diplomat Behbud ağa Əliağa oğlu Şahtaxtinskinin anadan olmasının 130 illiyi tamam olur.
Azərbaycanın ictimai-siyasi həyatında, diplomatiya və dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan Behbud ağa Şahtaxtinski gənc yaşlarından ictimai fəaliyyətə başlamış, 1905-1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. İctimai-siyasi baxışları 20-ci əsrin əvvəllərində Azərbaycan mühitində cərəyan edən proseslərin, eyni zamanda mürəkkəb tarixi şəraitin təsiri altında formalaşan Behbud ağa Şahtaxtinski bir müddət jurnalist və publisist kimi fəaliyyət göstərmiş, mətbuatda xalqı narahat edən problemlərə toxunmuş, onların ictimai müzakirəsinə nail olmağa çalışmışdır.

Azərbaycanda sovet quruluşu formalaşandan sonra hökumət sədrinin müavini, xalq ədliyyə komissarı, Naxçıvan Xalq Komissarları Sovetinin sədri, Azərbaycan Xalq Fəhlə-Kəndli Müfəttişliyinin komissarı olan Behbud ağa Şahtaxtinski hansı vəzifədə işləməsindən asılı olmayaraq öz prinsiplərinə sadiq qalmış, milli mənafelər uğrunda çalışmış, Azərbaycanın taleyi ilə bağlı məsələlərdə əsl vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir.

Bu mövqe Behbud ağa Şahtaxtinskinin diplomatik fəaliyyətində də özünü qabarıq şəkildə göstərir. Azərbaycanın düşdüyü mürəkkəb geosiyasi şərait, onun maraqlarının qorunmasının vacibliyi Behbud ağa Şahtaxtinskinin diplomatik fəaliyyətini şərtləndirən mühüm amil olmuşdur.

1918-1921-ci illərdə ermənilərin Azərbaycana, o cümlədən Naxçıvana dair əsassız ərazi iddialarının aradan qaldırılmasına çalışan Behbud ağa Şahtaxtinski Rusiya hökumətinin rəhbərliyinə ünvanladığı məktubda Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ mahallarının gələcəyi ilə bağlı narahatlığını ifadə etmiş, Naxçıvan bölgəsinə aid konkret təkliflər vermişdir. Uzun sürən müzakirələrdən sonra bu təkiliflər nəzərə alınmış, Rusiya ilə Türkiyə arasında Moskvada aparılan danışıqlarda Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi iştirak edən Behbud ağa Şahtaxtincki 1921-ci ilin martında Moskva və həmin ilin oktyarbrında imzalanmış Qars müqavilələrində Naxçıvanın muxtariyyət statusunun həllinə nail olmuşdur. O zaman Naxçıvanın muxtariyyət statusunun ilk dəfə beynəlxalq müqavilədə təsbit olunması Behbud ağa Şahtaxtinskinin diplomatik və Azərbaycan dövlətçiliyinə sədaqətli xidmətinin nailiyyəti idi.

Behbud ağa Şahtaxtinskinin xalqımız qarşısında xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.

2. “Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                        VASİF TALIBOV
Naxçıvan şəhəri, 21 fevral 2011-ci il.